Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişaf ehtiyaclarını daha dəqiq müəyyən edir - Deputat

19 İyun, 2026 - 11:17
Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişaf ehtiyaclarını daha dəqiq müəyyən edir

“Müəllim yalnız bu günün deyil, həm də gələcəyin simasıdır. Çünki müəllim sadəcə dərs keçən şəxs deyil, o, gələcək nəslin dünyagörüşünü, düşüncə tərzini, vətəndaş mövqeyini və insan kimi formalaşmasını təmin edən əsas simalardan biridir. Hər bir ölkənin gələcəyi onun məktəbindən, məktəbin keyfiyyəti isə ilk növbədə müəllimdən başlayır”.

Bunu “Azərbaycan müəllimi”nə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı danışarkən Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat qeyd edib ki, Azərbaycanda təhsilə və müəllimə münasibət hər zaman həssasdır:

“Cəmiyyətdə məktəb və müəllim anlayışı xüsusi hörmətlə qarşılanır. Müəllimlər də öz adlarını, nüfuzlarını qorumağa çalışılar. Etiraf etmək lazımdır ki, müəllimlər hər zaman öz üzərlərində işləyir, inkişafları barədə düşünürlər. Uzun illər ərzində müəllimlərin peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi daha çox məktəbdaxili yanaşmalar, metodiki birliklər, attestasiyalar və fərdi təşəbbüslər əsasında aparılır. Yəni bu proses müəyyən mənada mövcud idi, amma vahid, sistemli, institusional və ölçülə bilən mexanizm kimi tam formalaşmamışdı.

Sertifikatlaşdırma prosesi isə bu baxımdan təhsil sisteminə yeni yanaşma gətirdi. Bu mexanizm müəllimlərin bilik və bacarıqlarının vahid meyarlar əsasında qiymətləndirilməsinə, onların peşəkar inkişaf ehtiyaclarının daha dəqiq müəyyən edilməsinə imkan yaratdı. Ən vacib məqam ondan ibarətdir ki, sertifikatlaşdırma müəllimi cəzalandırmaq üçün deyil, onun inkişafını dəstəkləmək üçün tətbiq olunan bir vasitə kimi qəbul olunmalıdır”

Ş.Seyidzadənin sözlərinə görə, bu prosesin bir neçə mühüm üstünlüyü var:

“Birincisi, sertifikatlaşdırma müəllimlərdə öz üzərində davamlı işləmək motivasiyasını artırdı. Müəllimlər üçün fənn biliklərini, pedaqoji yanaşmalarını və müasir tədris metodlarının yenilənməsi prioritet məsələlərdən birinə çevrildi.
İkincisi, bu proses təhsil sistemində obyektivlik və şəffaflıq elementlərini gücləndirdi. Müəllimlərin fəaliyyəti artıq yalnız subyektiv yanaşmalarla deyil, daha konkret meyarlarla qiymətləndirilir.

Üçüncüsü, sertifikatlaşdırma peşəkar inkişaf mədəniyyətini formalaşdırır. Hər kəs onu qəbul edir ki, təhsil daim dəyişən sahədir və bu sahədə işləyən şəxs də daim öyrənməli, yenilənməli və inkişaf etməlidir.

Dördüncüsü, bu proses müəllim peşəsinin nüfuzuna da təsir göstərir. Nəticə göstərən, bilik və bacarıqlarını təsdiq edən müəllimlərin əməyinin differensial şəkildə qiymətləndirilməsi həm motivasiya yaradır, həm də peşənin cəmiyyətdəki dəyərini artırır”
Beşincisi burada məsələnin maliyyə tərəfi də var. Təhsilverənlərin sertifikatlaşdırılması əməkhaqqlarının differensiallaşmasına gətirib çıxarır.