Rektor: Beynəlxalq olimpiada regionda qlobal kompetensiyaların inkişafına xidmət edir

2 Mart, 2026 - 09:58
Rektor: Beynəlxalq olimpiada regionda qlobal kompetensiyaların inkişafına xidmət edir

“Mingəçevir Dövlət Universitetində keçirilən Beynəlxalq İngilis dili Olimpiadası region üçün mühüm əhəmiyyət kəsb edən akademik platformadır”.

Bu fikirləri universitetin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, olimpiadada 100-dən çox Mingəçevir məktəblisi və universitet tələbəsi iştirak edir. Bu, region gənclərinin bilik və bacarıqlarının inkişafına göstərdiyi marağın real göstəricisidir. Onun sözlərinə görə, təşəbbüs universitetin 2026–2030-cu illəri əhatə edən inkişaf strategiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlik yeni institusional yanaşmaya tam uyğundur.

Anar Eminov vurğulayıb ki, universitetin əsas hədəfi regionda keyfiyyətli və inklüziv təhsil mühitinin formalaşdırılması, gənclərin qlobal kompetensiyalarının artırılması və onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasını təmin etməkdir. O bildirib ki, ilk dəfə olaraq regionda həm riyaziyyat, həm də ingilis dili üzrə biliklərin artırılmasına yönəlmiş olimpiada keçirilir. Riyaziyyat üzrə iki turun nəticələrinin artıq yekunlaşdığını və yaxın günlərdə yüksək nəticə göstərən iştirakçıların adlarının elan ediləcəyini diqqətə çatdırıb.

Rektorun sözlərinə görə, olimpiadanın birinci mərhələsi test üsulu ilə keçirilib, nəticələrə əsasən ikinci – danışıq (speaking) mərhələsinə keçid ediləcək və yekun nəticələr qaliblərin müəyyənləşdirilməsinə əsas verəcək.

Anar Eminov əlavə edib ki, yarışmanın məqsədi yalnız nəzəri biliklərin yoxlanılması deyil, məktəblilərin və tələbələrin praktik danışıq bacarıqlarının inkişafı, beynəlxalq standartlara uyğun ünsiyyət kompetensiyalarının formalaşdırılmasıdır. Onun sözlərinə görə, ingilis dili bacarıqlarının gücləndirilməsi gənclərin gələcəkdə daha geniş iş imkanlarına çıxışını təmin edəcək, beynəlxalq təhsil və əmək bazarına inteqrasiyasını sürətləndirəcək.

Rektor qeyd edib ki, MDU-nun 2026–2030 strategiyası çərçivəsində bu tip akademik yarışmalar innovativ düşüncə, analitik bacarıq və qlobal rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir, eyni zamanda startap ekosisteminə çıxış və beynəlxalq layihələrdə iştirak üçün real zəmin yaradır.