Sertifikatlaşdırma müəllimləri necə dəyişir? – Lerik müəllimlərinin təcrübələri

29 İyun, 2026 - 17:54
Sertifikatlaşdırma müəllimləri necə dəyişir? – Lerik müəllimlərinin təcrübələri

Son illərdə təhsil sistemində həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların peşəkar inkişafına təkan verən mühüm islahat kimi qəbul olunur.

“Azərbaycan müəllimi” olaraq Lerik rayonu Elşən Səfərov adına Çayrud kənd tam orta ümumi təhsil məktəbində fəaliyyət göstərən müəllimlərin fikirlərini öyrəndikdə məlum olur ki, bu proses pedaqoji mühitdə məsuliyyət hissini artırır, müəllimləri daim öz üzərində işləməyə sövq edir və tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.

1993-cü il yanvarın 25-də Lerik rayonunun Çayrud kəndində anadan olan Şahid Hümmətov hazırda həmin məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərir. O, 2025-ci ildə sertifikatlaşdırma imtahanında iştirak edərək 55 bal toplayıb. Müəllim hesab edir ki, sertifikatlaşdırma çox vacib imtahandır, çünki hər fənni tədris edən müəllim daim öz üzərində işləməli və tədris etdiyi fənni dərindən bilməlidir. Onun sözlərinə görə, imtahana hazırlıq prosesi dərs prosesinin özü ilə paralel aparılmalıdır.

Şahid müəllim bildirir ki, sertifikatlaşdırma sinif otağında şagirdlərin qarşısına hansı müəllimlərin çıxacağını müəyyən edən mühüm göstəricidir. O, müəllimlərə tövsiyə edir ki, öz fənlərini sevərək tədris etsinlər və imtahana da bu prosesin davamı kimi hazırlaşsınlar.

“Sertifikatlaşdırma müəllimlərin inkişafına stimul verir”

Məktəbin informatika müəllimi Nüfər Həsənova Lerik rayonunda 6 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. O, 2025-ci ildə sertifikatlaşdırma prosesində iştirak edərək test mərhələsində 54 bal toplayıb. Müəllim bildirir ki, sertifikatlaşdırma prosesi onun peşəkar inkişafına mühüm töhfə verib. Hazırlıq dövründə o, fənn biliklərini yenidən sistemləşdirib, çatışmazlıqlarını müəyyən edərək aradan qaldırmağa çalışıb, həmçinin müasir tədris metodlarını daha dərindən öyrənərək tətbiq etməyə başlayıb. Onun fikrincə, bu proses özünəinamı artırıb, məsuliyyət hissini gücləndirib və daim öz üzərində işləməyin vacibliyini bir daha göstərib. Nüfər müəllim hesab edir ki, sertifikatlaşdırma müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların inkişafına stimul verir, tədris keyfiyyətinin yüksəldilməsinə xidmət edir. O, müəllimlərə tövsiyə edir ki, bu prosesi inkişaf fürsəti kimi dəyərləndirsinlər və planlı şəkildə hazırlaşsınlar.

“Sertifikatlaşdırma peşəkar inkişaf yolunda mühüm mərhələdir”

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qədir Kərimov 2023-cü ildə sertifikatlaşdırmada iştirak edərək 49 bal toplayıb. O, müəllimlik fəaliyyətini böyük sevgi və məsuliyyət hissi ilə həyata keçirdiyini bildirir. Onun fikrincə, sertifikatlaşdırma sadəcə qiymətləndirmə deyil, eyni zamanda peşəkar inkişaf yolunda mühüm mərhələdir. Bu proses müəllimin özünü yenidən dəyərləndirməsi, bilik və bacarıqlarını müasir tələblər baxımından təhlil etməsi üçün mühüm fürsət yaradır. Qədir müəllim qeyd edir ki, sertifikatlaşdırma ona daha sistemli işləməyi, biliklərini yeniləməyi və müasir təlim metodlarını daha dərindən mənimsəməyi öyrədib. Bu proses onun özünəinamını artırıb, məsuliyyət hissini gücləndirib və müəllimlik peşəsinə olan sevgisini daha da möhkəmləndirib. Onun fikrincə, sertifikatlaşdırma təhsil sistemində keyfiyyətin yüksəldilməsinə xidmət edən mühüm islahatlardandır və müəllimlərin peşəkar inkişafına ciddi töhfə verir.

