Şahin Bayramov: Özbəkistan universitetlərinin təcrübəsi Qarabağ Universiteti üçün faydalı olacaq

16 Oktyabr, 2026 - 13:10
Şahin Bayramov: Özbəkistan universitetlərinin təcrübəsi Qarabağ Universiteti üçün faydalı olacaq

“Bu gün fəxrlə söyləyirik ki, Qarabağ Universitetində 3 300-dən artıq tələbə təhsil alır. Qarabağ Universiteti ailəsinin üzvlərinin sayı isə artıq 500 nəfəri keçib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, hazırda Qarabağ Universitetində 9 fakültə fəaliyyət göstərir və 49 ixtisas üzrə bakalavriat səviyyəsində kadr hazırlığı həyata keçirilir.

Rektor qeyd edib ki, universitetin strateji hədəflərinə çatmasında beynəlxalq əməkdaşlığın qurulması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Özbəkistanın aparıcı universitetləri ilə əməkdaşlıqda maraqlıdırlar:

“Düşünürük ki, qardaş ölkənin aparıcı universitetlərinin təcrübəsinin Qarabağ Universitetinin kampusuna gətirilməsi bizim üçün çox faydalı olacaq. Qarabağ Universiteti ölkəmizin ən gənc universiteti olsa da, qardaş ölkənin universitetləri ilə bölüşmək üçün artıq müəyyən təcrübəyə malikdir.

Biz Qarabağ Universitetinin akademik heyəti ilə qürur duyuruq və fəxrlə bildiririk ki, bu gün burada ölkəmizin güclü akademik heyətlərindən biri formalaşıb. Dünyanın və ölkəmizin aparıcı universitetlərində təhsil almış, təcrübəli professor-müəllim heyəti müasir tədris prosesini həyata keçirir, yeni dövrün tələblərinə uyğun tədqiqatlar aparır”.

Ş.Bayramov bildirib ki, bu il başa çatan tələbə qəbulu prosesində ölkə üzrə yüksək bal toplayan gənclərin bir hissəsi Qarabağ Universitetində təhsil almağa qərar verib.

“Onlar arzusunda olduğumuz dünya səviyyəli universiteti qurmaq yolunda bizə dəstək göstərməyə başlayıblar. Bu ildən Qarabağ Universitetinin beynəlxalq əməkdaşlığı istiqamətində mühüm addım atmışıq. Artıq universitetdə ilk xarici tələbələr təhsil almağa başlayıblar. Bizim üçün çox qürurvericidir ki, xarici tələbələr arasında qardaş Özbəkistandan olan bir tələbə də var. O da bu gün sizinlə birlikdə forumda iştirak edir”, – deyə rektor vurğulayıb.

Ş.Bayramov əlavə edib ki, forum çərçivəsində iki ölkənin universitetləri arasında memorandumların imzalanması imkanları da müzakirə olunacaq.

“Amma səmimi desək, ilk tələbəmiz mühazirədə iştirak etməyənə, ilk ortaq məqaləmiz dərc olunmayana və ilk ortaq layihəmiz həyata keçirilməyənə qədər bu memorandumlar bizim üçün sadəcə kağız parçası mənasını daşıyacaq. Əminik ki, forumun yaratdığı imkanlar universitetlər arasında yalnız rəsmi səviyyədə deyil, həm də akademik münasibətlərin qurulmasına şərait yaradacaq”.