Raketin susdurduğu səslər, yenidən qurulan məktəb
Bir vaxtlar raket səsinin yarımçıq qoyduğu məktəb yenidən qurulub. Təhsil ocağının dəhlizlərində tələsik addımlar, şagird gülüşləri, müəllim səsləri eşidilir.
Amma bəzi səslər yaddaşdan heç vaxt silinmir. 17 oktyabr 2020-ci ilin gecəsi Gəncədə susan uşaq səsləri 29 nömrəli tam orta məktəbin yaddaşında faciəli tarix kimi qalıb. Həmin gecə məktəbin şagirdləri – Məryəm, Orxan, Artur və Nigarın eləcə də iki ay əvvəl təhsil ocağından məzun olmuş Ləmanın həyatları yarımçıq qaldı. İndi şəhid şagirdlərin oxuduğu siniflərdə başqa uşaqlar oturur, amma məktəb onların adlarını, arzularını və yarımçıq qalan hekayələrini unutmur.
“O gecə yuxudan qorxu içində oyandıq”
2020-ci ilin oktyabrında , 44 günlük Vətən müharibəsinin getdiyi bir vaxtda şəhər bir neçə dəfə raket hücumuna məruz qaldı. Oktyabrın 16-dan 17-nə keçən gecə isə Gəncənin yaşayış məhəllələrindən birinə atılan raket çoxsaylı insanın həyatını yarımçıq qoydu.
Həmin gecənin şahidlərindən biri Gəncə şəhər 29 nömrəli tam orta məktəbin təşkilatçısı Vüsalə Məmmədovadır.Deyir ki, oktyabrın 16-dan 17-nə keçən gecə bütün Gəncə camaatı kimi o da oğlu ilə birlikdə yuxudan qorxu içində oyanıb: “44 günlük Vətən müharibəsinin getdiyi dövrdə xalqımız yatmırdı.Hamımız oyaq idik. Gurultunu eşidəndə təbii ki, bir-birimizə zəng edərək raketin şəhərin hansı istiqamətinə atıldığını öyrənməyə çalışırdıq. Sonra bildik ki, bizim məktəbin yaxınlığına raket zərbəsi endirilib. Hamımız vahimə içindəydik. Hər kəs ora getməyə, insanlara necə kömək edə biləcəyini düşünürdü”.
Həmin gecə 29 nömrəli tam orta nömrəli məktəbin şagirdləri də şəhid oldular. Onların arasında I sinif şagirdi Məryəm Qoşqar qızı Xəlilli, VI sinif şagirdi Orxan Qoşqar oğlu Xəlilli, onların anası Xatirə və dayıları qızı Ləman, VII sinif şagirdi Artur Vladimiroviç Mayakov, X sinif şagirdi Nigar Azər qızı Əsgərova vardı. Ləman isə iki ay əvvəl XI sinfi bitirmişdi.
“Bu uşaqlar mənim gözümün qarşısında böyüyüblər”
“Bu uşaqlar altı yaşından bizim məktəbə gəliblər. Mənim gözümün qarşısında böyüyüblər. Onlar haqqında danışmaq çox çətindir. Hər birinin məktəbdə keçirdiyi günlər, müəllimləri ilə münasibəti, xatirələri yaddaşımızda yaşayır”, - deyir Vüsalə Məmmədova.
Onun sözlərinə görə, şəhid şagirdlərin xatirəsi məktəbin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib: “Bu məktəbin tarixində həmin uşaqların hər birinin öz yeri var. Onların hər biri bizim üçün sadəcə bir şagird deyil, bu məktəbin bir parçasıdır. Biz müntəzəm olaraq müəllimlərlə, şagirdlərlə, valideynlərlə birlikdə onların məzarlarını ziyarət edirik. Şagirdlərimizə onların həyatından, arzularından, məktəb illərindən danışırıq. Şəhid balalarımızı bir vaxtlar bu məktəbin dəhlizlərində addımlayan, dərslərdə iştirak edən, dostları ilə gülən, arzuları olan uşaqlar kimi tanıtmağa çalışırıq.Məqsədimiz onların xatirəsini yaşatmaqdır”.
