Sevda Məmmədəliyeva: Atamın yubileyi möhtəşəm oldu

5 Dekabr, 2025 - 18:22
Sevda Məmmədəliyeva: Atamın yubileyi möhtəşəm oldu

"Ulu Öndər Heydər Əliyev tərəfindən Yusif Məmmədəliyevin elmi irsi hər zaman yüksək qiymətləndirilib. Bu gün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsinə göstərilən həssas münasibət bizi son dərəcə qürurlandırır".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva mətbuata açıqlamasında deyib. 

“Qədim diyar Naxçıvan yazıçıları, alimləri, xüsusilə də dövlət xadimləri ilə şöhrət qazanmış bir torpaqdır. Bu torpaqla hər zaman fəxr edirəm. Bakıda yaşasam da, Naxçıvan və Ordubad mənim ürəyimdə elə doğmalıq hissi yaradır ki, bunu sözlə ifadə etmək çox çətindir. Orada olarkən özümü tam rahat hiss edirəm”, – deyə Sevda Məmmədəliyeva vurğulayıb.

Sevda Məmmədəliyeva Naxçıvanda yaradılan təhsil və mədəniyyət mühiti barədə də təəssüratlarını bölüşüb: “Builki yubiley tədbiri möhtəşəm şəkildə baş tutdu. Buna görə təşkilatçılara dərin minnətdarlığımı  bildirirəm. Mən inanıram ki, Naxçıvan torpağında digər gözəl alimlər də yetişəcək, çünki bunun üçün bütün imkanlar yaradılıb".