Sektor müdiri : İdmançılar olimpiadada yüksək əhval-ruhiyyə ilə çıxış etməyə hazırdırlar
“Naxçıvan Muxtar Respublikasını təmsil edəcək yığma komanda 20–26 iyun tarixlərində keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadasına tam hazır vəziyyətdədir. Komanda tərkibində 51 idmançı, 14 məşqçi-müəllim və 1 nümayəndə yer alır”.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov məlumat verib.
Sektor müdiri bildirib ki, yığma komanda ağırlıqqaldırma, atletika, basketbol, boks, cüdo, sərbəst güləş və stolüstü tennis növləri üzrə yarışacaq:
“Son həftələr ərzində məşqlər intensiv şəkildə davam etdirilib, idmançıların fiziki və texniki hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Məşqçi heyəti tərəfindən hazırlıq prosesi mütəmadi qiymətləndirilib və bütün idman növləri üzrə yarışa yüksək səviyyədə hazır olunduğu bildirilib.
Komandanın formalaşdırılmasında Muxtar Respublikanın müxtəlif rayonlarının Uşaq-Gənclər İdman Məktəblərinin yetirmələri iştirak edir. Bu da bölgələrdə idmanın inkişafının və gənc istedadların üzə çıxarılması istiqamətində görülən işlərin müsbət nəticəsini nümayiş etdirir”.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün yığma komanda yarışın keçiriləcəyi məkana yola düşür:
“İdmançılar yüksək əhval-ruhiyyə ilə çıxış etməyə, öz bacarıqlarını nümayiş etdirməyə və Muxtar Respublikanı layiqincə təmsil etməyə hazırdırlar. Ümid edilir ki, sistemli hazırlıq prosesi, məşqçilərin peşəkarlığı və idmançıların əzmkarlığı sayəsində komanda olimpiadada uğurlu nəticələr əldə edəcək, müxtəlif idman növlərində fəxri kürsüyə yüksələrək Naxçıvanın idman uğurlarına yeni nailiyyətlər əlavə edəcək. Bu yarış həm də məktəbli idmançıların təcrübə qazanması, sağlam rəqabət mühitində inkişaf etməsi və gələcək beynəlxalq arenalara hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır”.