“Təhsil daim yenilənir və müəllim də bu yeniliklərlə ayaqlaşmalıdır”

Məktəbin ibtidai sinif müəllimi Vüsalə Siyabzadə 2023-cü ildə sertifikatlaşdırma prosesində iştirak edib, test mərhələsindən 58, müsahibə mərhələsindən isə 36 bal toplayıb. Müəllim bildirir ki, sertifikatlaşdırma onun müəllimlik fəaliyyətinə çox müsbət təsir göstərib. Onun fikrincə, bu proses pedaqoji fəaliyyətə daha məsuliyyətli yanaşmağa, dərs prosesində daha diqqətli olmağa və özünü inkişaf etdirməyə şərait yaradır. Vüsalə müəllim sertifikatlaşdırmanı müəllimin peşəkar baxımdan yenilənməsi üçün vacib mərhələ kimi dəyərləndirir və onun davamlı keçirilməsini müsbət hal hesab edir.

Qeyd edir ki, sertifikatlaşdırma prosesi zamanı yalnız fənn biliklərini deyil, həm də pedaqoji və metodiki bacarıqlarını da təkmilləşdirməyə nail olub. Bu proses onun özünəinamını artırıb, məsuliyyət hissini daha da gücləndirib və müəllimlik peşəsinə olan sevgisini yenidən alovlandırıb. Müəllim hesab edir ki, müəllim daim öyrənən və inkişaf edən şəxs olduqda şagirdlərinə də daha çox fayda verə bilir.

Vüsalə müəllim vurğulayır ki, müasir dövrdə təhsil daim yenilənir və müəllim də bu yeniliklərlə ayaqlaşmalıdır. Onun fikrincə, sertifikatlaşdırma müəllimləri davamlı öyrənməyə təşviq edir, öz üzərlərində işləməyə motivasiya yaradır və nəticədə daha peşəkar müəllim, daha keyfiyyətli dərs və daha uğurlu şagird modeli formalaşır. Bu baxımdan sertifikatlaşdırma həm müəllimin, həm də bütövlükdə təhsil sisteminin inkişafına xidmət edən mühüm bir prosesdir. O əlavə edir ki, müəllim öz bilik və təcrübəsinə inanmalı, hazırlığa vaxtında başlamalı və müntəzəm şəkildə çalışmalıdır. Planlı hazırlıq, proqramın dərindən öyrənilməsi, test nümunələri üzərində işləmək və müasir təlim yanaşmaları ilə tanış olmaq uğurun əsas şərtlərindəndir. Müəllim həmkarlarına müraciət edərək bildirir ki, müəllimlik öyrənməyi heç vaxt dayandırmayan müqəddəs bir peşədir. Onun fikrincə, sertifikatlaşdırma bir son deyil, yeni başlanğıcdır. Hər kəs özünə inanmalı, biliklərinə güvənməli və hər bir çətinliyi inkişaf yolunda atılmış addım kimi qəbul etməlidir. O əmin olduğunu bildirir ki, əzmkarlıq, zəhmət və məqsədyönlülük hər bir müəllimi uğura aparan əsas amillərdir.

