“Sessiya gözlədiyimdən daha rahat keçdi” - ATU-da qış imtahanlarından REPORTAJ
Qış imtahan sessiyası ali təhsil müəssisələrində tədris ilinin ən məsuliyyətli və gərgin mərhələlərindən biri hesab olunur. Bu dövrdə auditoriyalarda sakitlik hökm sürsə də, tələbələrin üzündəki həyəcan, imtahan öncəsi son təkrarlar və nəticə gözləntiləri sessiyanın əsl ab-havasını ortaya qoyur. Həm tələbələr, həm də müəllimlər üçün bu mərhələ biliklərin obyektiv qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Texnologiya Universitetində (ATU) də 2025–2026-cı tədris ilinin qış imtahan sessiyası 29 dekabr 2025-ci il tarixindən etibarən başlayıb. Sessiya çərçivəsində imtahanlar müasir tələblərə uyğun, obyektivlik və şəffaflıq prinsipləri əsasında keçirilir.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetin İmtahan Komissiyasının sədri, Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov məlumat verib.
İmtahanların təşkili və formatı: obyektivlik mexanizmi
Cəsarət Şabanov bildirib ki, qış imtahan sessiyası çərçivəsində imtahanlar yazılı və test formatında aparılır: “Yazılı imtahanlarda 5 sual olur və bu sualların cavablandırılmasına 3 saat vaxt verilir”.
Onun sözlərinə görə, test imtahanları kompüter vasitəsilə təşkil olunur: “Test formasında tələbəyə 50 sual təqdim olunur, cavablandırması üçün 1 saat vaxt verilir. Tələbə imtahanı kompüter vasitəsilə verir və nəticə anında bəlli olur”.
İmtahan Komissiyasının sədri vurğulayıb ki, yazılı imtahanların yoxlanılması zamanı şəffaflığın təmin olunması üçün xüsusi mexanizm tətbiq edilir: “İmtahan Komissiyasının tərkibində kodlaşdırma qrupu fəaliyyət göstərir. İmtahan vərəqləri yoxlanışa kodla təqdim olunur. Yəni müəllimin yoxladığı cavab kartı anonim olur”.
Zərurət yarandığı hallarda təkrar yoxlamaların aparıldığını deyən Cəsarət Şabanov əlavə edib: “Obyektivliyin qorunması və şəffaflığın təmin edilməsi üçün ehtiyac yarandıqda təkrar yoxlamalar aparılır. Nəticələr isə dekanlıqlar vasitəsilə tələbələrə ötürülür”.
Xüsusi ixtisaslar və inklüziv imtahanlar
Cəsarət Şabanov bəzi ixtisaslarda imtahanların fərqli formada təşkil olunduğunu da qeyd edib: “Dizayn kimi ixtisaslarda xüsusi qabiliyyət tələb edən fənlər var. Həmin fənlər üzrə imtahanlar praktik tapşırıqların yerinə yetirilməsi ilə təşkil olunur”.
O, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün də müvafiq şəraitin yaradıldığını bildirib: “Sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan tələbələrimiz üçün imtahanlar inklüziv qaydada təşkil olunur”.
İmtahan sessiyası dövründə Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyini deyən Cəsarət Şabanov statistik məlumatları da diqqətə çatdırıb: “Bu günə qədər komissiyaya 785 müraciət daxil olub, onların təxminən 10 faizi həllini tapıb”.
Onun sözlərinə görə, qış imtahan sessiyası çərçivəsində ümumilikdə 19 575 iştirak qeydə alınıb. Üzrlü və üzrsüz səbəbdən imtahanlarda iştirak etməyən tələbələr üçün də proses davam edir:
“Fevralın 3-dən üzrlü və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün imtahanlar başlayıb, proses 6 fevraladək davam edir”.
Tələbələr imtahan prosesini dəyərləndirirlər
Auditoriyalarda yaşanan həyəcanı, imtahan öncəsi və sonrası əhvali-ruhiyyəni ən dolğun şəkildə məhz tələbələrin özləri ifadə edir.
“Şərabçılıq” ixtisasının II kurs tələbəsi Əli Quliyev deyir ki, imtahan öncəsi həyəcan qaçılmazdır:
“İmtahana girəndə təbii ki, həyəcan olur. Amma sualları gördükdən sonra özünə inam artır. Ümumilikdə proses aydın və sistemlidir. Test imtahanlarında nəticənin dərhal elan olunması isə stresi xeyli azaldır”.
“Dizayn” ixtisasının III kurs tələbəsi Aysun Hüseynova praktik imtahanların məsuliyyətindən danışır:
“Bizim ixtisasda imtahan təkcə bilik yox, bacarıq da tələb edir. Tapşırığı yerinə yetirəndə həyəcan böyük olur, amma mövzular semestr ərzində keçdiklərimizə uyğun idi. Bu da özümüzü daha rahat hiss etməyə imkan verdi”.
“Marketinq” ixtisasının II kurs tələbəsi Aynur Məhərrəmova isə qiymətləndirmədə şəffaflığın tələbələrə güvən verdiyini vurğulayır:
“İmtahan ərəfəsində hər kəs nəticə barədə düşünür. Kodlaşdırma sisteminin tətbiqi isə bizə əminlik yaradır ki, qiymətləndirmə ədalətli aparılır. Ümumilikdə sessiya gözlədiyimdən daha rahat keçdi”.



