Səngərdən auditoriyaya: Zəfərin qurduğu gələcək - REPORTAJ 

27 Sentyabr, 2026 - 10:09
Səngərdən auditoriyaya:

Bəzən bir yol yalnız bir məntəqədən digərinə aparmır. Bəzən yol insanı keçmişlə bu günün, müharibə ilə sülhün, ağrı ilə qürurun, səngərlə auditoriyanın arasından keçirir. 

44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin addımladığı, uğrunda döyüşdüyü, canından keçdiyi torpaqlarda indi başqa bir həyat başlayıb. Yolların bir tərəfində müharibənin yaddaşında qalan izlər, o biri tərəfində isə yenidənqurmanın, quruculuğun və gələcəyin mənzərələri görünür. Ağdam, Əsgəran, Xocalı... Yolboyu bu adları oxuduqca insanın yaddaşında illərin həsrəti, 44 günlük savaşın ağır və qürurlu günləri canlanır.

Xankəndiyə çatanda isə qayıdışın başqa bir mənzərəsi ilə qarşılaşırsan. Qarabağ Universitetinin həyətində tələbələrin, müəllimlərin səsi eşidilir. Bir vaxtlar səngərdə olan insanlar bu gün auditoriyadadır. Biri müəllim kimi gənclərə bilik verir, biri tələbə olaraq yarımçıq qalan arzusunu reallaşdırır.

Və bu dəfə yolumuz qeyd etdiyimiz kimi Qarabağ Universitetində müharibə meydanından təhsil auditoriyalarına keçən insanlarla kəsişdi. Onların hər birinin 44 günlük Vətən müharibəsi ilə bağlı öz hekayəsi, xatirəsi, ağrısı var. Amma bu hekayələrin hamısını birləşdirən ortaq bir məqam var. Uğrunda döyüşdükləri torpaqlara bu gün oxumaq, öyrətmək, yaratmaq və gələcəyi qurmaq üçün qayıdıblar. 

"Azərbaycan müəllimi" 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirlərində iştirak edən, bu gün isə Qarabağ Universitetində təhsil alan, eləcə də tədris prosesinə töhfə verən qəhrəman igidlərimizlə bağlı hazırladığı reportajı təqdim edir.
 
Xankəndiyə ilk dəfə ayaq basmaq, Qarabağ Universiteti yazısını görmək qayıdışın simvolu idi

İlk müsahibimiz elə Vətən müharibəsi iştirakçısı, "Ağdamın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunan Rəşad Sultan olur. 

Rəşad müəllim Bakıda doğulub. Paytaxtdakı 189-190 nömrəli tam orta ümumtəhsil məktəbini bitirib. Ali təhsilini Azərbaycan Tibb Universitetində alıb. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində uzmanlıq təhsilini uğurla tamamlayıb. Hazırda Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin müəllimidir. 

Onun danışacaq  sözü çoxdur. Müharibədə, odun-alovun içində, səngərdə bir gün işğaldan azad etdiyi torpaqlarda yaşamaq və işləmək arzusu, xəyalı artıq gerçəkdir:"Xankəndiyə ilk dəfə ayaq basmaq, Qarabağ Universiteti yazısını görmək qayıdışın simvolu idi. Biz qayıtmışıq. Universitetin  auditoriyalarında Azərbaycanın gələcəyini quracaq 17-18 yaşlı gənclərlə ünsiyyətdə, onların təhsilində iştirakçı olmaq sözlə ifadə edilməyəcək qədər məsuliyyətli və qürurvericidir".

Rəşad Sultanın səngərdən keçid etdiyi təhsil prosesi Qarabağ torpağında inkişaf edir. O qalib ölkənin əsgəri, qalib müəllimidir. 44 günlük Vətən müharibəsi haqqında xatirələrini auditoriyada tələbələri ilə bölüşür: “44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Torpaq uğrunda döyüşmək, canından keçmək müqəddəs amaldır, deyirik. Və bu amal o vaxt tamamlanmış sayılır ki, həmin torpaqlarda yaşayaq, yaradaq, quraq, abadlaşdıraq".

