Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi

26 Fevral, 2026 - 13:34
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi

Yollar uzun, qarlı-dumanlı, təhlükəli. Bu dəfə bu yollar bizi ağ örpəyə bürünən, qədimliyin müasirliyə qovuşduğu Culfa rayonunun Ərəfsə kəndinə aparır. Dağlarının gözəlliyi göz oxşayır, çayının suları gümüş kimi parıldayır. Əlincə çayının sağ sahilində, rayon mərkəzindən 55 km şimalda yerləşən kəndin müasir tikili məktəbi isə hələ uzaqdan bizi cəlb edir. 

“Azərbaycan müəllimi”ni münbit torpağı, əlverişli iqlimi, bağlı-bağatlı meyvə bağları, dadlı bərəkətli tərəvəz bitkiləri, özünün nadir dərman otları, gül-çiçək ətirli balı ilə tanınan kəndə bu dəfə təhsilin işığı aparır.  

Dumanlı və qarlı bir gündə gəldiyimiz məktəbdə uşaqların səmimi və şən gülüşləri ürəyimizə istilik gətirir. Bir az sonra biləcəyik ki, şagirdlər həm də təhsildə də güclüdür. Bu isə ürəyimizin istisinə fərəh də qatacaq. 

Ərəfsə kənd tam orta məktəbi 2011-ci ildə inşa olunub, 2009 və 2013-cü illərdə isə yenidən təmir olunub. 11 sinif komplekti, 2 elektron lövhə, kitabxana, kompüter sinifi var. 265 yerlik məktəbdə 71 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. 

Bizi 20 ildir ki, bu təhsil ocağının direktoru olan Qənirə Rzayeva gülərüzlə qarşılayır.  Salamlaşan kimi deyir ki, şagirdlərin oxumağa marağı olduqca çoxdur: “Monitorinqlərdə şagirdlərin nəticələri yaxşıdır. İmtahanlarda nəticələr təhlil olunur və onlar zəif olduqları fənlər üzrə məşğələlərə cəlb olunurlar. Buraxılış imtahanı ilə bağlı məktəbdə hazırlıqlar başlayıb. 9-11-ci siniflərdə fərqlənmə attestatı ala biləcək şagirdlərimiz var. 10 nəfərdən hamısı ail məktəblərə sənəd verəcək”. 

Dağ kəndində, xüsusən də qışda qar yağanda şagirdlər məktəbə gəlməyə çətinlik çəksələr də, məktəbdə davamiyyət yüksəkdir. Elə Qənirə müəllim də deyir ki, çətinliklər olsa da, şagirdlər dərsdən qalmır: “Aşağı sinifdə olan uşaqları müəllimlər evlərinə qədər aparırlar. Ən yaxşı hal odur ki, istilik problemi yoxdur, kombi sisteminə keçmişik. Ucqar dağ kəndi olsa da, problemləri aradan qaldırmağa çalışıram, kollektiv olaraq məktəbin adı yaxşılar cərgəsində çəkilsin deyə səy göstəririk”.  

Kəndə uzaqdan gələn gənc müəllimlərin sayı da çoxdur. Yollar uzaq olsa da, müəllimlər hər gün gəlib-gedirlər. “Səmimi bir kollektivdə işləyirik”. Bunu 13 ildir Naxçıvan şəhərindən bura dərs deməyə gələn Ərəfsə kənd tam orta məktəbinin fizika müəllimi Asif Hacıyev deyir. O bu kəndə doğulub-böyüyüb, sonra şəhərə köçüb. Amma uşaqların öyrənmə istəyi, arzusu onu həm peşəyə, həm də yenidən bu kəndə cəlb edib: “Universiteti bitirən kimi kəndə dərs deməyə gəldim. Artıq təbiət fənləri bizim üçün yaşam tərzinə çevrilib. Həyatımızdakı hər bir şey fizikadır. Gündəlik tələbata uyğun olduğu üçün fənni uşaqlar sevir, maraqla öyrənirlər. Yeni metodlardan, texnikadan istifadə edərək laboratoriyada təcrübələri əyani şəkildə göstəmək imkanımız var. Hansı şagird məni çox istəyirsə, fənni oxumağa başlayır”. 

Məktəbə yeni təyinat alan və çəkinən gənc müəllimlərə isə tövsiyə edir ki, buradakı uşaqların oxumağa, öyrənməyə daha çox ehtiyacı var deyə, uzaq məsafəni görməməzlikdən gəlsinlər. 

