Sərhədin bir addımlığında yerləşən 37 yaşlı məktəb
Sədərək… Tarixin sərt sınaqlarından alnıaçıq çıxan, “Qeyrət qalası” kimi yaddaşlara həkk olunan bu sərhəd yurdu uzun illər mənfur düşmənə sinə gərib. Bu torpağın hünərli oğullarına bata bilməyən düşmənlər isə bu gün səksəkədədirlər. Çünki bir zamanlar Vətən yalnız xalqın iradəsi, mərdliyi və torpağa bağlılığı hesabına qorunurdusa, bu gün həm sərhəddə ayıq-sayıq dayanan əsgərlərin, həm müasir texnika ilə təchiz olunmuş ordunun, həm də dövlət qayğısının gücü ilə qorunur. Bu gün Sədərəyin siması tamamilə dəyişib. Dünənin ağrı-acılarını, mənəvi yaralarını səbir və dözüm ilə sinəsində daşıyan sədərəklilər bu qədim yurdun xoş günlərini gördükcə ürəklərinə sevinc dolur. Bir zamanlar sabaha ümidləri qalmayan insanlar bu gün daha aydın sabahlara, parlaq gələcəyə doğru inamla addımlayırlar. O gələcəyin ən möhkəm dayaqlarından biri isə təhsildir. Çünki təhsil hər bir dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır; təhsilsiz inkişaf, təhsilsiz tərəqqi mümkün deyil. Sərhəd bölgəsi olan Sədərək rayonunun timsalında bunu aydın görmək mümkündür.
Müstəqillikdən əvvəl və müstəqillik illərində bölgənin təhsil mühitini müqayisə etdikdə həm şərait, həm də keyfiyyət baxımından böyük fərq açıq görünür. Bu gün sərhədin bir addımlığında dayanan Sədərək rayon Heydər-abad qəsəbə tam orta məktəbi müasir təhsil mühiti, işıqlı sinif otaqları və sabaha inamla baxan şagirdləri ilə gələcəyin təminatına çevrilib. Bu məktəb artıq 37 ildir ki, fəaliyyət göstərir. Səhərin erkən çağı üz tuturuq Heydərabad qəsəbə tam orta məktəbinə. Məktəbin həyətinə çatanda ilk diqqətimizi çəkən sərhəd yaxınlığında ucalan üçrəngli bayrağın dalğalanmasıdır. O an sanki ürəyimizə qürur, gözlərimizə isə Vətən sevgisi dolur. Düşmənin bir addım uzaqlığında, sərhəd boyu dayanan məktəbliləri görəndə isə şahidi oluruq ki, burada təhsil alan gənclər də qorxmadan, inamla, içlərindəki Vətən sevgisi ilə dərsə başlayır, gələcək nəsillərə örnək olurlar. Çünki gələcək yalnız güclü, bilikli və Vətənini sevən nəsillərin əllərindədir və bu nəsil də məhz burada, bu məktəbdə yetişir.
Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışından sonra Sədərəkdə olması, sərhəd bölgəsinin sakinləri ilə görüşməsi və onların problemləri ilə maraqlanması burada həyatın bütün sahələrinin canlanmasına gətirib çıxardı. İnsanlar sabaha inamla baxmağa başladılar. Bu gün qazanılan uğurların təməli məhz o dövrdə möhkəmləndirilib.
Sədərəyin təhsil müəssisələri hərtərəfli qayğı ilə əhatə olunub, maddi-texniki bazası gücləndirilib, kadr təminatı yaxşılaşdırılıb. Təhsilin səviyyəsinin yüksəldilməsində başlıca amillərdən biri müasir tədris şəraitinin yaradılmasıdır. Bu məqsədlə məktəbin fəaliyyəti, təhsil mühiti tədris prosesi və yaradılan şəraitlə yaxından tanış olduq. Hazırda bu təhsil ocağında 49 şagird təhsil alır. Sevindirici haldır ki, məktəbin məzunları hər il qəbul imtahanlarında 100 faiz nəticə göstərirlər. Müasir və işıqlı sinif otaqları, zəngin laboratoriyalar, elektron lövhəli və kompüter sinifləri burada təhsilin yüksək səviyyədə qurulmasına imkan verir.
Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin tarix müəllimi 63 yaşlı Vətən Əhmədovla həmsöhbət olan zaman öyrənirik ki, artıq 36 ildir ki, müəllim kimi fəaliyyət göstərir. O deyir ki, bu təhsil ocağının digər məktəblərdən əsas fərqi 1990-cı illərdə sərhəddə baş verən tariximizin canlı şahidi olmasıdır. 1989-cu ildə fəaliyyətə başlayan məktəb qısa müddətdə bölgənin maarif mərkəzinə çevrilsə də, məlum hadisələr fonunda təhsil prosesi müvəqqəti olaraq dayanıb. Ulu Öndər Heydər Əliyev Sədərəyə gəldikdən sonra məktəb yenidən fəaliyyətini bərpa edib və bu gün Heydərabad qəsəbə tam orta məktəbi kimi tanınır. Məktəbin pəncərələri birbaşa sərhəd xəttinə açılır. Hətta məktəbin həyətindən erməni postları görünür.
