Səbuhi Rzayev: Media savadlılığı müxtəlif fənlərin tərkibində tədris olunur

23 Dekabr, 2025 - 09:57
Səbuhi Rzayev: Media savadlılığı müxtəlif fənlərin tərkibində tədris olunur

"Elm və Təhsil Nazirliyi media savadlılığının artırılması üzrə ən effektiv təhsil yanaşmasının bu mövzunun məhz inteqrasiya olunmuş formada tədrisini mühüm hesab edir və bu sahədə tədbirlər həyata keçirir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dili dərsində şagirdlər bir xəbəri oxuyub onun mənbəyini araşdıra, bu barədə öz fikirlərini, mülahizələrini irəli sürə bildikləri kimi tarix dərslərində də informasiyanın ictimai-siyasi rəyə təsiri müzakirə oluna bilər:

"İnformatika fənni üzrə kurikulumda da şagirdlərdə informasiya, media savadlılığı ilə bağlı müvafiq səriştələrin formalaşdırılması nəzərdə tutulur. Məlumat üçün bildirim ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə kurikulumlarda informasiya/media savadlılığının artırılması məsələsi xüsusi olaraq vurğulanır. Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası, dezinformasiya, kiberqısnama kimi medianın mənfi tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Yeni hazırlanmış Həyat bilgisi fənni üzrə kurikulumda nisbətən aşağı yaşlı şagirdlərə elektron cihazların insan həyatında əhəmiyyətinin izah olunması, əldə edilmiş informasiyaların təhlil edilməsi və faydalı olanların ayırd edilməsi bacarıqlarının formalaşdırılması məsələləri yer alır. Yenicə təkmilləşdirilən İnformatika fənni üzrə kurikulumda da şagirdlərdə informasiya/media savadlılığı ilə bağlı müvafiq səriştələrin formalaşdırılması nəzərdə tutulur. Məsələn, kibercinayətkarlığın müxtəlif növləri barədə məlumatlı olmaq, o cümlədən ictimailəşdirilmiş informasiyanın, xüsusilə, şəxsi və ya həssas məlumatların pisniyyətli şəxslər tərəfindən ələ keçirilib mənfi məqsədlər üçün istifadə olunmasının mümkünlüyü, habelə istifadə etdiyimiz veb-saytların etibarlılıq baxımından dəyərləndirilməsinin vacibliyi, süni intellektin mənfi və müsbət tərəfləri və bu kimi digər məsələlər vurğulanır", - deyə S.Rzayev qeyd edib.