Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?
Hazırda müəllimlər də daxil olmaqla ipoteka kreditindən faydalanan güzəştli kateqoriyaların sayı 19-a çatıb.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Qeyd edilib ki, hazırda güzəştli kateqoriyaya aid olan müəllimlər aşağıdakı tələblərə cavab verməlidir:
- Dövlət ümumtəhsil müəssisəsində ən azı 3 il müddətində müəllim işləməlidir və eyni zamanda gənc ailənin üzvü olmalıdır;
- Dövlət ümumtəhsil müəssisəsində ən azı 15 il müəllim işləməlidir. Bu kateqoriya üzrə isə gənc ailənin üzvü olmaq tələbi yoxdur.
Bildirilib ki, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin 22%-i regionların payına düşür:
Kateqoriyadan asılı olmayaraq ipoteka kreditlərinə əlçatanlığın artırılması məqsədilə borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi zamanı paytaxt və regionlar arasında gəlir səviyyəsi və yaşayış xərcləri üzrə fərqlər də nəzərə alınır. Müraciət edən şəxslərin ailə üzvlərinin saxlanması xərclərinin hesablanması zamanı regionlarda paytaxtla müqayisədə daha aşağı əmsallar tətbiq olunur.
Belə ki, kreditlərin təhlili zamanı ailə üzvlərinin saxlanması xərcləri üzrə minimal tələb Bakı, Sumqayıt və Xırdalan şəhərləri, o cümlədən Abşeron rayonununda ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğinin 50 faizi həcmində, regionlarda isə 25 faizi həcmində nəzərə alınır.
Qeyd edək ki, 2025-ci il üzrə isə bu göstərici 285 manat məbləğində müəyyən olunub.



