Qəbələ Peşə Təhsil Mərkəzində ilk mentorluq proqramına seçim başlayıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ilk Tələbə Mentorluq Proqramı çərçivəsində seçim mərhələsi başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, tələbələrin peşəkar inkişafını dəstəkləmək və onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxmasına kömək etmək məqsədilə həyata keçirilən ilk Tələbə Mentorluq Proqramı çərçivəsində növbəti mərhələyə start verilib. Hazırda proqramda iştirak edəcək tələbələrin – mentilərin seçilməsi üçün müsahibə mərhələsi keçirilir.
Proqram çərçivəsində müxtəlif sahələri təmsil edən 15 mentor tələbələrə mentorluq dəstəyi göstərəcək. Mentorluq prosesində iştirak edəcək tələbələrimiz müsahibə mərhələsindən keçərək müəyyənləşdirilir və onların maraq dairələri ilə mentorların fəaliyyət istiqamətləri uyğunlaşdırılır.
Mentorluq proqramının əsas məqsədləri:
- tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək;
- real iş mühiti ilə tanışlığını artırmaq;
- karyera planlamasında istiqamət verməkdir.
Seçilmiş tələbələr:
- mentorlarla fərdi və qrup görüşlərində iştirak edəcək;
- praktiki bilik və təcrübə qazanacaq;
- peşə sahələri üzrə karyera inkişafı ilə bağlı tövsiyələr əldə edəcəklər.
Qeyd edək ki, Tələbə Mentorluq Proqramı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
Növbəti mərhələdə seçilmiş mentor və mentilər arasında əməkdaşlıq başlayacaq və tələbələrin karyera inkişafı davamlı şəkildə izlənəcək.



