Rektor: Son 5 ildə universitetdə 25 yeni ixtisas açılıb
“Son 5 ildə NDU-da 25 yeni ixtisas açılıb. Bu ixtisasların hər biri əmək bazarının tələblərinə uyğundur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu universitetin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, universitetdə yeni ixtisasların yaradılması zamanı yalnız bu günün deyil, gələcək əmək bazarının da ehtiyacları nəzərə alınır. Texnologiyanın və süni intellektin sürətli inkişafı ixtisasların əmək bazarındakı yerini dəyişdirdiyi üçün bu amil planlaşdırma prosesində əsas meyarlardan biri kimi qiymətləndirilir.
Rektor qeyd edib ki, yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların da məzmunu müasir çağırışlara uyğunlaşdırılaraq təkmilləşdirilir. Bu istiqamətdə universitet əmək bazarı nümayəndələri ilə geniş müzakirələr aparır.
Əmək bazarına uyğunluğun təmin edilməsi məqsədilə il ərzində 352 görüş keçirildiyini diqqətə çatdıran rektor bu görüşlərdə işəgötürənlərin və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alındığını vurğulayıb.



