“Ruhdan düşməyin, oxuyun və nail olun” – Regionun RFO medalçıları 

21 May, 2026 - 11:20
“Ruhdan düşməyin, oxuyun və nail olun”

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri Respublika fənn olimpiadalarında uğurlu nəticələri ilə diqqət çəkiblər. Müxtəlif fənlər üzrə medal qazanan məktəblilər “Azərbaycan müəllimi”nə hazırlıq prosesindən, final mərhələsinin həyəcanından və gələcək hədəflərindən danışıblar.

“Suallar həm çətin, həm də düşündürücü idi”

Lənkəran rayon Teymur Zamanov adına Ürgə kənd tam orta məktəbinin IX sinif şagirdi Zeynəb Kazımzadə respublika fənn olimpiadasında biologiya üzrə gümüş medal qazanıb. O bildirib ki, olimpiadada iştirak etmək onun üçün böyük uğurdur:

“İndiyə qədər bir çox imtahanlarda iştirak etmişəm. Respublika fənn olimpiadasında gümüş medal qazanmışam, IX sinfin buraxılış imtahanında isə 254 bal toplamışam”.

Zeynəb qeyd edib ki, hazırlıq prosesi həm çətin, həm də maraqlı keçib, final mərhələsi atmosferinin onda xüsusi təəssürat yaratdığını bildirib: “Bu il həm də buraxılış imtahanına hazırlaşdığım üçün daha çətin idi. Hər gün məşğələyə və məktəbə gedib axşam saatlarında RFO-ya hazırlaşırdım. Bu yolda mənə həm əmim, həm də müəllimim Yaşar Kazımov dəstək oldu. Ondan aldığım biliklər hesabına belə nailiyyətlər qazandım. İmtahan binasına girdiyim an həyəcanım itdi. Suallar həm çətin, həm də düşündürücü idi. Düşünürəm ki, bir qədər də vaxt olsaydı, nəzəri turu daha yaxşı yaza bilərdim. Praktiki tur əvvəlcə məni qorxudurdu, amma gözlədiyim kimi olmadı”.

Zeynəb gələcəkdə yenidən olimpiadada iştirak edib qızıl medal qazanmaq istədiyini vurğulayıb: “Keçən il final mərhələsinə keçə bilməmişdim. Buna görə bu medal mənim üçün çox dəyərlidir. Digər şagirdlərə də tövsiyəm budur ki, əzmli olsunlar və motivasiyalarını heç vaxt itirməsinlər”.

“Olimpiadaya hazırlaşmaq üçün dərsliklərdən istifadə etmişəm”

Lənkəran rayon Bəlləbur kənd tam orta məktəbinin XI sinif şagirdi Ayan Kərəmova isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ikinci dəfə bürünc medal qazanıb. O bildirib ki, IX sinifdə buraxılış imtahanında 264 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb, cari ildə isə buraxılış imtahanından 274 bal toplayıb.

Ayan qeyd edib ki, bu yolda ailəsinin, məktəb kollektivinin və hazırlıq müəllimi Mehman Cavadovun dəstəyi böyük olub: “Olimpiadaya hazırlaşmaq üçün dərsliklərdən, internet mənbələrindən və əlavə materiallardan istifadə etmişəm. XI sinifdə olimpiadaya hazırlaşmaq kifayət qədər çətin olsa da, gün rejimimi düzgün quraraq çalışmışam. Bu yolda ən vacib məsələ gündəlik planı düzgün qurmaqdır”.

O gələcəkdə hüquq üzrə təhsil almaq istədiyini bildirib: “Hədəfim gələcəkdə vətənimə və millətimə layiqli bir insan olmaqdır. Olimpiadaya hazırlaşan uşaqlara demək istəyirəm ki, bu yol çətin olduğu qədər də gözəl və dəyərlidir. Qarşınıza çətinlik çıxanda qorxmayın və daha inamla mübarizə aparın”.

