Qədir Daşdəmirov: Şagirdlərimin dərs marağını görmək mənə zövq verir
Qədir Daşdəmirov ehtiyatda olan zabit, qazidir. Artıq 3 ildir ki, həm də müəllimdir, məktəbinin, şagirdlərinin sevimli müəllimi. Vətən müharibəsində ağır yaralanaraq fiziki sağlamlığını itirdikdən sonra baş leytenant rütbəsində təqaüdə çıxıb və mənəvi sağlamlığı ilə vətənə xidmətə başlayıb, yəni müəllimliyə.
Müəllimlərinin ona qazandırdıqları
Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli məktəbdə hərbi rəhbər, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı, Vətən müharibəsi qazisi 1990-cı ildə Şəkidə anadan olub. 1997-2008-ci illərdə Şəki şəhər 19 nömrəli tam orta məktəbdə oxuyub. Məktəb illərində ən çox tarix fənnini sevib. Tarix fənni üzrə olimpiadalara qatılaraq rayon səviyyəsində birinciliklər əldə edib. Bütün müəllimlərini sevib, onların sevimlisi olub: “Müəllimlərimin qayğısını həmişə hiss etmişəm. Hətta indi belə həyatda olan müəllimlərimə baş çəkirəm, hər biri ilə əlaqə saxlayıram. Onlar da mənim çətin anlarımda yanımda olurlar. Müəllimlərimin mənə qazandırdıqları - savad, dünyagörüşü, biliyin nəticəsini həyatım boyu görmüşəm. Məhz onların mənə qazandırdıqları sayəsində həyatda keçdiyim hər proses, girdiyim bütün imtahanlardan uğurla çıxmışam. Məktəb illərində əldə etdiyim təhsil bazası hesabına həyatda nailiyyətlər əldə etmişəm”..jpg)
Məktəb illərində ən sevimli müəllimi Tarix müəllimi İradə Məmmədova olub: “Heç unutmuram, İradə müəllim mənə həmişə deyirdi ki, vaxt gələcək tarix yazan oğullardan olacaqsan”.
Yaxşı müəllim odur ki…
Məktəbi bitirib Bakı Dövlət Universitetinə qəbul olunub. Universitet müəllimlərinin də həyatına toxunuşları, dünyagörüşünə qatqılarını unutmayıb: “Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil aldığım 2008-2012-ci illərdə həyatıma toxunan müəllimlərim olub. Mənəvi dünyamın, təfəkkürümün formalaşmasında, öz həyat yolumu seçməyimdə onların böyük rolu var. Məsələn, informasiya menecmenti fənnindən bizə dərs deyən Rəşad Qardaşov deyirdi ki, yaxşı müəllim odur ki, tələbəsi ondan daha yaxşı olsun. Rövşən müəllim bizi həm də insanlara, xalqımıza faydalı şəxsiyyət kimi formalaşmaq istiqamətində motivasiya edirdi. Bu istiqamət, ümumiyyətlə, məndə iz buraxıb. Çox fikirləşirdim bu barədə. Millətimə, dövlətimə necə xidmət edəcəyimin yollarını düşünürdüm. Hərbi xidmətə gedəndən sonra bu yol barədə qərar vermək çətin olmadı. Həqiqi hərbi qulluqdan sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit hazırlıq kursunu bitirərək zabit kimi xidmətimi davam etdirdim”.
Vətənə xidmət edirəm!
Hərbçi Qədir Daşdəmirov Aprel döyüşlərini belə xatırlayır: “Mən onda hərbi hava qüvvələrində xidmət edirdim. Birbaş düşmənlə təmasda olmasam da, xidmət etdiyim ordunun zabiti kimi prosesin tam ortasında hiss edirdim özümü”.
Düşmənlə üz-üzə gəlmək üçün əlinə 44 günlük Vətən müharibəsində fürsət keçib. O da bir zabit kimi dəstəsini götürüb döyüş meydanına girib: “Müharibə dövründə müəllimimin dediyi söz tez-tez yadıma düşürdü. Mən tarix yazan oğullardan olacağam! Torpaqlarımız işğaldan azad olundu və bu tarixi hadisənin bir parçası, torpaqları azad edən güclü ordunun bir zabiti oldum. Qubadlı-Füzuli istiqamətində gedən döyüşlərdə Füzulidə 2020-ci il sentyabrın 29-da başımdan və gözümdən yaralandım”.
