Müəllim hazırlığında əsas keyfiyyətlərdən biri: Səriştəlilik
Təhsilin prioritet istiqamətlərindən biri
Müasir dövrdə cəmiyyətlərin sosial-iqtisadi inkişaf səviyyəsi, innovasiya potensialı və rəqabət qabiliyyəti bilavasitə insan kapitalının keyfiyyətindən asılıdır. Onun formalaşmasında təhsil sistemi, xüsusilə müəllim amili həlledici rol oynayır. Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrində müəllim hazırlığı təkcə pedaqoji məsələ deyil, həm də dövlətin strateji inkişaf siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Çünki müəllimin peşə hazırlığının keyfiyyəti yalnız təlim nəticələrinə deyil, həm də gələcək vətəndaşın intellektual, mənəvi və sosial inkişafına, ölkənin elmi, iqtisadi və mədəni potensialına birbaşa təsir göstərir. Elə bu səbəbdəndir ki, ölkəmizdə müəllim hazırlığının təkmilləşdirilməsi dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda (2013) müəllim hazırlığının müasir tələblərə uyğun yenidən qurulması, müəllim peşəsinin nüfuzunun artırılması, peşəkar inkişaf sisteminin təkmilləşdirilməsi və səriştəyönümlü müəllim modelinin formalaşdırılması əsas strateji hədəflər sırasında göstərilmişdir. Bununla yanaşı, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" (2021) sənədində də insan kapitalının gücləndirilməsi ölkənin uzunmüddətli inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilmiş, bu məqsədin reallaşdırılmasında keyfiyyətli müəllim hazırlığının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.
Pedaqoji təhsil müəssisələrinin fəaliyyətində baş verən yeniliklər də bu strateji məqsədlərin həyata keçirilməsinə xidmət edir. Son illərdə müəllim hazırlığı proqramlarının məzmununun yenilənməsi, kompetensiya əsaslı kurikulumların tətbiqi, pedaqoji təcrübənin genişləndirilməsi və rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası müəllim hazırlığında keyfiyyətin yüksəldilməsinə yönəlmiş mühüm addımlar hesab olunur. Bu dəyişikliklər ali pedaqoji təhsil müəssisələrinin məzunlarını yalnız nəzəri biliklərlə deyil, həm də praktik bacarıqlar, peşə etikası, tədqiqatçılıq mədəniyyəti və innovativ fəaliyyət səriştələri ilə təmin etməyi qarşıya məqsəd qoyur.
Müəllim hazırlığının keyfiyyəti yalnız ali təhsil dövrü ilə məhdudlaşmamalıdır. Müasir pedaqoji nəzəriyyədə müəllimin peşəkar inkişafı fasiləsiz və ömürboyu davam edən proses kimi qəbul edilir. Məşhur təhsil tədqiqatcısı Darling-Hammondun qeyd etdiyi kimi, müəllim peşə fəaliyyətinə başladıqdan sonra da yeni bilik və bacarıqlar əldə etməli, dəyişən kurikulum tələblərinə uyğunlaşmalı, müasir tədris texnologiyalarını mənimsəməli və öz fəaliyyətini davamlı şəkildə təhlil etməlidir. Müasir təhsil dünyasındakı təcrübələr göstərir ki, bu baxımdan peşəkar inkişaf kursları, mentorluq proqramları, fəaliyyət əsaslı tədqiqatlar (Action Research), peşəkar öyrənmə icmaları (Professional Learning Communities - PLC) və rəqəmsal öyrənmə platformaları müəllimin səriştələrinin inkişafında mühüm rol oynayır.
