Rektor: Qərbi Azərbaycana qayıdış cəmiyyətin əsas milli ideyalarından birinə çevrilib

18 İyun, 2026 - 12:04
Rektor: Qərbi Azərbaycana qayıdış cəmiyyətin əsas milli ideyalarından birinə çevrilib

"Biz bu gün burada sadəcə tədbir iştirakçıları kimi deyil, tarixi yaddaşımızı yaşadan, milli kimliyimizi qoruyan və gələcək nəsillərə ötürən böyük bir ideyanın daşıyıcıları kimi toplaşmışıq". 

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ordubadda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. 

Rektor bildirib ki, burada təqdim olunacaq məruzələr, elmi tədqiqatlar, mədəni proqramlar və yaradıcı layihələr ümumi məqsədimizə – tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin maarifləndirilməsinə xidmət edəcək:

"Azərbaycan xalqının müasir tarixində yeni mərhələ yaradan Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu. Bu zəfər yalnız işğal altında olmuş torpaqlarımızın azad edilməsini təmin etmədi, eyni zamanda xalqımızın tarixi yaddaşında yaşayan bir çox məsələlərin daha geniş müstəvidə müzakirəsinə və həllinə yeni imkanlar yaratdı.
Məhz zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan cəmiyyətinin əsas milli ideyalarından birinə çevrildi. Çünki xalqımız yaxşı bilir ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir.
Bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın taleyi, onların hüquqlarının müdafiəsi və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlətimizin və cəmiyyətimizin prioritet istiqamətlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq prinsipləri və insan hüquqları çərçivəsində, sülh yolu ilə həyata keçirilməli olan tarixi məqsəddir.
Bu gün keçirilən III Respublika Konqres-Festivalı da məhz bu yeni reallıqlar fonunda milli yaddaşımızın möhkəmləndirilməsinə, Qərbi Azərbaycan irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Qərbi Azərbaycan mövzusu xalqımızın tarixi, mədəniyyəti və mənəvi irsinin ayrılmaz tərkib hissəsidir. Bu torpaqlarda əsrlərlə yaşamış soydaşlarımız zəngin maddi və mənəvi dəyərlər yaratmış, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermişlər.
Tarixin müxtəlif mərhələlərində soydaşlarımız doğma yurdlarından məcburi şəkildə köçürülsələr də, xalqımız heç zaman tarixi yaddaşını itirməmiş, ata-baba torpaqlarına bağlılığını qoruyub saxlayıb.
Qərbi Azərbaycana qayıdış ideyası hər şeydən əvvəl tarixi ədalətin bərpasına, milli-mədəni irsin qorunmasına və doğma yurdlara mənəvi bağlılığın yaşadılmasına xidmət edən humanist məqsəddir.
III Konqres-Festivalın əsas məqsədi də bu həqiqətləri daha geniş auditoriyaya çatdırmaq, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və irsi ilə bağlı elmi, ictimai və mədəni fəaliyyətləri bir araya gətirməkdir". 

Rektor bildirib ki,  gənclərin bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır:

"Çünki tarixi yaşadan və gələcəyə daşıyan məhz gənc nəsildir. Bu gün Naxçıvan Qərbi Azərbaycan mövzusunda ölkənin ən böyük elmi-mədəni tədbirlərindən birinə ev sahibliyi edir. Əvvəlki illərdə keçirilmiş konfranslar və elmi sessiyalar bu istiqamətdə mühüm elmi baza formalaşdırıb.
Ümumilikdə, “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı müxtəlif formatlarda 20 mindən artıq iştirakçını əhatə edib.
Bu il festival çərçivəsində 8 istiqamət üzrə panel iclasları və 35 bölmədə müzakirələr keçiriləcək. Respublikanın 62 elm və təhsil müəssisəsindən 382 əməkdaşın məruzəsi qəbul olunub.
Əminik ki, bu konqres-festival yeni təşəbbüslərin yaranmasına, faydalı müzakirələrin aparılmasına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək". 
Sonda bildirib ki, bu gün konqres-festivalın yeni nəşr olunmuş, 620 səhifədən ibarət materiallar toplusu da təqdim olunur.