Region universitetindən diqqətçəkən nəticə: MDU ölkə üzrə 6-cı oldu
Paytaxtdan kənarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi Azərbaycan ali təhsilində regional inkişafın mühüm göstəricilərindən biri hesab olunur. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin UI GreenMetric Sustainable University Rankings 2026 nəticələrinə əsasən ölkə üzrə 6-cı yerə yüksəlməsi xüsusi diqqət çəkir. MDU bununla Azərbaycanın ilk onluğunda yer alan və paytaxtdan kənarda fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olub.
Nəticələr sentyabrın 24-də Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings 2026 Results & Awards Ceremony” çərçivəsində açıqlanıb. Tədbirdə Mingəçevir Dövlət Universitetini rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Universitetin ölkə üzrə 6-cı mövqedə qərarlaşması MDU-da son illərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət, yaşıl kampus, enerji və su resurslarının səmərəli idarə olunması istiqamətində həyata keçirilən işlərin nəticəsi kimi qiymətləndirilir.
MDU-nun rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə bildirib ki, bu nəticə region universitetlərinin də beynəlxalq meyarlar üzrə rəqabətədavamlı mövqeyə yüksələ bildiyini göstərir:
“Region universiteti olaraq Azərbaycanın ən dayanıqlı ali təhsil müəssisələri sırasında 6-cı yerdə qərarlaşmağımız bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz dayanıqlı inkişafı yalnız reytinq göstəricisi kimi deyil, universitetin idarəetmə modelinin, tədris və tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edirik. Məqsədimiz Mingəçevir Dövlət Universitetini yerləşdiyi regionun sosial, iqtisadi və ekoloji inkişafına real töhfə verən universitet modelinə çevirməkdir”.
Rektor qeyd edib ki, Mingəçevirin ölkənin mühüm sənaye və enerji mərkəzlərindən biri olması universitet üçün dayanıqlılıq istiqamətində əlavə imkanlar yaradır. Enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların idarə olunması, yaşıl kampus, ekoloji maarifləndirmə və bu istiqamətlər üzrə elmi tədqiqatlar universitetin prioritet fəaliyyət sahələri sırasında yer alır.
Anar Eminovun sözlərinə görə, region universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi ölkə ali təhsilinin balanslı inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır:
“Biz regionda yerləşməyi məhdudiyyət kimi deyil, üstünlük və məsuliyyət kimi görürük. Universitetin inkişafı yalnız kampus daxilində deyil, şəhərdə və bütövlükdə regionda hiss olunmalıdır. Region universitetlərinin beynəlxalq reytinqlərdə görünürlüğünün artması Azərbaycan ali təhsilinin coğrafi baxımdan daha balanslı inkişafına xidmət edir”.
Qeyd edək ki, Azərbaycan ilk dəfə UI GreenMetric nəticələrinin elan olunması və mükafatlandırma mərasiminə ev sahibliyi edir. 23–25 sentyabr tarixlərini əhatə edən beynəlxalq tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər və dayanıqlılıq üzrə ekspertlər iştirak edir. Proqram çərçivəsində yaşıl kampus, iqlim məsuliyyəti, su və enerji resurslarının idarə olunması, rəqəmsal dayanıqlılıq və ali təhsildə davamlı inkişaf mövzularında müzakirələr aparılır.
Mingəçevir Dövlət Universitetinin ölkə üzrə 6-cı yerə yüksəlməsi isə region universitetlərinin dayanıqlı inkişaf gündəliyində daha fəal mövqe tutmasının və beynəlxalq ali təhsil məkanında görünürlüğünün artmasının növbəti nümunəsi kimi diqqət çəkir.




