Riyaziyyatdan qorxu yanlış təcrübənin nəticəsidir – MÜSAHİBƏ
Şərur şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Ləyaqət Əkbərovanın "Ümumtəhsil orta məktəblərində riyaziyyatın öyrədilməsinin metodikası və psixoloji əsasları" adlı elmi məqaləsi Azərbayan Elm Mərkəzi tərəfindən keçirilən elmi konfransda dinlənilib və universitetlərdə dərs vəsaiti kimi “ELMİ İŞ” Beynəlxalq elmi jurnalında çap olunub.
Bəs müəllimlik yalnız pedaqoji fəaliyyətlə bitirmi, elmi faəliyyətlə məşğul olmaq müəllimin təcrübəsinə nə qatır? “Azərbaycan müəllimi” bu sualların cavabını və eyni zamanda riyaziyyat fənninin asan öyrənmə üsullarını 16 illik pedaqoji faəliyyəti olan Ləyaqət Əkbərovadan soruşub.
Xüsusən də riyaziyyat, informatika fənnini tədris edən gənc müəllimlərə yol göstərəcək olan müsahibəni təqdim edirik.
– Ləyaqət müəllim, sizcə riyaziyyat niyə bir çox şagirdə çətin görünür?
– Mənim fikrimcə, bu tədrisin üsulu ilə əlaqədar ola bilər. Bəzən riyaziyyatın öyrədilmə üsulu uşaqların necə öyrənəcəyini düzgün anlamadığı bir şəkildə olur. Hər şagirdin qavraması müxtəlif olur. Daha çox elmi dildə izahlar, düsturlar onları yorur və anlaşıqlı olmur. Çətin göründüyü üçün zamanla öyrənmək istəyi azalır.
– Dərsin əvvəlində şagirdin mövzuya marağını oyatmaq üçün ilk olaraq nə edirsiniz?
– Dərsin əvvəlində şagirdin mövzuya marağını oyatmaq onun yaş və öyrənmə səviyyəsinə uyğun dəyişir, ancaq ümumi olaraq mütləq onu həyatda hər hansı bir hadisə ilə əlaqələndirirəm. Bəzən həmin mövzu ilə əlaqəli əyləncəli, düşündürücü suallar verməklə onların dərsə marağını artırıram və yeni dərsin izahına başlayıram.
– Sizcə, müəllimin riyaziyyatı sevdirməsi mümkündürmü, yoxsa bu anadangəlmə qabiliyyətdir?
– Əlbəttə ki, riyaziyyatı sevdirməsi mümkündür. Mən 16 illik təcrübəmdə dəfələrə "Riyaziyyat çətin deyilmiş", "Artıq riyaziyyata həvəsim artıb", "Riyaziyyatı daha sevərək oxuyuram" kimi cümlələri şagirdlərimdən eşitmişəm. Bu da ixtisasıma olan sevgimi daha da artırır. Müəllim o dərsi ürəklə, həvəslə keçsə şagirdində mütləq qəlbinə yol tapar.
– Yeni mövzuya başlayanda formuldan əvvəl nəyi izah etmək daha effektlidir?
– Yeni mövzuya başlamazdan əvvəl ən effektli üsullardan biri də əyani vəsaitlərdən istifadə etməklə şagirdin vizual öyrənməsini daha da səmərəli etmək olar. Məsələn, fəza fiqurlarını keçən zaman onların daha dəqiq maketlərini göstərməklə, hadisənin ehtimalı dərsində oyun zərini elə dərsdə şagirdlərin yanında atıb nəticəni hesablamaqla və s. Belə olduqda şagirdlərin başa düşərək, əyləncəli öyrənmələrini təmin etmək olur.
– Məsələn, faiz, kəsrlər və ya tənliklər mövzusunu şagirdlərə daha rahat anlatmaq üçün hansı gündəlik həyatdan nümunələrdən istifadə edirsiniz?
