Qrant ayrılmış bağçalarla bağlı maliyyə nəzarəti aparılacaq
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilmiş məktəbəqədər təhsil müəssisələrinə ayrılmış vəsaitin səmərəli istifadə olunması üçün müvafiq maliyyə nəzarəti aparılacaq. Bunu “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyinin (ETN) Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
Onun sözlərinə görə, qrant layihə çərçivəsində vəsait ayrılan özəl bağçalar üzərində nəzarət mexanizminin olması onların tədris keyfiyyətini və uşaqlara göstərilən xidmətin səviyyəsininin yüksəldilməsi məqsədi daşıyır. Bu nəzarət təyin edilmiş monitorinq qrupları tərəfindən müntəzəm şəkildə həyata keçiriləcək. Monitorinqlər zamanı bağçalarda məzmunun tədris proqramlarına uyğun təşkil edilməsi, sanitar-gigiyenik tələblərə riayət olunma, müəllim heyətinin peşəkarlıq səviyyəsi və qrant layihəsi məqsədlərinə uyğun fəaliyyət göstərmə kimi meyarlar yoxlanacaq. ETN nəzarət mexanizmi vasitəsilə layihənin effektivliyini və uşaqların yüksək keyfiyyətli məktəbəqədər təhsil almasını təmin edəcək.