Vətən Əhmədov həmin günləri xatırlayır: “Güllə səsləri altında dərs keçmişik. O vaxtlar Sədərək istiqamətində 18-19 gün davam edən ağır atışmalar zamanı kəndlə düşmən mövqeləri arasında qalın tüstü qatı əmələ gəlirdi. Amma bütün bu təhlükələrə baxmayaraq, qadınlar da, uşaqlar da kəndi tərk etmirdi". Söhbət zamanı öyrənirik ki, Vətən müəllim özü də Kərki kəndindəndir. O həm səngərdə döyüşüb, həm də məktəbdə dərs deyib: “Özüm sərhəddə vuruşurdum. Məktəblilər bizə yemək, su gətirirdilər. Uşaqların o fədakarlığını heç vaxt unutmaram. Həmin illərdə məktəbin ərazisində atılmış mərmilərin izləri, güllə deşikləri qalırdı. Hətta bir müddət məktəb binasında sovet ordusunun hərbi hissələri yerləşdirilmişdi. Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər Sədərəkdə torpağın müdafiəsi uğrunda döyüşürdülər. Bu müqəddəs ocaq təkcə Birinci Qarabağ müharibəsinin deyil, Vətən müharibəsinin də izlərini daşıyır. Belə ki, Heydərabad məktəbində təhsil alan şəhidimiz Tağı Abdullazadə İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olubdur”.
Digər həmsöhbətimiz məktəbin gənc müəllimi Fatimə Həsənova oldu. O bu il ibtidai sinif metodikası üzrə II sinifdə fəaliyyətə başlayıb. Özü Dəmirçi kəndindəndir. O bildirdi: “Məktəbimiz sərhədin bir addımlığında yerləşir. Təkcə mən yox, digər müəllimlər də uzaq kəndlərdən gələrək şagirdlərə bilik aşılayırlar. Şəhərdən uzaqda olmağımıza baxmayaraq, yeni metodlardan istifadə etməklə təhsil sistemini daha da təkmilləşdiririk. Əsas məqsədimiz vətənpərvər, savadlı uşaqlar yetişdirməkdir. Sərhəd bölgəsində yaşamasaq belə bu müqəddəs torpaqda xidmət etməyi özümüzə borc bilirik”.
Şagirdlərin də fikirlərini öyrənmək üçün onlarla həmsöhbət oluruq. Heydərabad qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Nuray İbrahimova deyir: “Sərhəd bölgəsində oxumaq bizim məsuliyyətimizi daha da artırır. Biz sərhədin bir addımlığında olmağımıza baxmayaraq, özümüzü daim güvəndə hiss edirik. Çünki bilirik ki, Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlərimiz var və bu da bizə daha yaxşı oxumaq üçün stimul yaradır. Mən dərslərimi də böyük məsuliyyətlə oxuyuram. I ixtisas qrupuna hazırlaşıram. Milli Aviasiya Akademiyasında təhsil almaq istəyirəm. Layiqli vətəndaş olmağımız üçün bizə geniş imkanlar açılıb. Mən də gələcəkdə Vətənimə bilik və əməyimlə xidmət edəcəyəm”.
Söhbətimizi yüksək dərəcədə sağlam, əmin və qürurlu notlarla yekunlaşdırırıq. Sərhəddə fəaliyyət göstərən bu təhsil ocağının önündə inamla, alnıaçıq dayanırıq. Çünki bilirik ki, cəmi 37 yaşı olan Heydərabad qəsəbə tam orta məktəbi bundan sonra da layiqli fəaliyyəti ilə savadlı, milli ruhlu və vətənpərvər gəncliyin yetişməsinə töhfə verəcək. Bu məktəbdə yetişən şagirdlər doğulduqları və yaşadıqları torpağın nə qədər müqəddəs olduğunu dərindən dərk etməlidirlər. Onlar bilməlidirlər ki, bu torpaq üzərində milli-mənəvi dəyərlərimiz böyük ehtiramla qorunur, tariximiz, kimliyimiz və gələcəyimiz bu dəyərlər üzərində ucalır. Məhz belə bir mühitdə formalaşan gənclərin Vətənə layiqli vətəndaş olmağın şərəfini duyduğunun bir daha şahidi olduq.



