Qırğızıstan məktəblərində müəllim çatışmazlığı var
Qırğızıstanda 2025–2026-cı tədris ilinin sonuna qədər məktəblərdə 640-dan çox müəllim çatışmazlığının olacağı gözlənilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Dogdurkul Kendirbayeva məlumat verib.
Nazirin sözlərinə görə, müəllim çatışmazlığı tədris prosesinin tam dayanması anlamına gəlmir. Boş qalan vəzifələr müvəqqəti əvəzləyicilər vasitəsilə doldurulur.
Bildirilib ki, ən ciddi kadr çatışmazlığı rusdilli məktəblərdə müşahidə olunur. Kendirbayeva qeyd edib ki, gələcək müəllimlər rusdilli ixtisaslara maraq göstərmədikləri üçün vəziyyət daha da çətinləşir. Bu səbəbdən Qırğızıstan Rusiyadan dəstək almağa çalışır.
Hazırda ölkədə “Xaricdə rus dili müəllimi” layihəsi çərçivəsində Rusiyadan gəlmiş 140 müəllim fəaliyyət göstərir. Lakin bu say mövcud tələbatı tam qarşılamaq üçün kifayət etmir.
Nazir çatışmazlığın aradan qaldırılması məqsədilə pedaqoji fakültələrdə təhsil alan tələbələrin təcrübəyə daha erkən cəlb edildiyini bildirib. Onun sözlərinə görə, ötən il Bişkekdə təhsil alan 400 tələbə müəllim çatışmazlığının qismən aradan qaldırılmasına kömək edib.
Dogdurkul Kendirbayeva həmçinin qeyd edib ki, müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılacaq.
Nazirin fikrincə, bu addım təhsil sektorunda işləməyə marağı artıracaq. Belə ki, Bişkekdə iş təcrübəsi olmayan yeni müəllimlərin aylıq əməkhaqqının təxminən 35 min som olması nəzərdə tutulur.
Qeyd olunub ki, əməkhaqlarının artırılması fonunda özəl məktəblərdə çalışan bəzi müəllimlər artıq dövlət təhsil müəssisələrinə qayıtmaq istədiklərini bildirirlər.



