Regionda müəllim və tələbələr üçün güzəşt imkanları genişləndiriləcək

19 Mart, 2026 - 10:29
Regionda müəllim və tələbələr üçün güzəşt imkanları genişləndiriləcək

Regionlarda yaşayan müəllim və tələbələrin "TəhsilPlus" və "TələbəPlus" kartlarından daha geniş və məqsədyönlü faydalanması üçün yeni mexanizmlər üzərində iş aparılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Təhsil TV-nin efirində yayımlanan "Özəl müsahibə"nin qonağı olarkən məlumat verib.

O bildirib ki, həm ali, həm peşə, həm də orta təhsil müəssisələrinin böyük hissəsinin regionlarda yerləşdiyini nəzərə alaraq, bu ərazilərdə yaşayanlar üçün daha əlverişli imkanların yaradılması planlaşdırılır: "Bunun üzərində xüsusi tədqiqatlar aparmışıq ki, daha yaxşı nə təqdim edə bilərik. Məsələn, ictimai nəqliyyat daha çox Bakı ilə bağlı məsələdir. Amma biz çalışırıq ki, regionlarda da müəllim və tələbələrimiz üçün daha çox faydalı mexanizmlər tətbiq edək. Xüsusilə ucqar ərazilərdə yaşayan müəllimlərimizin "TəhsilPlus" kartından daha çox fayda əldə etməsi üçün müxtəlif yanaşmalar üzərində düşünürük".

Nicat Məmmədli vurğulayıb ki, regionlarda fəaliyyət göstərən özəl tərəfdaşların layihəyə daha fəal cəlb olunması və mövcud şəbəkənin genişləndirilməsi də əsas hədəflər sırasındadır.