Regionlarda sentyabr konfransları davam edir
Bölgələrdə Regional Təhsil İdarələri üzrə təhsil işçilərinin sentyabr konfransları davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Lənkəran-Astara, Quba-Xaçmaz, Şərqi Zəngəzur regional təhsil idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə yeni 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransları keçirilib.
Konfranslar Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonları, eləcə də Quba-Xaçmaz və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə təşkil olunub. Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, regional təhsil idarələrinin rəhbərliyi, rayon və şəhər təhsil sektorlarının müdirləri və əməkdaşları, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, metodistlər və qabaqcıl müəllimlər iştirak ediblər.
Regional təhsil idarələrinin rəhbərliyi tərəfindən ötən tədris ili ərzində təhsil sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğu vurğulanıb.
Çıxışlarda tədrisin keyfiyyətinin artırılması, müasir təlim metodlarından səmərəli istifadə, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, tərbiyə işinin düzgün təşkili, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Konfranslarda həmçinin rayon və şəhər təhsil sektorlarının rəhbərləri tərəfindən 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabatlar təqdim edilib. Hesabatlarda ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, şagird nailiyyətləri, qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud problemlər və onların səbəbləri ətraflı təhlil olunub.
Hesabatlar zamanı məktəblərin özünüqiymətləndirməsi, məktəb pasportlarının hazırlanması, SWOT təhlillərinin nəticələri, dərsdinləmələrin təşkili, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə aparılan məqsədyönlü işlər, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparılıb.Eyni zamanda, IV və VI siniflər üzrə keçirilmiş monitorinqlərin, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri əvvəlki tədris illəri ilə müqayisəli şəkildə təqdim olunub. Təhsil nəticələrinin inkişaf dinamikası, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsildə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəriciləri də diqqətə çatdırılıb.Aparılan təhlillər əsasında yeni tədris ili üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib. Aşağı nəticə göstərən məktəblərlə məqsədyönlü işin gücləndirilməsi, şagird nailiyyətlərinin davamlı izlənilməsi və yüksəldilməsi, davamiyyətin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi və məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilib.
Sentyabr konfranslarının müxtəlif fənlər və istiqamətlər üzrə panel müzakirələrində müəllimlər və məktəb rəhbərləri bir araya gələrək ötən tədris ilinin nəticələrini təhlil ediblər, yeni tədris ilində qarşıda duran hədəflərlə bağlı fikir mübadiləsi aparıblar.




