Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Strateji İnkişaf Planı hazırlayır
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2026–2030-cu illəri əhatə edəcək Strateji İnkişaf Planının (SİP) hazırlanması prosesinə start verilib.
Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzdən məlumat verilib. Bildirilib ki, plan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Seft Consulting” MMC arasında bağlanan müqaviləyə əsasən icra olunur.
Bu çərçivədə tərəflər arasında bir sıra onlayn görüşlər artıq keçirilib və strateji planlaşdırma prosesinin mərhələləri müəyyənləşdirilib. Hazırlıq mərhələsi üzrə fokus qruplar arasında sorğular təşkil olunub. Həmçinin Mərkəz tərəfindən son 5 ili əhatə edən statistik göstəricilər, fəaliyyət istiqamətləri üzrə fərqləndirici xüsusiyyətlər, institusional dəyərlər və GİZT (SWOT) analizi tərəfdaş şirkətə təqdim edilib.
Mərkəzin əməkdaşlıq etdiyi müəssisələrlə və işəgötürənlərlə də onlayn görüşlər baş tutub. Bu görüşlər strateji hədəflərin daha real, ölçüləbilən və əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilməsinə xidmət edəcək.
Növbəti mərhələdə “Seft Consulting” MMC əməkdaşlarının Mərkəzə səfəri planlaşdırılır. Səfər çərçivəsində yerində təhlillər aparılacaq, rəhbərlik və struktur bölmə əməkdaşları ilə görüşlər keçiriləcək.
Qeyd edək ki, 2025-ci ildən etibarən peşə təhsili müəssisələrində Strateji İnkişaf Planlarının hazırlanması istiqamətində fəaliyyətlərə başlanılıb. Strateji İnkişaf Planları peşə təhsili müəssisələrinə müstəqil inkişaf yollarını müəyyən etməyə, idarəetmədə səmərəliliyi artırmağa, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla büdcədənkənar maliyyə mənbələri formalaşdırmağa imkan yaradır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində hazırlanan 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planı müəssisənin institusional gücləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və əmək bazarı ilə daha sıx inteqrasiyanın təmin olunmasına yönələcək.



