“Artıq şagirdlərin bilikləri daha sistemli formalaşır” – Yeni modelin real nəticələri

6 Aprel, 2026 - 09:55
“Artıq şagirdlərin bilikləri daha sistemli formalaşır”

Tam orta təhsil modelinin əsas məqsədi X–XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməkdir. Bu model həm müəllimlərin təmayül siniflərində daha səmərəli fəaliyyət göstərməsi üçün uyğun şərait yaradır, həm də keyfiyyətli və məqsədyönlü təhsil mühitinin formalaşmasına da xidmət edir. Eyni zamanda, orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyinin artırılması bu layihənin əsas prioritetlərindəndir.

Layihə artıq region məktəblərində də tətbiq olunur. Bu təhsil müəssisələrindən biri Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbidir.

“Azərbaycan müəllimi” qəzeti məktəbdə layihənin tətbiqi ilə yaxından tanış olub, müəllim və şagirdlərlə həmsöhbət olub.

Yeni modelin tətbiqi: məktəbdə dəyişən təhsil mühiti

Məktəbin direktoru Eyruz Pəsiyevin sözlərinə görə, təhsil müəssisəsi 1990-cı illərin əvvəllərində ümumi orta məktəb kimi fəaliyyətə başlayıb. Lakin zamanın tələblərinə uyğun olaraq 2025–2026-cı tədris ilindən məktəbdə tam orta təhsil modeli tətbiq olunmağa başlayıb.

Yeni model çərçivəsində dərslər ixtisas qrupları üzrə təşkil olunur və hər bir fənn peşəkar müəllimlər tərəfindən tədris edilir. Ən mühüm yeniliklərdən biri isə şagirdlərin artıq ixtisas qruplarına uyğun olmayan fənlərlə yüklənməməsidir. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də şagirdlərin diqqətini seçdikləri istiqamət üzrə cəmləşdirməsinə imkan yaradır.

Direktorun sözlərinə görə, bu sistem şagirdlərin daha məqsədyönlü şəkildə təhsil almasına şərait yaradır. Onlar vaxtlarını daha səmərəli planlaşdırır, əlavə yüklərdən azad olaraq biliklərini dərinləşdirməyə fokuslanırlar.

Tam orta təhsil modelinin tətbiqi məktəbdə bir sıra müsbət dəyişikliklərə səbəb olub. İlk növbədə şagirdlər maraq dairələrində olan, gələcək ixtisaslarının formalaşmasında əsas rol oynayan qruplarda təhsil alırlar. Bu isə sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxarır və şagirdləri daha çox öyrənməyə təşviq edir.

Digər mühüm üstünlük isə valideynlərin əlavə repetitor xərclərindən azad olmasıdır. Məktəbdə yaradılan tədris mühiti və peşəkar müəllim heyəti şagirdlərə ali məktəblərə hazırlıq üçün kifayət qədər baza verir. Bu da təhsilin əlçatanlığını və keyfiyyətini artırır.
Hazırda məktəbdə 80-dən çox şagird bu layihə üzrə təhsil alır. Təhsil müəssisəsi sertifikasiya nəticələrinə görə pilot məktəblər arasında yüksək göstəricilərə malikdir. Bundan əlavə, məktəbdə şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili, müxtəlif öyrənmə fəaliyyətlərinə cəlb olunması, intellektual və fiziki inkişaflarını əsas hədəf alan müxtəlif klubların fəaliyyət göstərməsi şagirdlərin inkişafına töhfə verir.

Müəllimlərin baxışı: yeniliklər, imkanlar və çətinliklər

Layihənin uğurla həyata keçirilməsində müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Coğrafiya müəllimi Natiq Əliyev bu modeli müasir təhsil tələblərinə cavab verən mühüm yenilik kimi qiymətləndirir. Onun sözlərinə görə, şagirdlərin ixtisas fənlərinə daha çox vaxt ayırması onların biliklərinin sistemli və dərin şəkildə formalaşmasına səbəb olur.

O, xüsusilə dərs saatlarının artırılmasının və siniflərdə şagird sayının optimal seçilməsinin tədrisin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayır. Bununla belə, bəzi çətinliklər də mövcuddur. Qeyri-ixtisas fənləri üzrə zəif biliklər bəzən fənlərarası əlaqələrin qurulmasını müəyyən qədər çətinləşdirir. Bu kimi hallarda müəllimlər şagirdləri əlavə araşdırmalara yönləndirir, rəqəmsal resurslardan və müasir texnologiyalardan istifadə etməyə təşviq edirlər.

İnformatika müəllimi Xanım Ələmdarlı qeyd edir ki, bu layihə şagirdlərin ixtisaslaşmasına, xüsusilə texnoloji sahələrə marağın artmasına ciddi təsir göstərir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Sənan Əliyev isə dərslərin qoşa saat (yəni 80 dəqiqə) formatında keçirilməsinin əhəmiyyətini vurğulayır. Bu, müəllimlərə mövzuları daha geniş izah etmək, şagirdlərlə interaktiv işləmək və bilikləri möhkəmləndirmək üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, layihə yeni olsa da, zaman keçdikcə həm müəllimlər, həm də şagirdlər bu sistemə daha yaxşı uyğunlaşır və onun üstünlüklərini daha dərindən anlayırlar.

Şagirdlərin təcrübəsi: məsuliyyət, motivasiya və inkişaf

Layihənin əsas iştirakçıları olan şagirdlər də bu modelin onların təhsil həyatına müsbət təsir etdiyini bildirirlər. 10-cu sinif şagirdi Nəzrin Zeynallının sözlərinə görə, artıq seçdiyi istiqamət üzrə daha dərindən hazırlaşa bilir və əlavə dərslərə ehtiyac duymur. Bu isə onun vaxtını daha səmərəli idarə etməsinə kömək edir.

Ləman Hümbətova qeyd edir ki, layihə ona maraq dairəsinə uyğun fənlərə daha çox diqqət ayırmaq imkanı yaradıb. Bu yanaşma biliklərin daha möhkəm mənimsənilməsinə və təhsil prosesinin daha effektiv olmasına şərait yaradır.

Rihat İsmayılzadə isə dərslərdə təqdimatlar, müzakirələr və layihə tapşırıqlarının keçirilməsinin onların düşünmə və araşdırma bacarıqlarını inkişaf etdirdiyini vurğulayır. Onun fikrincə, bu model şagirdləri daha məsuliyyətli olmağa və öz üzərlərində işləməyə təşviq edir.

Selcan Əzizli isə müəllimlərin rolunu xüsusi qeyd edir. O bildirir ki, müəllimlər yalnız bilik ötürməklə kifayətlənmir, eyni zamanda şagirdləri düşünməyə, araşdırmağa və öz fikirlərini sərbəst ifadə etməyə həvəsləndirirlər. Bu isə şagirdlərin analitik düşüncə qabiliyyətinin inkişafına mühüm təsir göstərir.

Qeyd edək ki, tam orta təhsil modeli müasir təhsil sistemində şagirdyönümlü yanaşmanın uğurlu nümunəsi kimi çıxış edir. Bu model şagirdlərin fərdi maraq və bacarıqlarını nəzərə alaraq onların daha məqsədyönlü və keyfiyyətli təhsil almasına imkan yaradır.