– Yeni mövzunu keçərkən mütləq çoxlu sual-cavab etməklə də dərsi elə dərsdə tam öyrətmək lazımdır. Məsələn mövzu faizdirsə, müasir həyatımızda faizlə bağlı maraqlı suallarla, kəsr dərsidirsə, şagird üçün daha anlaşıqlı suallarla, yaxudda teoremlələr keçirilirsə, onları kəşf edən alimlər haqqında əlavə tarixi məlumatlar vermək onların marağını daha da artırır. Məsələn, "Pifaqor" teoremi, "Viyet" teoremi, "Fales" teoremi bunlara nümunədir.
Əlavə olaraq ədədi silsilənin cəm düsturunu keçərkən "Riyaziyyatın kralı" adlandırılan Qaussun məktəb vaxtı qısa zamanda müəllimini belə heyrətə salan ilk 100 ədədin saniyələr içində necə tez toplaması sirrini, Misir üçbucağı və onun tez tapılması üsullarını, ümumiyyətlə demək olar ki, hər dərslə bağlı maraqlı, motivasiyaedici situasiyalar hər zaman şagirdlərdə öyrənməni artırır.
– Çətin mövzuları sadələşdirmək üçün özünüzün istifadə etdiyiniz xüsusi üsullar varmı?
– Çətin mövzuları izah edərkən mütləq kurikulumda olan hissələrə bölmək üsulundan istifadə edirəm. Nümunə olaraq deyə bilərəm ki, triqonometriya, funksiya, törəmə, inteqral və s. kimi mövzular adətən şagirdlərə çətin gəlir. Bəzən yeni dərsin izahına başlayanda qorxurlar, şikayətlənirlər ki, bu dərsi keçməyək.
Ancaq hissələrə bölməklə öyrətmək ən mükəmməl üsuldur. Bu zaman asan tapşırıqları dəfələrlə yazıb öyrənəndən sonra nisbətən çətin tipli tapşırıqları öyrətmək, qısaca sadədən mürəkkəbə doğru irəliləmək ən effektiv üsuldur.
– Bir mövzunu keçəndə onu dərhal tapşırıqla möhkəmləndirmək daha yaxşıdır, yoxsa bir az sonra?
– Hansı sinif üzrə hansı mövzu keçirilməsindən asılı olmayaraq dərhal tapşırıqlar etmək lazımdır ķi, yeni qazanılan bilik daimi biliyə çevrilsin. Mən mütləq lövhədə yeni mövzuya aid əlavə tapşırıqlar verirəm ki, yeni qayda şagird üçün artıq vərdişə çevrilsin. Sonra dərslikdəki tapşırıqları etmək onlar üçün artıq çətin olmayacaq. Özlərinə inamları da artacaq.
– Sizcə, dərsliyə kor-koranə əməl etmək doğrudur, yoxsa mövzuların yerini dəyişmək olar?
– Mənim fikrimcə, elə mövzular var ki, yerini dəyişmək olur. Buna misal olaraq, Vll sinif dərsliyində “Natural üstlü qüvvət” mövzusu keçiləndən sonra birhədlilərin keçirilməsi şagirdlərin ardıcıl öyrənməsinə daha çox kömək edir. Müasir dərslikdə bu iki mövzunun eyni dərs kimi verilməsi, bir dərsin içində verilən informasiya çoxluğu şagirdlərə çətin gəlir.
– Hansı mövzular mütləq bir-birindən sonra keçilməlidir?
– Riyaziyyatda, demək olar ki, bütün mövzular bir-birilə əlaqəlidir. Ancaq elə mövzular ki, mütləq ardıcıl keçirilməlidir. Məsələn, "Funksiya və qrafiklər" dərsindən sonra "Triqonometrik funksiyalar" bundan sonra "Funksiyanın törəməsi", daha sonra "İbtidai funksiya və İnteqral" mövzusu keçirilməlidir. Əlavə olaraq "Müstəvi fiqurları" keçmədən "Fəza fiqurlar" keçmək olmaz.