Bir il ərzində Türkiyə və Azərbaycanda 8-ə yaxın əməliyyat keçirən Qədir müəllim bu savaşdan güclənərək çıxıb. Hərbi şücaətinə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin işğaldan azad edilməsinə görə”, “Qubadlının işğaldan azad edilməsinə görə” medalları ilə təltif edilib. Sırada psixoloji savaşdan güclənərək çıxan iradəsinin, cəsarətinin, mənəvi gücünün mükafatı vardı.
Q.Daşdəmirovun II qrup əlillik təyin olunub ordu sıralarından ehtiyata buraxılandan sonra başlayan yeni yol axtarışları zamanı dadına yenə müəllimləri çatıb. Vaxtilə müəllimlərinin dediyi yaxşı müəllimin tərifi düşüncələrində canlanıb, hələ də qulaqlarında səslənən sözlər beynində qərara çevrilib. O da yaxşı müəllim olacaq: “Sağlamlığım hərbi xidməti davam etdirməyə imkan vermədiyi üçün təqaüdə çıxdım. Psixoloji cəhətdən güclü insanam, özümü qısa müddətdə topladım və fikirləşdim ki, bu, həyatın sonu deyil. Sağlamlığımı itirə bilərəm, amma millətə xidmət etməyin yolu, sadəcə hərbi xidmətdən keçmir. Xidmətdə ən fədakar yollardan, millətin gələcəyinə təsir etməyin ən qısa üsullarından biri, hətta birincisi müəllimlikdir. Mənim və mənim nəslimin gənclik illərimiz ağrılı-acılı, torpaq həsrətli, yurd nisgilli illərə təsadüf edib. İstəyirəm ki, yeni nəsillərimiz bir daha bu taleyi yaşamasınlar. Şanlı tariximizin bir parçası olaraq gördüklərimi, bildiklərimi yeni nəslə anlatmaq, onları hərbi xidmətə bacardıqca hazırlıqlı göndərmək imkanı verən bir yol vardı, müəllimlik. İkinci dəfə özümə peşə seçərkən ən ideal olanı, müəllimliyi seçdim”.
“Şagirdlərim döyüş yolumdan tez-tez suallar verirlər”
“Müəllimlik peşəsini seçməyimdə ən böyük pay ehtiyatda olan zabit qardaşımındır”, - deyir Qədir müəllim. Onun dəstəyi ilə qərarını həyata keçirmək üçün yola çıxdı, imtahan verdi və çağırışaqədərki hazırlıq müəllimi olub.
2021-ci ilin oktyabr ayından müəllimlik fəaliyyətinə başlayıb: “Peşəmi sevirəm. Sağlamlığımı itirsəm də, məhz bu peşə sayəsində millətimə, dövlətimə ən layiqli şəkildə xidməti davam etdirmək imkanına malikəm. Mənəvi cəhətdən sağlam, fiziki cəhətdən güclü nəsil yetişdirmək prosesinə qoşularaq həm özümü daha faydalı hiss edir, həm də millətimə, dövlətimə xidmətə davam edirəm”.
Onun özünü xoşbəxt hiss etməsində şagirdlərinin də çox böyük rolu var: “Şagirdlərimin heyran-heyran baxışlarını görürəm. Mənə döyüş yolumdan tez-tez suallar verirlər. Vətən müharibəsi iştirakçısı, qazi müəllim olaraq onlara dərs deməyimin fənnə qarşı nə qədər maraq oyatdığını görmək mənə zövq verir”.
Qədir müəllim şagirdlərinin fənninə olan marağının artmasından, ona heyranlıqlarından məharətlə istifadə edir: “Mən də onların sağlam ruhda tərbiyə olunmaları üçün dövlət səviyyəli hərbi yarışlara, hərbi oyunlara sövq edirəm. Məktəbdə işə başlayandan sonra “Şahin” hərbi-idman oyunlarında nailiyyətlər əldə etmişik. Bakı birincisi, ölkə ikincisi, üçüncüsü olmuşuq. Hərbi bilik yarışlarında şagirdlərimin ikincilikləri, birincilikləri var. Məktəb nəticələrini bu səviyyəyə çatdıra bilmişəm. Üstəlik, müşahidə edirəm ki, şagirdlərim vətənpərvər vətəndaş olaraq yetişir, həm də fiziki cəhətdən sağlam olurlar”.
