Şirvan-Salyan üzrə 10 şagird RFO-nun rayon mərhələsində maksimum nəticə göstərib
Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 10 şagird Respublika fənn olimpiadalarının rayon mərhələsində maksimum – 100 ballıq (informatika 400 bal) nəticə göstərib.
Bu barədə "Azərbaycan müəllimi"inin sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Turan Novruzov tarix (Salyan), Səda Mirzəli Azərbaycan dili, Aynaz İmanlı fizika, Habil Mehtizadə və Tunar Əhmədzadə informatika (Neftçala), Murad Həşimbəyli informatika (Biləsuvar), Zərifə Abbaslı kimya, Harun Alızadə, Yəhya Həsənli və Tural Cəfərov riyaziyyat (Şirvan) üzrə yüksək nəticə göstəriblər. Bu şagirdlərdən 3-ü kənd və qəsəbə məktəblərini təmsil edir.
Qeyd edək ki, Neftçala rayonu üzrə 106, Salyan rayonu üzrə 86, Biləsuvar rayonu üzrə 81, Hacıqabul rayonu üzrə 36 və Şirvan şəhəri üzrə isə 114 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb. Ümumilikdə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə təhsil müəssisələrindən 423 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edib.



