“Şagird özünü güvənli hiss edəndə öyrənmək daha asan olur” – Gənc müəllim
Region məktəblərində çalışan gənc müəllimlər bu gün təhsildə mühüm rol oynayır, şagirdlərin elmi müsabiqə və olimpiadalarda uğur qazanmasına töhfə verirlər. Bu müəllimlərdən biri də biologiya müəllimi Elnarə Yunislidir.
“Azərbaycan müəllimi” Şəmkir Kimya Biologiya təmayüllü liseyin gənc biologiya müəlliminin uğur hekayəsini bölüşüb.
Gerçəkliyə çevrilən arzu
Məktəb illərindən biologiya fənninə xüsusi maraq göstərən gənc müəllim 2015-ci ildə 544 balla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub. Qəbul zamanı ixtisas üzrə ən yüksək balın sahibi məhz o olub. 2019-cu ildə bakalavr pilləsini başa vuran Elnarə Yunisli həmin il magistraturaya qəbul olunaraq 105 balla yenə fakültə üzrə ən yüksək nəticəni göstərib. 2021-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.
Tələbəlik illərində baş verən bir hadisə isə onun gələcək müəllimlik yolunun maraqlı başlanğıc nöqtəsinə çevrilib. Magistraturaya yeni qəbul olunduğu dövrdə elmi rəhbəri Rövşən Xəlilov “Gələcəyin alimləri” müsabiqəsində iştirak edəcək iki şagirdə rəhbərlik edirdi. Elnarə Yunisli həmin şagirdlərlə görüşmək üçün Şəmkirə gəlir və onların təhsil aldığı məktəbin binası onda xüsusi təəssürat yaradır. Bir neçə il sonra isə taleyin maraqlı təsadüfi ilə həmin binaya bu dəfə müəllim kimi qayıdır.
“Açığı, çox qəribə və eyni zamanda qürurverici hiss idi. İllər əvvəl qurduğum bir arzu sakitcə gerçəyə çevrilmişdi”? - deyir gənc müəllim.
Hazırda o, 2023-cü ildən Şəmkir Kimya Biologiya təmayüllü liseydə biologiya müəllimi kimi fəaliyyət göstərir. Bu il keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 75 bal toplayaraq yüksək nəticə göstərib.
“Ən böyük çətinlik hər şagirdin fərqli temp və üsulla öyrənməsidir”
Elnarə müəllimin sözlərinə görə, region məktəblərində çalışmaq müəllim üçün həm üstünlüklər, həm də müəyyən çətinliklər yaradır: “Region məktəbində işləməyin ən böyük üstünlüyü səmimiyyətdir – həm şagirdlərlə, həm valideynlərlə münasibətlər daha doğma olur. Çətin tərəfi isə bəzən resursların məhdudluğu və imkanların şəhərlə müqayisədə az olmasıdır. Amma motivasiya olanda bu çətinliklər də aşılır”.
Gənc müəllim ötən ildən şagirdlərini Respublika fənn müsabiqələrinə (RFM) hazırlamağa başlayıb. İlk ildə bir sinif üzrə 9 şagirdlə hazırlıq aparılıb. Həmin şagirdlərin 6-sı yüksək bal toplayaraq final mərhələsinə yüksəlib, onlardan biri isə bürünc medal qazanıb. Maraqlıdır ki, rayon üzrə finala çıxan 11 şagirddən 10-u məhz liseyin payına düşüb və onların 6-sı Elnarə müəllimin sinfində oxuyan şagirdlər olub.
Bu il də o, şagirdlərini Respublika fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlamağa davam edir. Artıq ilk iki mərhələni uğurla keçən şagirdləri var.
Gənc müəllim uğurun sirrini belə izah edir: “Məncə, bunun sirri xüsusi bir metoddan çox, inam və düzgün istiqamətləndirmə idi. Şagirdlərə yalnız mövzunu öyrətməyə yox, düşünməyi, sual verməyi və özlərinə inanmağı aşılamağa çalışdım. Onlar da zəhmətin qarşılığını nəticə ilə göstərdilər”.
Onun fikrincə, müəllimlik peşəsində ən böyük çətinlik şagirdlərin fərqli öyrənmə tempinə uyğunlaşmaqdır: “Ən böyük çətinlik hər şagirdin fərqli temp və üsulla öyrənməsidir. Hamısına eyni yanaşma olmur. Bu balansı qorumaq müəllimdən həm səbir, həm də yaradıcılıq tələb edir”.
“Müasir müəllim daim öyrənən insan olmalıdır”
Elnarə Yunisli müəllimin rolunu yalnız dərs deməklə məhdudlaşdırmır. Onun fikrincə, müəllim şagirdin həyatında müxtəlif rollar oynayır: “Bəzən bilik verən müəllim, bəzən yol göstərən mentor, bəzən də sadəcə dinləyən və anlayan bir dayaq. Şagird özünü güvənli hiss edəndə öyrənmək daha asan olur”.
Gənc müəllim müasir şagirdlərin daha çox informasiya ilə böyüdüyünü və bu amilin təhsildə yeni yanaşmalar tələb etdiyini deyir: “Müasir şagird daha informasiyalıdır, texnologiya ilə böyüyür və daha çox sual verir. Bu, bəzən çətinlik yaratsa da, əslində böyük üstünlükdür. Çünki maraq olan yerdə inkişaf da olur”.
Bu isə müəllimin də daim yenilənməsini zəruri edir: “Müasir müəllim yalnız dərs deyən yox, daim öyrənən insan olmalıdır. Texnologiyanı izləməli, yeni metodlara açıq olmalı və ən əsası şagirdin dünyasını anlamağa çalışmalıdır”.
Sonda gənc müəllim müəllimlik yolunu seçmək istəyənlərə də tövsiyəsini bölüşür: “Müəllim olmaq istəyən gənclərə tək tövsiyəm budur: bu peşəni yalnız sevdikləri üçün seçsinlər. Çünki müəllimlik sadəcə iş deyil, böyük məsuliyyət tələb edən bir yoldur. Sevgi və səbir varsa, nəticə də mütləq olacaq”.