Ərəfsə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Tərlan Nəcəfova düz 43 ildir ki, burada dərs deyir. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəlliminin şəhidlərlə bağlı 5 kitabı var. “Nuh yurdunun qəhrəmanları” adlı layihədə şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova ilə birlikdə kitablar yazırıq” deyir: “Orta məktəbdə oxuyandan mətbuatla əlaqəliyəm. Universitetə daxil olanda yüksək nəticə göstərdiyimə görə 1979-cu ildə Heydər Əliyevlə görüşən tələbələr sırasında mən də var idim. O vaxtdan seçdiyim sənətə, peşəyə həm hörmətim, həm də məhəbbətim var. Müəllim həyatın qurucusudur. Mən fəxr edirəm ki, biz burada gələcəyimizi yetişdiririk. Nə vaxtsa dərs dediyim şagirdin nailiyyətini görürəmsə, ömrümə yeni ömür calanır”. 

İndiki gənclərdə böyük irəliləyiş olduğunu deyir: “Fəaldırlar, hər şeyə can atırlar, yeniliyi öyrənməyə həvəslidirlər. Gənclərə tövsiyə  edirəm ki, keçmişi öyrənib, gələcəyə ümidlə baxsınlar”. 

Qeyd etdiyimiz kimi, məktəbin zəngin fondlu kitabxanası da var. Sevindirici hal isə budur ki, şagirdlər bu bədii kitabları istəklə oxuyur. Şagirdlərin internetə, telefona yönəldiyi bu dövrdə bəs bunu necə bacarırlar?. “Uşaqları həvəsləndirmək üçün daha çox kitab oxuyan uşaqlara kiçik hədiyyələr verirəm” - deyir məktəbinin kitabxana müdiri Kəmalə Musayeva. Əlavə edir ki, kitablara maraq aşağı siniflərdə daha çoxdur: “Onları kitabxanaya cəlb etmək üçün əsasən “oxumusunuzmu”, “mən oxudum, siz də oxuyun” başlığı altında tədbirlər təşkil edirəm. Uşaqlar gəlib tez-tez yeni kitablarla maraqlanırlar. Mən də onları yönləndirirəm, kitabları birlikdə müzakirə edirik. Hətta 1-ci siniflər də gəlib kitab oxuyurlar”. 

11-ci siniflərdə imtahana hazırlıq sürətlə gedir. Demək olar ki,  bütün şagirdlər ali məktəbə sənəd verəcək. Nanə Hacızadə isə həkim olmaq istəyir: “Bu il məktəb həyatını başa vurub, müstəqil həyata qədəm qoyuram. Mənim müstəqil həyatda ən böyük hədəflərimdən biri gələcəyin istedadlı, savadlı, insanların daim yanında olan, onlara əlindən gələn bütün köməyi edən bir həkim olmaqdır”. 

9-cu siniflərə yaxınlaşıb həmsöhbət oluruq. Çünki onlar üçün də məsuliyyətli bir ildir. Ərəfsə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi İsfəndiyar Nəcəfli riyaziyyat fənnini çox sevdiyini deyir: “Buraxılışa hazırlaşıram, evdə də vaxtımı dərslərə həsr edirəm. Gələcəkdə 2-ci qrup üzrə gömrük sahəsinə üzrə sənəd vermək istəyirəm”.

Sinif yoldaşı Şahin Əlizadə də riyaziyyata meyillidir. Ona görə 1-ci qrup üzrə hazırlaşır: “Dərslərimi yaxşı oxuyuram. İmtahanlara isə planlı şəkildə hazırlaşıram. Müəllimlərimiz və ailəmiz bizə dəstək olur”.  

İmtahan ərəfəsində isə onlara müəllimlərdən başqa dəstək olan biri də var. Söhbət Ərəfsə kənd tam orta məktəbinin psixoloqu Fuad Orucovdan gedir. Məktəbə hələ yeni, 2025-ci il dekabrın 1-də təyin olunub. Deyir ki, yaşayış yerinə yaxın olduğu üçün buranı seçib: “İlk gələndə şagirdlər haqqında məlumat topladım, elə uşaqlar var ki, onların psixoloji ləngimələri var. Bütün siniflərdə söhbətlər aparmışam. Düzdür, burada çətin tərbiyə olunan uşaq yoxdur. Amma bir az çətin tərbiyə olunan uşaqların valideynləri mənə yaxınlaşaraq, onlarla xüsusi maraqlanmağımı istəyirlər. Problemli uşaqlarla testlər keçirmişəm”. 

Müəllim və şagirdlərlə söhbətləşdikcə, doğrudan da görünür ki, təhsilə, oxumağa maraq olduqca çoxdur. Ucqar dağ kəndi olmağına, çətinliklərə baxmayaraq heç kim məktəbdən yayınmır, şagirdlər həvəslə dərslərini oxuyur, müəllimlər isə bütün səyləri ilə onlara yeni nələrsə öyrətməyə çalışır. 

Məktəbin pəncərəsindən açılan kənd mənzərəsində saf, səmimi, çalışqan kənd uşaqları gələcəklərinə hazırlaşır. 
Bizi bura gətirən yollar, bu dəfə geri qaytarır, həm də ümidli və fərəh dolu hisslərlə...

Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi
Qarlı yolların işığında: Ərəfsədə təhsilin isti nəfəsi