“Sertifikatlaşdırma müəllimlərdə məsuliyyət hissini artırır”

Məktəbin digər Azərbaycan dili və ədəbiyyat müəllimi Emil Qulamov 2023-cü ildə sertifikatlaşdırma imtahanında iştirak edərək 50 bal toplayıb. Hesab edir ki, müəllim hər zaman imtahanlara hazır olmalıdır, çünki özü şagirdləri imtahana hazırlayan şəxsdir. Onun fikrincə, müəllim daim öz üzərində çalışmalı və peşəkar inkişafını dayandırmamalıdır. Emil müəllim sertifikatlaşdırma prosesinin hər 3–5 ildən bir keçirilməsini müsbət qarşılayır. Bildirir ki, bu, müəllimlərdə məsuliyyət hissini artırır və onları daim inkişaf etməyə sövq edir. O, həmkarlarına tövsiyə edir ki, daim çalışsınlar və yeniliklərdən xəbərdar olsunlar.

Eyni zamanda qeyd edir ki, müasir təhsil mühiti müəllimdən təkcə fənn bilikləri deyil, həm də çevik düşünmə, yeni yanaşmaları mənimsəmə və innovativ metodları tətbiq etmə bacarığı tələb edir. Bu baxımdan sertifikatlaşdırma müəllimin yalnız bilik səviyyəsini deyil, eyni zamanda onun pedaqoji hazırlığını və peşəyə yanaşma məsuliyyətini də üzə çıxaran mühüm mexanizm kimi dəyərləndirilir. Müəllimin fikrincə, bu proses nəticə etibarilə tədrisin keyfiyyətinin yüksəlməsinə və şagirdlərin daha yaxşı nəticələr əldə etməsinə şərait yaradır.

“Bu cür qiymətləndirmələr təhsil sistemində sabitlik və inkişafı təmin edən mühüm vasitələrdəndir”

Məktəbin riyaziyyat müəllimi Tünzalə Əlihəsənova 2008–2013-cü illərdə Sumqayıt Dövlət Universitetində təhsil alıb, 2014-cü ildən isə Lerik rayonunda müəllim kimi fəaliyyət göstərir. 2024-cü ildə sertifikatlaşdırma imtahanında iştirak edərək 51 bal toplayıb. Müəllim bu prosesi öz peşəkar fəaliyyətinin mühüm hissəsi kimi qiymətləndirir və onun biliklərin yenilənməsi, tədris keyfiyyətinin artırılması baxımından əhəmiyyətli olduğunu bildirir.

Qeyd edir ki, sertifikatlaşdırma ona yalnız biliklərini yoxlamaq imkanı verməyib, həm də riyaziyyat fənnini tədris edərkən metodik yanaşmasını daha da təkmilləşdirməyə şərait yaradıb. Müəllimin fikrincə, riyaziyyat kimi məntiq və ardıcıllıq tələb edən bir fənnin tədrisində müəllimin daim yenilənməsi və öz üzərində işləməsi xüsusi əhəmiyyət daşıyır.

Tünzalə Əlihəsənova vurğulayır ki, bu proses onun dərs hazırlığında daha sistemli olmasına, mövzuları daha dərindən planlaşdırmasına və şagirdlərin fərdi yanaşma ilə öyrənməsinə diqqət yetirməsinə səbəb olub. Onun fikrincə, sertifikatlaşdırma müəllimin gündəlik pedaqoji fəaliyyətinə dolayı yolla da müsbət təsir göstərən bir mexanizmdir.

Eyni zamanda müəllim hesab edir ki, bu cür qiymətləndirmələr təhsil sistemində sabitlik və inkişafı təmin edən mühüm vasitələrdən biridir. Onun qənaətinə görə, müəllimlər bu prosesi bir imtahan kimi deyil, öz peşə keyfiyyətini artırmaq üçün bir imkan kimi qəbul etməlidirlər.

Ümumilikdə müəllimlərin fikirləri göstərir ki, sertifikatlaşdırma prosesi yalnız qiymətləndirmə mexanizmi deyil, həm də müəllimlərin peşəkar inkişafına, məsuliyyət hissinin güclənməsinə və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm islahatlardan biridir.