“Diqqətsizlik məni cəmi 2 balla qızıl medaldan ayırdı”

Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin VIII sinif şagirdi Sevda Bəhrəmzadə isə RFO-da coğrafiya fənni üzrə gümüş medal qazanıb. O bildirib ki, bu onun ilk böyük uğurudur: “Müəllimim məni çox yaxşı hazırlaşdırmışdı və hər bir sual tipinə hazır idim. Sadəcə ilk dəfə iştirak etdiyim üçün bir qədər təcrübəsiz və həyəcanlı idim. Diqqətsizlik məni cəmi 2 balla qızıl medaldan ayırdı”.

RFO prosesi onun üçün göründüyü qədər asan olmayıb: “Bu yolda zəhmətlə çalışmaq və müəllimim Cəbrayıl Ağazadənin göstərdiyi düzgün yol məni qalib etdi. Bu uğura görə müəllimimə və mənə hər zaman dəstək olan ailəmə təşəkkür edirəm”.

Gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını deyən medalçı hesab edir ki, qalib olmaq istəyən hər bir insan xəyallarının ardınca getməlidir. Qarşımda daha üç il var və uğurlarımın davamlı olacağına inanıram.

“Rəqabət çox güclü, suallar isə gözləniləndən daha fərqli idi”

Masallı rayon Ərkivan qəsəbə Z.Nəcəfov adına tam orta məktəbin X sinif şagirdi Hikmət Cəlallı respublika fənn olimpiadasında uğur qazanan məktəblilərdəndir. Hikmət  tarix fənni üzrə gümüş medal qazanıb. Finala hazırlıq dövrü onun üçün əsl zəhmət mərhələsi olub: “Xüsusilə son 40 günü çox ciddi və intensiv çalışmaqla keçirdim. Bu yolda məktəb müəllimim Şəhriyar müəllimin, Olimpiya hazırlıq müəllimlərim Mələk və Leyla müəllimin üzərimdə böyük əməyi var”.

Onun sözlərinə görə, final mərhələsi ona təkcə bilik deyil, həm də soyuqqanlılıq və intizam öyrədib: “Bu il rəqabət çox güclü idi, suallar isə gözləniləndən daha fərqli idi. O həyəcanlı atmosferdə olmaq mənə böyük təcrübə qazandırdı və öz üzərimdə daha çox işləməli olduğumu göstərdi”.

Hikmət gələcəkdə hüquqşünas olmaq istəyir: “Bu medalı valideynlərimin mənə göstərdiyi etimada kiçik təşəkkür kimi görürəm. Olimpiadaya hazırlaşan dostlarıma tövsiyəm odur ki, ruhdan düşməsinlər, oxumağı planlı şəkildə davam etdirsinlər və dünyagörüşlərini artırmağa çalışsınlar”.

“Məqsədim medal qazanmaq idi”

Astara rayonu Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli məktəb-liseyin IX sinif şagirdi Hikmət Abiyev isə fizika fənni üzrə gümüş medal qazanıb. O bildirib ki, elmə marağı ibtidai siniflərdən başlayıb: “Müxtəlif sınaq imtahanlarında iştirak edərək yüksək nəticələr əldə edirdim. VII sinifdə RFM-də fizika üzrə bürünc medal qazandım. VIII sinifdə RFO-da finala qədər yüksəlsəm də, qalib ola bilmədim. Əlavə olaraq, VIII və IX siniflərdə “Xarıbülbül” bilik yarışında I yerə layiq görüldüm. Həmçinin Lənkəran Dövlət Universitetinin təşkil etdiyi LFO-da fizika üzrə bürünc medal qazandım”.

Final mərhələsinə yüksəlmək onun məsuliyyətini daha da artırıb. O, hazırlıq   prosesində özünə qarşı daha tələbkar olduğunu deyib: “Məqsədinin medal qazanmaq idi. Final günü çox həyəcanlı keçdi. Məqsədə çatmaq lazım idi və mən bunu bacardım, gümüş medal qazandım”.

Hikmət qazandığı uğurda müəllim və valideynlərinin rolunu xüsusi qeyd edərək məktəbli dostlarına da tövsiyə verib: “Bu yolda mənə dəstək olan bütün müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Onların dəstəyi mənə böyük stimul verdi. Həmyaşıdlarıma demək istəyirəm ki, hər bir uğurun başlanğıcı uğursuzluqdan başlayır. Ruhdan düşməyin, oxuyun və nail olun”.