Müsahibimiz deyir ki, quruculuq təhsillə başlayır, təhsillə davam edir: "Bildiklərimi öyrətmək, ali məktəbdə tibbi tədris etmək həmişə arzum olub. Hər iki amalımı həyata keçirmək baxımından bu mənim üçün fürsət oldu. 30 il həsrətində olduğumuz Qarabağda Xankəndi Universitetində arzularımı gerçəkləşdirmək böyük xoşbəxtlikdir”.

Təhsilini yarımçıq qoyub ordu sıralarına yollanan tələbə

Növbəti həmsöhbətimiz 44 günlük Vətən müharibəsinin digər iştirakçısı Qarabağ Universitetinin Rəqəmsallaşma və İmtahan Mərkəzində böyük mütəxəssis, Mühəndislik fakültəsində müəllim kimi  fəaliyyət göstərən Zahir Əvəzlidir. 

Zahir müəllim Cəbrayıl rayon Daş Veysəlli kəndindəndir. Biləsuvarda yerləşən Cəbrayıl rayonu 8 nömrəli tam orta məktəbdə oxuyub. Ali təhsilini Azərbaycan Texnologiya Universitetində alıb: "2017-ci ildə magistratura imtahanından uğurla keçsəm də, həqiqi hərbi xidmətə yollandım. Əsgərlikdən gəldikdən sonra magistratura təhsilimi Azərbaycan Texniki Universitetində davam etdirdim. 1993-cü ildə əmim Zahid Abdullayev, 2016-cı ilin aprel döyüşlərində isə yaxınım Ruhin Qəhrəmanov şəhid olub. Təhsil aldığım dövrdə 44 günlük Vətən müharibəsi başladı. Onda da könüllü olaraq yazıldım. Müharibəyə getməli idim. Həmin vaxt təhsilimi davam etdirə bilməyəcəyimə əmin idim. İllərin yığılan intiqam hissi, vətən həsrəti mənə Bakıda oturmağa imkan verməyəcəkdi. Beləliklə də getdim müharibəyə".

Zahir müəllim Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O doğulanda Cəbrayıl 2 il idi ki, işğal edilmişdi. Ancaq azad olunmasında iştirak edənlərdəndir. Sözdə eşitdiyi, xəritədə gördüyü torpaqların azadlığı üçün silaha sarılıb, dirçəlişinə isə təhsil prosesində iştirakı ilə öz töhfəsini verir.

Deyir ki, kəndlərini əvvəldən çox yaxşı tanıyırdı: “Atam mənə xəritədə həmişə rayonumuzu, kəndimizi göstərirdi. Hətta kəndimizdə evlərin kimlərə aid olduğunu, bizim evin harada yerləşdiyini, məktəbin harada olduğunu, hansı yoldan gəlib-getdiklərini belə öyrətmişdi. Ona görə də əyani olmasa da, kəndimiz haqqında təsəvvürüm var idi.

Cəbrayıl işğaldan azad olunandan sonra atamla telefonla danışanda dedim ki, biz bir hündürlükdəyik və buradan öz kəndimizi görürəm. Atam məndən oradakı bağı gördüyümü soruşdu. Ona burada heç bir bağın olmadığını desəm də, səhv etdiyimi düşündü. İşğaldan azad olunandan sonra atam kəndə gedəndə gördü ki, həqiqətən də orada bağ yoxdur. 

Ermənilər bağı tamamilə dağıdıblar. Hətta ağacların köklərini belə yerdən çıxarıblar. Uzaqdan baxanda təsəvvür belə edə bilmirsən ki, burada vaxtilə böyük bir bağ olub. Yəni mənim xəritədən tanıdığım, atamın mənə dəfələrlə göstərdiyi Veysəlli bağı artıq yerində yox idi.

Müharibədən qayıtdıqdan sonra Qarabağda ixtisasıma uyğun olaraq işləmək istəyirdim. Qarabağ Universitetində vakansiyanı görən kimi heç düşünmədən müraciət elədim. Bu gün universitetin bir parçası olmaq, mənim üçün şərəfdir”. 