“Ad günüsü yas gününə çevrildi”
17 oktyabr gecəsinin ən ağır hekayələrindən biri Əsgərovlar ailəsinin yaşadığı həyətə düşən raketlə bağlıdır. Raket bir ailədən beş nəfərin həyatına son qoydu. Onların arasında 15 yaşlı Nigar Əsgərova da vardı.
Nigarın anası Südabə xanım bu gün həmin məktəbdə təsərrüfat işçisi kimi çalışır. O, hər gün qızının oxuduğu, arzularından danışdığı məktəbə gəlir. Nigarın 15 yaşı oktyabrın 17-də tamam olacaqdı. Ad gününü sinif yoldaşları ilə qeyd etmək üçün Gəncəyə gəlmişdi: “Həmin gün beş ailə üzvüm şəhid oldu. Onların içində mənim yeganə qızım Nigar da var idi. Səhərisi gün onun 15 yaşı tamam olacaqdı.Müharibəyə görə biz Şəmkirdə idik. Nigar isə üç sinif yoldaşı ilə ad gününü keçirmək üçün oktyabrın 16-da Gəncəyə gəlmişdi. Həmin gecə raket bizim həyətə düşdü və qızımın ad günü yas gününə çevrildi”.
Nigarla birlikdə babası Suliddin Əsgərov, dayısı Bəxtiyar Əsgərov, xalası Sevil Əsgərova və xalasının 11 aylıq körpəsi Narin də şəhid oldu.
Nigarın arzusu bağça müəllimi olmaq idi
Nigar X sinifdə oxuyurdu. Qarşıda onu uzun bir həyat yolu gözləyirdi. O, gələcəkdə bağça müəllimi olmaq istəyirdi. Amma Nigarın gələcəklə bağlı ən böyük arzularından biri də balaca bacısı kimi bildiyi xalası qızı Narinlə bağlı idi. Südabə xanım qızının Narinə olan sevgisini belə xatırlayır: “Nigar deyirdi ki, Narini öz bağçama qoyacağam. Özüm ona hədiyyələr gətirəcəyəm. Mən tək darıxmıram, artıq bacım var”.
“Raketin səsi hələ də qulağından çəkilməyib”
Həmin gecənin şahidlərindən biri də məktəbin XI sinif şagirdi Elşən Cəfərlidir. O zaman V sinifdə oxuyan Elşən bu gün həmin gecəni xatırlayarkən deyir ki, raketin səsi hələ də qulağından çəkilməyib: “Raket düşməzdən 2-3 dəqiqə əvvəl oyandım. Hərəkət edə bilmirdim, sadəcə tavana baxırdım. Raket düşəndən sonra səsi qulağımda təxminən beş dəqiqə getmədi. Dağıntılardan qalxan daşlar evin damına dəyirdi. Çox vahiməli hiss idi. Biz məhəlləyə çıxdıq. Hər şey toz-torpaq içində idi. Heç nə görmək olmurdu. Nəfəs almaq belə çətin idi. Təxminən 10 dəqiqədən sonra FHN əməkdaşları gəldilər və dağıntılar altında qalan insanları çıxarmağa başladılar”.
Dağıntıların yerində yeni məktəb
Raket zərbəsi məktəb binasına ciddi ziyan vurmuşdu. Təhsil müəssisəsi təmirə bağlandı, şagirdlər isə tədrislərini davam etdirmələri üçün müvəqqəti olaraq 18 nömrəli tam orta məktəbə köçürüldü.
2024-cü ilin fevralında 29 nömrəli tam orta məktəbin yenidən inşa edilmiş binası müəllim və şagirdlərin istifadəsinə verildi. Bu gün 960 şagird yerlik müasir məktəb binasında təhsil üçün bütün zəruri imkanlar yaradılıb. Burada fizika, kimya və biologiya laboratoriyaları, iki STEAM, eləcə də kompüter və müəllimlər, məktəbəhazırlıq otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı fəaliyyət göstərir. Məktəbdə 360 yerlik akt zalının olması da müxtəlif tədbirlərin və görüşlərin keçirilməsinə imkan yaradır.
Bir vaxtlar raket zərbəsindən ciddi zərər görən məktəbdə bu gün yenidən dərs gedir. Siniflərdə uşaqların səsi eşidilir, müəllimlər dərs keçir, laboratoriyalarda təcrübələr aparılır, kitabxanada kitab səhifələri çevrilir.
Həyat davam edir...




