Sakit şagirdlərin səssiz gücü – Müəllimin pedaqoji gündəliyindən
O, demək olar ki, heç danışmır. Dərsdə nə əl qaldırır, nə də müzakirələrə qoşulur. Amma gözləri ilə dərsi izləyir, hər detalı diqqətlə dinləyir.
Bir sual verdim. Sinif susdu. Həmişə aktiv olan şagirdlər cavab tapmadı. Birdən o sakit şagird asta səslə danışmağa başladı. Cavabı o qədər dəqiq və dərin idi ki, sinif bir anlıq sükuta qərq oldu.
O an bir daha anladım: sakit olmaq zəiflik deyil. Sakitlik bəzən düşüncənin ən güclü formasıdır. Biz müəllimlər bəzən ancaq danışanlara fokuslanırıq. Amma səssiz düşünənləri görmək, onları danışmağa həvəsləndirmək bizim pedaqoji məsuliyyətimizdir.
Bu gün dərsdə yenə onu müşahidə etdim: sinfin ən sakit şagirdini. O, heç vaxt diqqət mərkəzində olmur. Əlini tez-tez qaldırmır. Sözünü ucadan demir. Amma gözləri danışır. Baxışlarında sual, düşüncə və axtarış var.
Araşdırmalar göstərir ki, sakit şagirdlər çox vaxt:
• dərin məntiqi təhlil bacarığına;
• yüksək konsentrasiya qabiliyyətinə;
• uzunmüddətli diqqət davamlılığına sahib olurlar.
Belə şagirdlər daha çox analiz edir, düşünərək cavab verir, emosiyalarını açıq nümayiş etdirmir. Sadəcə onlar üçün təhlükəsiz və dəstəkverici mühit lazımdır. Əgər müəllim yalnız aktiv danışanları qiymətləndirirsə, o zaman sinfin böyük potensial hissəsini itirə bilər.
Sakit şagirdi aktivləşdirmək üçün:
• ona düşünmə vaxtı vermək;
• yazılı cavab imkanları yaratmaq;
• cavab verdikdə pozitiv əks-əlaqə vermək çox təsirli üsullardır.
Bu gün bir daha anladım ki, müəllim olmaq yalnız danışanı eşitmək deyil, susanı da görməkdir. Çünki, sinfin ən sakit uşağı, bəzən ən dərin düşünən beyinə sahib olur. Bəlkə də gələcəyin alimləri, yazıçıları, liderləri məhz bu səssiz sıralarda oturur.
Uğur yalnız yüksək səslə danışanlara deyil, dərin düşünənlərə də məxsusdur. Sakit şagirdlər görünməyən, lakin çox güclü bir resursdur. Onların səssiz gücünü anlamaq və qiymətləndirmək təhsildə daha balanslı və ədalətli bir mühit formalaşdırmağa kömək edər.
Bu baxımdan müəllimin əsas vəzifələrindən biri sakit şagirdlərin potensialını vaxtında müəyyən etmək və inkişaf etdirməkdir. Onlara öz fikirlərini ifadə etmək üçün şərait yaratmaq, fərdi yanaşma tətbiq etmək və psixoloji dəstək göstərmək təhsil prosesinin səmərəliliyini artırır. Belə yanaşma həm şagirdin özünəinamını gücləndirir, həm də onun sosial və akademik inkişafına müsbət təsir göstərir.

Şəhla Yaqublu,
Qubadlı rayonu Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