HAŞİYƏ. Linda Darling-Hammond 1951-ci ildə ABŞ-də anadan olmuş tanınmış təhsil tədqiqatçısı və pedaqoqdur. O, müəllim hazırlığının keyfiyyətinin artırılması, təhsildə bərabər imkanların yaradılması və şagirdyönümlü təlim yanaşmasının inkişafını əsas ideyaları kimi irəli sürmüşdür. Darling-Hammond uzun illər universitetlərdə fəaliyyət göstərmiş, təhsil islahatlarına mühüm töhfələr vermişdir. Onun ən məşhur əsərlərinə “ Öyrənmək hüququ” The Right to Learn (1997), “Düz dünya və təhsil: güclü müəllim təhsili” Be the Change: Reinventing School for Student Success (2015) daxildir. Elmi fəaliyyəti müasir təhsil siyasətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Azərbaycan təhsil sistemində son illərdə tətbiq edilən müəllimlərin sertifikatlaşdırılması mexanizmi də peşəkar inkişafın stimullaşdırılmasına xidmət edən mühüm islahatlardan biridir. Sertifikatlaşdırmanın əsas məqsədi müəllimlərin peşə bilik və bacarıqlarını qiymətləndirmək, onların inkişaf ehtiyaclarını müəyyənləşdirmək və davamlı peşəkar inkişaf üçün motivasiya yaratmaqdır. Bu yanaşma müəllimin fəaliyyətinin yalnız nəzarət obyekti deyil, həm də inkişaf prosesinin iştirakçısı kimi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sertifikatlaşdırmanın nəticələri müəllimlərin özünütəhlil bacarıqlarının formalaşmasına, fərdi inkişaf planlarının hazırlanmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Beynəlxalq səviyyədə özünü doğrultmuş təcrübələrdən biri
Məlum olduğu kimi, keyfiyyətli müəllim hazırlığının səmərəliliyi baxımından beynəlxalq səviyyədə özünü doğrultmuş təcrübələr vardır. Təhsil sahəsində yüksək nəticələr əldə etmiş ölkələrin təcrübəsi göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında yüksək peşəkarlığa malik müəllim korpusu dayanır. Məsələn, Finlandiyada müəllim peşəsi ən nüfuzlu peşələrdən biri hesab olunur və müəllim hazırlığı ciddi seçim meyarlarına əsaslanır. Bu barədə məşhur təhsilşünas, pedaqoq P. Sahlberg qeyd edir ki, müəllim olmaq istəyən namizədlər yalnız yüksək akademik göstəricilərə görə deyil, həm də tədqiqat aparmaq, analitik düşünmək və pedaqoji prosesə maraq yaratmaq baxımından qiymətləndirilir. Müəllim hazırlığı magistratura səviyyəsində həyata keçirilir və elmi-tədqiqat fəaliyyəti proqramının ayrılmaz tərkib hissəsini təşkil edir.
HAŞİYƏ. Pasi Sahlberg (1959) Finlandiyanın tanınmış təhsilşünası və pedaqoqudur. O, uzun illər müəllim hazırlığı, təhsil siyasəti və məktəb islahatları sahəsində fəaliyyət göstərmiş, müxtəlif beynəlxalq təşkilatlarda çalışmışdır. Sahlberg təhsildə bərabərlik, müəllim peşəsinin nüfuzu, şagirdyönümlü yanaşma və yüksək keyfiyyətli dövlət təhsilinin vacibliyini müdafiə edir. Onun ən məşhur əsəri “Fin dərsləri“ Finnish Lessons (2011) kitabıdır. Bundan başqa, “Uşaqlara oynamağa icazə ver” Let the Children Play (2019), “Dünya Finlandiyadakı Təhsil Dəyişikliyindən Nə Öyrənə Bilər" What Can the World Learn from Educational Change in Finland” (2021) və b. göstərmək olar. İdeyaları dünyanın bir çox ölkələrində təhsil islahatlarına təsir göstərmişdir.
Eləcə də Sinqapurun müəllim hazırlığı modeli də dünya miqyasında uğurlu nümunələrdən biri hesab edilir. Bu ölkədə müəllim peşəsi dövlət tərəfindən strateji insan kapitalı kimi qiymətləndirilir. Müəllimlərin peşəkar inkişafı karyera boyu sistemli şəkildə planlaşdırılır, hər bir müəllim üçün fərdi inkişaf trayektoriyası müəyyən edilir və onların davamlı təlimlərdə iştirakı təmin olunur. Məşhur kanadalı təhsilşünas, pedaqoq Michael Fullan qeyd edir ki, təhsildə davamlı keyfiyyət yalnız müəllimin öz peşə inkişafını fasiləsiz şəkildə davam etdirdiyi sistemlərdə mümkündür. Belə yanaşma müəllimin öyrədən olmaqla yanaşı, daim öyrənən peşəkar kimi formalaşmasını da təmin edir.
Son illərdə Estoniya da müəllim hazırlığı sahəsində rəqəmsal transformasiyanın uğurlu tətbiqi ilə diqqəti cəlb edir. Rəqəmsal texnologiyaların pedaqoji məqsədlərlə inteqrasiyası, müəllimlərin rəqəmsal səriştələrinin sistemli inkişafı və məktəblərdə innovativ öyrənmə mühitinin yaradılması bu ölkənin beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələr əldə etməsinə mühüm töhfə vermişdir. Bu təcrübə göstərir ki, müasir müəllimin hazırlığında yalnız fənn biliklərinin deyil, həm də rəqəmsal pedaqogikanın, məlumatların təhlili bacarıqlarının və süni intellekt texnologiyalarından etik istifadə kompetensiyalarının inkişaf etdirilməsi vacibdir.