Müəllimin ən anlamlı hədiyyəsi
Müəllimin ən böyük hədiyyəsi şagird nailiyyətləri, əməyinin müqabilində aldığı geridönüşlərdir. Müəllimə olan sevgi, əsasən, fənnə sevgi ilə, bəzən bir söz, bir jest, bəzən isə bir açıqca olaraq ona çata bilər. O anı təsəvvür edirsinizmi, müəllimin ürəyini qürurla, gözlərini yaşla dolduran o anı Qədir müəllim çox yaşayıb. Məsələn, adi günlərin birində şagirdinin əlindəki şəklinin arxasına yazılan ürək sözlərinə sataşıb gözləri. Sinəsini qürurdan qabardıb, ürəyini kövrəldib, gözlərini yaşardan o anı qazi müəllim belə xatırlayır: “Şagirdlərimdən tez-tez hədiyyə alıram. Öz əl işlərindən mənim üçün maraqlı, sevgi dolu hədiyyələr hazırlayırlar. Həmin hədiyyələrdən birini qız şagirdimdən aldım. Rəsmimi çəkmişdi. Keçən il aldığım bu anlamlı hədiyyənin arxasında şagirdim yazırdı: “Müəllim, Sizə cansağlığı, uzun ömür və hər şeyin yaxşısını arzulayıram. Sizə vətən və xalq üçün mübarizə apardığınıza görə ayrıca təşəkkür etmək istəyirəm. Sizin bu cür çətinliklərdən necə keçdiyinizə heyranam. Bizə çağırışaqədərki hazırlıq fənnini keçdiyinizə görə çox sağ olun. Mən məmnuniyyətlə Sizin dərslərinizi oxuyuram. Yaxşı ki, varsınız, yaxşı ki bizim müəllimimizsiniz”. Xüsusən bu sözləri oxuyanda kövrəldim, fərəhləndim. Düşündüm ki, deməli, məqsədimə nail olmuşam. Xalqımın övladlarının qəlbində özümə yer tuta bilmişəm”.
Qədir müəllim deyir şagirdlərinin qəlbindəki bu yeri həm də onlarla qurduğu əlaqə, qarşılıqlı münasibət sayəsində qazanıb: “Şagirdlərimlə daim maraqlanıram, çətinliklərini öyrənməyə, onlara dəstək olmağa çalışıram. Şagirdlərimə deyirəm ki, bu çətinliklərdən mən də keçmişəm. Ona görə də hər probleminizi mənə deyə bilərsiniz. Orduda xidmət etdiyim üçün yeniyetmə psixologiyasına da müəyyən dərəcədə bələdəm. Ona görə də hər sirlərini, sözlərini, dərdlərini mənə deyirlər. Mənimlə sərbəstdirlər. Dərsdəki şagird-müəllim münasibətləri dərs bitən kimi dostluğa, sirdaşlığa çevrilir. İstədikləri sualı verə, cavab ala bilirlər”.
Gəlin, ÇAĞIRIŞA qədər hazır olaq ki….jpeg)
Hərbçi kimi qazandıqları uğurların yanında 3 illik müəllimlik fəaliyyəti zamanı əldə etdiklərini müqayisə etməyə çalışırıq.
Deyir müəllimlikdəki nailiyyətləri hərbçi kimi əldə etdiyi uğurların davamı ola bilər. Və bu nailiyyətlər davam edəcək: “Gələcəyimiz naminə həm fiziki cəhətdən sağlam, həm mənəvi cəhətdən zəngin, həm də savadlı və dünyagörüşlü olmalıyıq. Şagirdlərimin bu istiqamətdə çabalarını görə bilirəm. Yarışlar, hərbi-idman oyunları hazırlıqları başlayanda bir-biri ilə yarışa girir, “Müəllim, məni seçin”, - deyə can atırlar. Onlarla hər gün söhbət aparıram, deyirəm, gəlin, pis vərdişlərə qurşanmayaq, düzgün bəslənək, yaxşı oxuyaq, millətimiz üçün, suveren ölkəmiz uğrunda savaşmağa hər an hazır olaq. Düşüncəm budur ki, müharibə istəməyən millət müharibəyə hazır olmalıdır. Şagirdlərimə də deyirəm ki, biz millətimizin bu acıları yenidən yaşamasını istəmiriksə, onun üçün, hər qarış torpağımız, hər dəyərimiz üçün savaşmağa hazır olmalıyıq”.


