Repetitorluq niyə bu qədər geniş vüsət alıb? - Nazir açıqladı

22 İyun, 2026 - 20:30
Repetitorluq niyə bu qədər geniş vüsət alıb? - Nazir açıqladı

"Repetitorluq tədris proqramına əlavə olaraq, valideynin öz vəsaiti hesabına övladı üçün əlavə dərs təşkil etməsidir. Bu, özlüyündə yaxşıdır, yoxsa pisdir? Məncə, burada problem yoxdur. İstənilən valideyn övladını skripka və ya piano dərsinə qoya bilər. Belə bir hüququ var. Eyni şəkildə, riyaziyyat, kimya və digər fənlər üzrə də övladına əlavə dərs keçirmək hüququndan yararlana bilər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.

Nazir bildirib ki, əgər repetitor həmin uşağa səhər növbəsində dərs deyən müəllimdirsə və günortadan sonra yenidən ona repetitorluq edirsə, burada problem var: "Problemlərdən biri etik problemdir, digəri isə məntiqsizlikdir. Müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, məktəbdə də öyrədə bilər. 
Repetitor və müəllim fərqli adam deyil, ikisi də eyni şəxsdir. Sinifdə öz şagirdinə dərs deyən müəllimin həmin şagirdə repetitorluq etməsi ciddi problemdir və belə olmamalıdır".

Emin Əmrullayev repetitorluğa tələbin niyə bu qədər böyük olduğu məsələsinə də toxunub: "Müəllim məktəbdə dərs deyir, şagird və ya valideyn bundan razı deyil və başqa bir müəllimin yanına getmək istəyirsə, bu ayrı mövzudur. Bu da problem ola bilər, amma fərqli bir problemdir. Bir məsələ də ondan ibarətdir ki, repetitorluq niyə bu qədər geniş vüsət alıb? Bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağın dəyərinə baxışında axtarmaq lazımdır".

Nazirin sözlərinə görə, bu gün hər bir şagirdin qarşısında bir məqsəd dayanır: o ya ali təhsil müəssisəsinə qəbul olmalıdır, ya da hesab edir ki, başqa yaxşı yolu yoxdur: "Uğurlu və uğursuz məzunu ali təhsilə qəbul müəyyən edir.
Ümumtəhsil müəssisələrini hər il təxminən 100 min məzun bitirir. Əvvəlki illərin məzunlarını da nəzərə alsaq, şərti olaraq 130-140 min gənc ali təhsil müəssisəsinə qəbul olmaq arzusundadırsa və cəmi 60 min yer varsa, on minlərlə gənc kənarda qalır. Bu da özlüyündə bir yarış yaradır ki, gedib əlavə hazırlıq keçsinlər".