Azərbaycanlı tennisçinin adı “Ginnesin rekordlar kitabı”na düşdü

13 Aprel, 2026 - 16:45
Azərbaycanlı tennisçinin adı “Ginnesin rekordlar kitabı”na düşdü

Şabran rayonundan olan stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin tabeliyindəki Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş məşqçi-müəllimi Zakir Cavadovun yetirməsi olan Nihad Məmmədov stolüstü tennis topunu uzaq məsafədən oyuna daxil etmə üzrə qeydə alınan dünya rekordunu yeniləyib.

Qeyd edək ki, əvvəlki rekord türkiyəli idmançı Osman Gürcüyə məxsus olub və 16,70 metr təşkil edib. N. Məmmədov isə bu göstəricini 17 metrə çatdıraraq yeni dünya rekorduna imza atıb.

Onu da qeyd edək ki, Şabran Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis dərnəyinin 8 yetirməsi Azərbaycan yığma komandasının üzvüdür.