– Mövzunun əvvəlində əvvəlki bilikləri xatırlatmaq şagirdin qavramasına necə təsir edir?
– Mövzunun əvvəlində diaqnostik qiymətləndirmə aparmaq, sonra şagirdlərlə birlikdə əvvəlki bilikləri xatırlamaq öyrənmə effektivliyini artırır və uzunmüddətli yaddaşın inkişafına kömək edir.
Mövcud bilikləri yeni məlumatlarla əlaqələndirmək, əhatəli öyrənməni və mövzunun daha yaxşı başa düşülməsini təmin edir.
– Maraqlıdır, bəs riyaziyyatdan qorxan şagirdlərlə necə işləyirsiniz?
– Riyaziyyatdan qorxan, daha doğrusu riyazi narahatlıq yaşayan şagirdlərlə işləmək üçün həm psixoloji, həm də pedaqoji yanaşmaq vacibdir. Öncə şagirdə tapşırıqları rahatca yazması üçün dəstəkləyici mühit yaradıram. Bu bir təbəssüm, başına çəkilən hər sığal, “narahat olma, səhv etsən də birlikdə düzəldəcəyik”, “sən hələ öyrənirsən” kimi cümlələr və ən əsası uğur hissini tez-tez yaşatmaq qorxularını azaldır. Bu zaman qiymətləndirməni yumşaltmaq lazımdır. Sadə misalları yazanda yüksək qiymətləndirmə aparmaq şagirdin özünə olan inamını daha artırır. Riyaziyyatdan qorxu yanlış təcrübənin nəticəsidir. Doğru yanaşma ilə bu qorxunu inama və marağa çevirmək mümkündür.
– Doğrudur, bəs bir də şagird yenə də bacarmıram deyərsə, sizcə bunun qarşısını almaq üçün müəllim nə etməlidir?
– Şagirdin "bacarmıram" deməsi adətən özünə inamsızlıq və keçmiş uğursuz təcrübələrindən qaynaqlanır. Bu zaman kiçik uğurlar yaradıram. Bu, şagirddə özünə inamın əsasını qoyur. Onun bacardığı hissəni tez vurğulayıram. Sonra “gəl baxaq, görək hansı hissəsi sənə çətin gəlir?” Ən çox da şagirdi başqaları ilə yox, əvvəlki vəziyyəti ilə müqayisə edirəm. “Keçən ay bunu edə bilmirdin, indi artıq bacarırsan”kimi cümlələrlə motivasiya edirəm.
– Riyaziyyat dərslərində informatikadan istifadə şagirdin mövzunu anlamasına kömək edirmi?
– İnformatikanın riyaziyyatla əlaqələndirilməsi dərsləri daha interaktiv və anlaşılan edir. Riyaziyyatın bəzi mövzularını daha yaxşı başa düşmək üçün qrafiklər və vizual şəkillər daha çox kömək edir.
Məsələn, funksiyaların qrafiklərini, diaqramların qurulması, həndəsi fiqurların çəkilməsi nəzəri bilikləri daha yaxşı başa düşməyə kömək edir.
– Sadə proqramlar və ya qrafiklər riyaziyyat dərsini necə dəyişə bilər?
– Sadə proqramlar və ya qrafiklər riyaziyyat dərsini daha anlaşılan, maraqlı, effektiv edə bilər. Bu zaman mövzunun vizual izahı, öyrənməyə marağın artması, müstəqil düşünmənin inkişafına mühüm rol oynayır.
– Sizcə, müəllimlik yalnız dərs deməklə bitirmi? Elmi fəaliyyət müəllimin dərs metodikasına nə verir?
