Qəbələdə “Traktorçu-maşinist” kursunu bitirənlərə sertifikatlar təqdim olunub
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Traktorçu-maşinist” kursunu uğurla bitirən müdavimlərə sertifikatlar təqdim edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, mərkəzdə təşkil olunan qısamüddətli “Traktorçu-maşinist” peşəsi üzrə təlim proqramını uğurla tamamlayan 34 nəfər müdavimə dövlət nümunəli sertifikatlar verilib.
Təlimin əsas məqsədi iştirakçıların müasir kənd təsərrüfatı texnikasını idarə etmək bacarıqlarını artırmaq, texniki təhlükəsizlik qaydalarına riayət etməyi öyrətmək və onların praktik vərdişlərini inkişaf etdirmək olub.
Tədris müddətində müdavimlər traktor və digər kənd təsərrüfatı texnikasının idarə olunması, texnikanın quruluşu və texniki xidmət prinsipləri, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə geniş biliklər əldə ediblər. Təlimlər nəzəri və praktiki şəkildə, real iş şəraitinə uyğun formada təşkil olunub.
Qeyd edək ki, qısamüddətli peşə kursları əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına və vətəndaşların məşğulluq imkanlarının artırılmasına xidmət edir. Təlimi uğurla başa vuran müdavimlər əldə etdikləri bilik və bacarıqlarla əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.



