Qərbi Kaspi Universitetində tələbələrdən niyə ödəniş tələb edilir? – Araşdırmalar başladı
Sosial media platformalarında Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan tələbələrdən ödəniş tələb edildiyi ilə bağlı iddialar səsləndirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, iddialara əsasən, universitetdə dövlət sifarişi əsasında (ödənişsiz) təhsil alan bəzi tələbələrə təhsil ödənişləri ilə bağlı “borc yarandığı” qeyd edilən mesajlar göndərilib. Həmin mesajlarda tələbələrdən müəyyən məbləğin ödənilməsi tələb olunduğu bildirilir. İddialara görə, ödəniş edilmədiyi halda tələbələrin imtahanlara buraxılmaması ilə bağlı xəbərdarlıqlar da yer alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir: "Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz".
Agentliyin açıqlamasında bildirilir ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır, sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib.
Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.