– Müəllimlik dərs deməklə bitmir. Müəllim hər şagirdin psixoloji vəziyyətini, biliklərini, maraqlarını nəzərə alır. Bu, fərdi yanaşmadır. Müəllim-valideyn-şagird üçbucağına düzgün nəzarət olunmalıdır. Elmi fəaliyyət müəllimin dərs metodikasını zənginləşdirir, yeniləyir, təcrübəsini artırır. Bu zaman müəllim mövzuları daha dərindən anlayır və şagirdlərə asan dillə izah edir. Elmi fəaliyyət müəllimi daim öz metodikasını təhlil etməyə, çatışmazlıqları müəyyənləşdirməyə, daha effektiv üsullar axtarmağa sövq edir.
– Elmi araşdırmalar sinifdə real olaraq necə tətbiq oluna bilər?
– Elmi araşdırmalar sinifdə sadə və yaşa uyğun üsullarla tətbiq oluna bilər. Məsələn, problem əsaslı öyrənmə, kiçik tətqiqat tapşırıqları, layihə əsaslı öyrənmə, müzakirə və nəticə çıxarmaq, müəllimin bələdçi rolu və s. şagirdlərdə elmi araşdırmanı formalaşmalaşdırır.
– Yeni başlayan riyaziyyat müəllimlərinə ən əsas tövsiyəniz nə olardı?
– Yeni başlayan riyaziyyat müəllimlərinə əsas tövsiyələrim mövzuları dərindən başa düşsünlər, çünki nəzəri və praktik cəhətdən başa düşmədikləri mövzunu şagirdlərə asan dillə izah etmək çətin olar. Mövzuları müasir həyatla əlaqələndirsinlər, riyaziyyatı həvəslə və sevgi ilə öyrətsinlər. Bu zaman şagirdin də marağı artar. Çünki şagirdlər sevmədiyi müəllimdən heç nə öyrənə bilməz.
– Dərs prosesində buraxılan ən böyük səhv sizcə hansıdır?
– Dərs prosesində buraxılan ən böyük səhv adətən şagirdin yaş və öyrənmə səviyyəsini nəzərə almamaqdır. Dərs prosesində şagirdin anladığını yoxlamamaq və dərsə aktiv şəkildə cəlb etməməkdir. Dərs yalnız müəllimin danışdığı və şagirdin passiv şəkildə dinlədiyi bir proses olarsa, diqqət azalır və öyrənmə zəifləyir. Şagird maraq göstərmirsə, öyrəndiyi bilik də uzun müddət yaddaşında qalmır.
– Riyaziyyatı sadə dildə izah etmək üçün müəllim nə etməlidir?
– Riyaziyyatı sadə dildə izah etmək üçün müəllim anlaşılmaz terminlərdən qaçmalı, dərsi mütləq həyatla əlaqələndirməli, vizual vasitələrdən istifadə etməli, mövzuları addım-addım, yəni asandan çətinə izah etməli, maraq oyadacaq suallar verməlidir.
Şagird səhv etsə, "baxaq, niyə belə oldu" deyərək ona səhvinin səbəbini izah etməlidir. Bu. həm motivasiyanı artır, həm də öyrənməni dərinləşdirir.
– Sizcə, ideal riyaziyyat dərsi necə olmalıdır – bir cümlə ilə desəniz?
– İdeal riyaziyyat dərsi mövzunun sadə dillə izah olunması və dərsin sonunda şagirdin gülümsəyərək "Müəllim dərsi başa düşdüm, asan imiş" -deməsidir.
– Bu gün müəllim olmaq istəyən gənclərə nə demək istərdiniz?
– Səbirli və həssas, öyrənməyə açıq olsunlar, dərslərinə əvvəlcədən hazır və planlı olsunlar, şagirdlərlə əlaqəni ön planda tutsunlar. Mütləq şagirdlərini tanısınlar, çünki çox zaman bir müəllim bir şagirdin həyatında ömürlük iz qoya bilir. Və daima özlərini inkişaf etdirsinlər.