Yeni təhsil innovasiyalarının tətbiqi və genişlənməsi ölkəmizdə də davam edir. Alimlərimizin tədqiqatlarında səriştələrin mahiyyəti və məzmununa, onların mənimsədilməsi üçün uyğun metodologiyların müəyyənləşdirilməsinə diqqət yetirilir. Təhsil təcrübələrində onun reallaşdırılması və qiymətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müəllim hazırlığında innovativlik
Müasir müəllim hazırlığında innovativ yanaşmaların tətbiqi də xüsusi aktuallıq kəsb edir. STEAM təhsili, dizayn təfəkkürü (Design Thinking), layihəəsaslı öyrənmə, fəaliyyət əsaslı tədqiqat (Action Research), mikroöyrənmə (Microlearning), qarışıq təlim (Blended Learning) və süni intellekt dəstəkli öyrənmə mühitləri müəllim hazırlığı proqramlarının mühüm komponentlərinə çevrilməkdədir. Bu yanaşmalar müəllimlik iddiasında olanlarda yalnız peşə biliklərini deyil, eyni zamanda problem həll etmə, yaradıcı düşünmə, əməkdaşlıq, refleksiya və innovativ qərarvermə bacarıqlarını inkişaf etdirir. UNESCO da müəllim hazırlığında rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi üçün pedaqoji innovasiyaların texnoloji yeniliklərlə uzlaşdırılmasını əsas şərtlərdən biri kimi dəyərləndirir.
Beləliklə, həm beynəlxalq təcrübə, həm də Azərbaycan təhsilinin inkişaf istiqamətləri göstərir ki, keyfiyyətli müəllim hazırlığı yalnız ali pedaqoji təhsil müəssisələrinin vəzifəsi deyil, dövlət, cəmiyyət və təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı əsasında həyata keçirilən kompleks və davamlı prosesdir. Müəllimin peşəkar inkişafına yönəlmiş məqsədyönlü siyasət, elmi əsaslandırılmış hazırlıq proqramları və innovativ təlim yanaşmaları təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinin əsas təminatlarından biri kimi çıxış edir. Məhz buna görə də müasir dövrdə müəllim hazırlığında əsas diqqət yalnız biliklərin mənimsədilməsinə deyil, peşəkar səriştələrin formalaşdırılmasına yönəldilir.
Səriştəlilik müəllimin başlıca keyfiyyətidir
Müasir təhsil nəzəriyyəsində və pedaqoji praktikada müəllimin peşəkarlığını müəyyən edən əsas meyarlardan biri onun səriştəlilik səviyyəsidir. Əgər ənənəvi təhsil modelində müəllimin fəaliyyətinin qiymətləndirilməsi, əsasən, onun fənn üzrə biliklərinin həcmi ilə əlaqələndirilirdisə, müasir səriştəyönümlü təhsil yanaşmasında müəllimin peşəkar fəaliyyəti bilik, bacarıq, dəyər, münasibət və şəxsi keyfiyyətlərin qarşılıqlı vəhdəti əsasında dəyərləndirilir. Bu yanaşma müəllimin yalnız öyrədən deyil, həm də öyrənmə prosesini layihələndirən, təhsil mühitini idarə edən, şagirdlərin fərdi inkişafını dəstəkləyən və cəmiyyətin dəyişən tələblərinə çevik uyğunlaşan peşəkar şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur
Pedaqoji ədəbiyyatda "səriştə" (competence) və "səriştəlilik" (competency) anlayışları bir-biri ilə sıx bağlı olsa da, onların məzmununda müəyyən fərqlər mövcuddur. Səriştə konkret fəaliyyət sahəsində uğurlu nəticə əldə etməyə imkan verən bilik, bacarıq, dəyər və təcrübələrin məcmusunu ifadə edir. Səriştəlilik isə həmin səriştələrin real peşə fəaliyyətində məqsədyönlü, yaradıcı və səmərəli tətbiq olunması qabiliyyətidir. Başqa sözlə, müəllimin malik olduğu biliklərin praktik fəaliyyətə çevrilməsi yalnız səriştəlilik səviyyəsinin yüksək olduğu halda mümkündür.
