Sosial mediadan həddən artıq istifadə beyinə necə təsir edir?
Son illərdə “Instagram”, “TikTok”, “X” və s. bir çox sosial media platformalarında çoxsaylı və fərqli paylaşımları izləmək, səhifələri sürüşdürmək bir çox insan üçün vərdişə çevrilib.
Asılılıq
Bu vərdiş hətta asılılıq kimi də qiymətləndirilə bilər. Asılılıqlar üzrə ixtisaslaşmış amerikalı psixiatr Anna Lembkenin sözlərinə görə, sosial mediadan həddindən artıq istifadə narkotik asılılığı ilə müqayisə oluna bilən bir asılılığa səbəb ola bilər. Və hər bir asılılıq kimi, bu da beynimizə mənfi təsir göstərir.
Bu fenomenin miqyasının sübutu kimi, “brain rot” (beyin çürüməsi) ifadəsi 2024-cü ildə "Oxford English Dictionary"ə daxil edilib və belə təsvir olunub: “xüsusilə mənasız və ya stimullaşdırıcı olmayan məzmunun həddindən artıq istehlakı nəticəsində insanın zehni və ya intellektual vəziyyətinin guya pisləşməsi”.
“Dopamin çatışmazlığı”
A.Lembkeyə görə, beynimiz “həzz hormonu” kimi tanınan dopamini təbii şəkildə tənzimləyir. Lakin həddindən artıq sürüşdürmə bu tarazlığı pozur və beyin dopamin istehsalını azaldır. Nəticədə “dopamin çatışmazlığı” yaranır və bu da normal hissi bərpa etmək üçün bizi telefonda daha çox vaxt keçirməyə sövq edir.
Diqqət pozuntuları
Ekranda fasiləsiz sürüşdürmənin digər zərərli təsirlərinə diqqət pozuntuları da daxildir. "Instagram"da @doctor.bing təxəllüsü ilə tanınan bir nevroloqun sözlərinə görə, telefonda sürüşdürmək “konsentrasiyanı və əhvali-ruhiyyəni idarə edən kimyəvi maddələri pozur”.
Daha yavaş və daha çətin tapşırıqlara fokuslanmaqda çətinlik
Nevroloq izah edir: “Bildirişlərin fasiləsiz axını beyni təkrar-təkrar dopaminlə doldurur və onu tez və asan mükafatlara alışdırır. Zaman keçdikcə oxuma və ya problem həlli kimi daha yavaş və daha çox səy tələb edən tapşırıqlara diqqət yetirmək çətinləşir, çünki onlar eyni ani məmnuniyyəti vermir”.
Psixi sağlamlığımıza təsir
Lakin sürüşdürmənin təsirləri bununla bitmir. Telefonda saatlarla məzmun izləmək, xüsusilə “doomscrolling” kimi tanınan fenomen vasitəsilə psixi sağlamlığımıza da zərər verə bilər.
"Doomscrolling" nədir?
“Doom” (fəlakət, bədbəxt son) və “scrolling” (səhifəni aşağı sürüşdürmə) sözlərindən yaranan "doomscrolling", xüsusilə fəlakətli xəbərlər kimi mənfi xarakterli məzmunu sosial mediada məcburi şəkildə izləmək vərdişinə deyilir.
Narahatlıq yaradan dünya
Bu fenomen COVID-19 pandemiyası dövründə daha da gücləndi — həmin vaxt hər gün pandemiya ilə bağlı ölüm saylarını izləyirdik. O vaxtdan bəri isə müharibələr, qlobal istiləşmə və siyasət kimi amillər narahatlığımızı artırmağa davam edir.
Yalnız neqativlik, ümid yoxdur
2024-cü ilin sentyabrında "Harvard Medical School" "doomscrolling"in təhlükələri barədə xəbərdarlıq edən bir məqalə yayımlayıb. Məqalədə psixiatr Richard Mollica bildirir ki, mediada pis xəbərlərin üstünlük təşkil etməsi səbəbindən “ümid mesajları almırıq, hər şey neqativdir”.
Stresə cavab olaraq "doomscrolling"
"Harvard Medical School"un həkimi Aditi Nerurkarın sözlərinə görə, "doomscrolling" əslində stresə bir reaksiya ola bilər. O deyir ki, beynimiz və bədənimiz “qısa müddətli stres dalğalarını idarə etmək üçün yaradılıb. Lakin illərdir bu stres daimi xarakter alıb” və bəlkə də idarə etmək üçün həddindən artıqdır.
Daha pis psixi sağlamlıq və həyat məmnuniyyətinin azalması
2023-cü ildə 1.200 böyüyün sürüşdürmə vərdişlərini təhlil edən bir araşdırma göstərib ki, "doomscrolling" daha zəif psixi rifah və həyat məmnuniyyətinin azalması ilə əlaqəlidir.
Daha yüksək narahatlıq
2024-cü ilin avqustunda 800 böyüyü əhatə edən və "Computers in Human Behavior Reports" jurnalında dərc olunan araşdırma bu nəticələri təsdiqləyərək "doomscrolling"i həyatın böyük sualları ilə bağlı stres forması olan ekzistensial narahatlığın artması ilə əlaqələndirib.
Fiziki təsirlər
Harvard mütəxəssislərinin sözlərinə görə, "doomscrolling" psixi sağlamlıqla yanaşı, fiziki fəsadlara da səbəb ola bilər. Mümkün simptomlara baş ağrısı, ürəkbulanma, əzələ gərginliyi, boyun və çiyin ağrısı, iştahsızlıq, yuxu pozuntuları və hətta yüksək qan təzyiqi daxildir.
"Doomscrolling"i necə dayandırmalı?
Güman etdiyiniz kimi, müasir cəmiyyətdə bir çox insan "stress–doomscrolling" dövrünə düşüb. Lakin narahat olmayın — mütəxəssislərin fikrincə, bu asılılığa son qoymağın yolları var. "Vogue" jurnalının sitat gətirdiyi nevroloq Emily McDonaldun bəzi tövsiyələri:
Səhər oyanan kimi sürüşdürməyin
McDonald deyir: “Səhər oyandıqda beyin dalğalarımız "theta" və "alfa" diapazonunda daha güclü olur. Beynimiz daha həssas vəziyyətdə olur, bu da o deməkdir ki, həmin vaxt istehlak etdiyimiz məzmun əhvali-ruhiyyəmizə daha güclü təsir göstərir”.
Gün ərzində artan istək
O əlavə edir: “Səhər ilk iş olaraq sosial medianı yoxlamaq dopamini artırır, bu da beyni daha tez yayınmağa meyilli edir və günün qalan hissəsində daha çox məzmun istehlak etmək istəyini artırır”.
Bildirişləri söndürün
Bundan əlavə, nevroloq bildirişləri söndürməyi tövsiyə edir, çünki onlar “beynimizdə stimul-reaksiya əlaqəsini tetikmək üçün hazırlanıb”.
Məzmunu seçərək izləyin
Mütəxəssis həmçinin izlədiyimiz məzmunu süzgəcdən keçirməyi, yalnız ən ilhamverici paylaşımları saxlamağı tövsiyə edir ki, sosial şəbəkələr zərərli deyil, faydalı olsun.



