Rəşad Xanlarov Beynəlxalq Gənclər Elmi Forumunda iştirak edib
67-ci London Beynəlxalq Gənclər Elmi Forumunun (LIYSF) açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətində (IBG ilə birlikdə) təşkil olunan tədbirdə Azərbaycanın Londondakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov iştirak edib.
1959-cu ildən keçirilən London Beynəlxalq Gənclər Elmi Forumu hər il dünyanın təxminən 90 ölkəsindən 16–21 yaş arasında olan 500-ə yaxın gənc alimi bir araya gətirir. İki həftə davam edən proqram çərçivəsində iştirakçılar mühazirələrdə, laboratoriya ziyarətlərində və müxtəlif mədəniyyətlərarası mübadilə tədbirlərində iştirak edirlər.
Tədbir zamanı Rəşad Xanlarov Azərbaycanın bu təşəbbüsdə gələcək iştirak imkanlarını müzakirə edib. O həmçinin beynəlxalq elm və təhsil ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrdən gələn iştirakçılar və nümayəndə heyətləri ilə görüşlər keçirib.