Müəllimin əsas peşə səriştələri
Müəllimin peşəkar səriştəliliyi bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif kompetensiyaların məcmusundan ibarətdir. Müasir pedaqoji ədəbiyyatda bu səriştələr vahid sistem kimi qiymətləndirilir və onların hər birinin təlim prosesinin keyfiyyətinə özünəməxsus təsir göstərdiyi qeyd olunur. Əslində müəllimin peşəkar fəaliyyətinin səmərəliliyi yalnız bu səriştələrin ayrı-ayrılıqda mövcudluğu ilə bağlı deyildir. Onların inteqrativ şəkildə tətbiq olunması müasir müəllim peşəkarlığının formalaşmasını dəstəkləyir.
İlk növbədə, müəllim yüksək səviyyədə fənni üzrə səriştələrə malik olmalıdır. Dərs dediyi fənnin elmi əsaslarına dərindən bələd olmalıdır. Bu tələb birinci növbədə, müəllimin tədris etdiyi elm sahəsinin məzmununu mükəmməl bilməsini, həmin sahədə baş verən yenilikləri izləməsini və onların təlim prosesinə inteqrasiya etməsini nəzərdə tutur. Bununla yanaşı, müəllim mürəkkəb elmi anlayışları şagirdlərin yaş xüsusiyyətlərinə uyğun şəkildə sadələşdirərək təqdim etməyi bacarmalıdır. Lee Shulman bunu "pedaqoji məzmun biliyi" (Pedagogical Content Knowledge) adlandırır və müəllim peşəkarlığının əsas göstəricilərindən biri kimi təqdim edir.
HAŞİYƏ. Lee Shulman (1938-2025) amerikalı təhsil tədqiqatçısı və pedaqoqu olmuşdur. O, 1987-ci ildə irəli sürdüyü “Pedaqoji Məzmun Biliyi” (Pedagogical Content Knowledge - PCK) anlayışı ilə müəllimin yalnız fənni bilməsinin kifayət etmədiyini, həmin biliyi şagirdlərə öyrədə biləcək üsulları da mənimsəməsinin vacibliyini göstərmişdir. Şulman uzun illər Stanford University və digər ali təhsil müəssisələrində çalışmışdır. Onun ən məşhur əsərlərinə “Bilik və tədris: yeni isahatın əsasları arasında” Knowledge and Teaching: Foundations of the New Reform (1987), “Anlayanlar: tədrisdə bilik artımı” Those Who Understand: Knowledge Growth in Teaching (1986) və s. nümunə göstərmək olar.
Müəllimin pedaqoji-metodik səriştəsi, eyni zamanda, təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi, məzmunun planlaşdırılması, müasir təlim strategiyalarının seçilməsi və şagirdyönümlü öyrənmə mühitinin yaradılması ilə bağlıdır. Müasir müəllim müxtəlif təlim metodlarını yaradıcı şəkildə tətbiq etməyi, layihəəsaslı, probleməsaslı öyrənmə, tədqiqat yönümlü təlim və əməkdaşlığa əsaslanan fəaliyyətlər vasitəsilə şagirdlərin fəal iştirakını təmin etməyi bacarmalıdır.
Müəllimin psixoloji-pedaqoji səriştəsi isə şagirdlərin yaş, fərdi və sosial-emosional xüsusiyyətlərini nəzərə ala, onların motivasiyasının dəstəkləyə və müsbət psixoloji iqlim yarada bilməsi ilə müəyyən olunur. Artıq belə bir pedaqoji yanaşma qəbul edilmişdir ki, müasir məktəbdə müəllim yalnız bilik ötürən şəxs deyil, həm də şagirdlərin emosional rifahını və sosial inkişafını dəstəkləyən mentor rolunu yerinə yetirir. Bu baxımdan emosional intellekt, empatiya, münaqişələrin konstruktiv həlli və inklüziv yanaşma müəllimin peşəkar fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Rəqəmsal transformasiya şəraitində rəqəmsal səriştə müəllimin əsas peşə keyfiyyətlərindən biri kimi tələb olunur. O, müasir pedaqoji mühitin qurulmasında rəqəmsal platformalar, elektron qiymətləndirmə vasitələri, virtual öyrənmə mühitləri və süni intellekt əsaslı alətlərdən pedaqoji məqsədlərə uyğun şəkildə istifadə etməyi bacarmalıdır. Bununla yanaşı, o, şagirdlərdə informasiya təhlükəsizliyi, rəqəmsal etik davranış və media savadlılığının formalaşdırılmasına da uğurla rəhbərlik etməli, müəllimlərin rəqəmsal səriştəsini XXI əsr təhsilinin əsas şərtlərindən biri kimi dəyərləndirməlidir.