Qrup yoldaşı olan müharibə iştirakçıları

Söhbətimizi müzakirəyə başı qarışan gənclərlə davam edirik. Qrup yoldaşı olan bu gənclər İncəsənət fakültəsinin tələbələridir. Döyüşlərdə igidlik göstərən Nadir Cəfərov və Vəliyyədin Sadıqov qarmon ifaçılığı üzrə təhsil alırlar. 

Nadir Cəfərov Qubadandır. Orta ixtisas təhsilini Bakı Humanitar Kollecində alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətinin üçüncü ayında Şanlı Zəfərin qığılcımları alovlanıb: "Müharibə hər kəsi birləşdirir. Tanıdığın, tanımadığın hamı üçün yanırsan, çırpınırsan. Cəbrayıl şəhərinin azad edildiyi gün sevinc və kədəri eyni anda yaşadım. Ən yaxınlarımdan biri leytenant Rəşad Quliyevi axtarırdım. Oktyabrın 6-sı öyrəndim ki, şəhid olub. Bu xəbərə qədər az da olsa ümid edirdim ki, yaşayır.Ancaq çox təəssüf ki, ölüm xəbərini aldım. Həmin gecə döyüş yoldaşlarım və mavi səma mənə təsəlli oldu”. 

Səsi titrəyir, sanki hələ də 6 il əvvəlki 18 yaşlı əsgərdir: "Qubadlı uğrunda döyüşlərdə iştirak etdim, yaralandım və Ağcabədiyə göndərildim. Müharibənin son günlərində döyüşlərdə iştirak edə bilmədim. İllər sonra Qarabağdayam, tələbəyəm. Burada müəllimlər tələbələrə övladı, əzizi kimi qayğı göstərir”.

“Mənim həyatımdakı ardıcıllıq Qarabağla bağlıdır”, - deyən Vəliyyədin Sadıqov söhbətə qoşulur. 

Yevlax rayonunun Varvara kəndindən olan Vəliyyədin Mingəçevirdə yerləşən Üzeyir Hacıbəyov adına 11 illik musiqi məktəbində təhsil alıb. Həmin məktəbi bitirdikdən sonra isə musiqi təhsilini Şuşa Musiqi Kollecində davam etdirib. 2022-ci il iyulun 4-də həqiqi hərbi xidmətə yollanan müsahibimiz xidmətinə Şuşa şəhərində başlayır: "Əsgər olduğum dövrdə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. 23 saat 43 dəqiqə qısa müddətdir. Gün tamamlanmır amma, ərazi bütövlüyümüz tamamlandı".

Hərbi xidmətdən sonra Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması xəbərini həyatının növbəti addımı kimi qiymətləndirən tələbə ardıcıllığı pozmamaq qərarına gəlir: "Təhsilimi davam etdirmək istəyirdim. Niyə də Qarabağ Universitetini seçməyim ki?! - deyə düşündüm. Düzdü, mən bu yerlərdə olmuşdum, ancaq istədiyim kimi kəşf edə bilməmişdim. Tələbə olmaq arzumu reallaşdırdı”.

Vəliyyədin bizə Xankəndi, Qarabağ haqqında ağızdolusu  danışır:“Döyüş iştirakçısı və tələbə. Maraqlı keçiddir.Hansısa küçəyə, divara baxanda müharibə dövründən qalmış  iz axtarıram. Hər addım atdıqca xatirələrim yenidən canlanır. Bu gün artıq gələcəyini quran bir tələbəyəm”.

Burada təkcə insanlar deyil, təbiət də xoşbəxtdir

Bəli, müharibə meydanından dərs auditoriyalarına uzanan fərqli yollar… Müsahiblərim üçün Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi deyil, qazandıqları Zəfərin simvoludur. Yavaş-yavaş müsahibələri yekunlaşdırırıq. Universitetin həyətində təbiətlə baş-başa qalırıq. Günəş boylanır, dağların kölgəsini, dumanını göstərməyə can atır. Burada təkcə insanlar deyil, təbiət də xoşbəxtdir.