Müasir müəllim üçün kommunikativ səriştə də xüsusi əhəmiyyət daşıyır. Təcrübələr də göstərir ki, effektiv ünsiyyət yalnız müəllim və şagird arasında deyil, həm də müəllim-valideyn, müəllim-həmkar və müəllim-cəmiyyət münasibətlərində qarşılıqlı etimadın olmasını tələb edir. Açıq ünsiyyət, aktiv dinləmə, konstruktiv geribildirim (feedback) və əməkdaşlıq mədəniyyəti müəllimin peşəkar nüfuzunu artıran əsas amillərdən hesab edilir.
Müəllimin qiymətləndirmə səriştəsi də təlim prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Müasir qiymətləndirmə yalnız nəticənin ölçülməsi deyil, həm də öyrənmənin dəstəklənməsi funksiyasını yerinə yetirir. Bu bir həqiqətdir ki, formativ qiymətləndirmə, rubriklər, portfoliolar, özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə kimi metodlardan səmərəli istifadə edən müəllimlər şagirdlərin fərdi inkişaf dinamikasını daha obyektiv izləyə bilirlər.
Bununla yanaşı, müasir müəllim tədqiqatçılıq və reflektiv fəaliyyət səriştələrinə də malik olmalıdır. O, həm pedaqoji fəaliyyətini elmi tədqiqlərə, araşdırmalara söykənərək təşkil etməli, bu məsələyə sadəcə bir informasiya ötürən şəxs deyil, tədqiqatçı kimi yanaşmalı, həm də hər addımda özünün irəliləyişlərinin düz və etibarlı olmasına əminlik hasil etməlidir. Donald Schön (1983) müasir müəllimin bu xüsusiyyətlərini dəyərləndirərək məxsusi reflektiv müəllim modelini irəli sürərməklə qeyd etmişdir ki, müəllim öz fəaliyyətinin davamlı təhlilinə nail olmadan peşəkar inkişafını təmin edə bilməz. Çünki bu yanaşma onun reflektiv müəllim olaraq formalaşmasına imkan yaradır.
HAŞİYƏ. Donald Schön (1930-1997) amerikalı filosof, təşkilat nəzəriyyəçisi və təhsil sahəsində tanınmış alim idi. O, xüsusilə peşəkarların təcrübə zamanı öyrənməsini izah edən “reflektiv praktik” (reflective practitioner) ideyası ilə məşhurlaşmışdır. Schön hesab edirdi ki, mütəxəssislər fəaliyyət zamanı düşünərək problemləri daha səmərəli həll edirlər. Onun ən məşhur əsərlərinə “Peşəkarlar fəaliyyət zamanı necə düşünürlər?” The Reflective Practitioner: How Professionals Think in Action (1983), “Reflektiv praktikantın təhsili” Educating the Reflective Practitioner (1987) və s. daxildir.
Bu gün müəllim peşəkarlığı tələb edir ki, o həm də müəyyən etik prinsiplərə tabe olsun, demokratik dəyərləri tətbiq etsin, inklüziv və təhlükəsiz təlim mühiti yaratsın, məktəbdə müsbət dəyişikliklərin təşəbbüskarı kimi çıxış etsin. Çünki təhsil liderliyi yalnız inzibati vəzifə daşıyan şəxslərə aid deyildir. Hər bir müəllim öz sinfində və məktəb icmasında liderlik funksiyasını həyata keçirə bilər. Bu baxımdan etik və liderlik müasir müəllimin səriştəliliyinin mühüm komponentləri hesab edilir. Beləliklə, müəllimin peşəkar səriştələri bir-birini tamamlayan və vahid sistem təşkil edən komponentlərdir. Bu səriştələrin harmonik inkişafı müəllimin fəaliyyətinin səmərəliliyini artırmaqla yanaşı, şagirdlərin akademik nailiyyətlərinin yüksəlməsinə, onların XXI əsr bacarıqlarına yiyələnməsinə və təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Məhz buna görə də müasir müəllim hazırlığında əsas məqsəd yalnız bilik vermək deyil, yüksək səviyyədə peşəkar səriştələrə malik müəllim şəxsiyyətini formalaşdırmaqdan ibarətdir.

Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsfə doktoru, dosent, Əməkdar müəllim




