Böyük Britaniya evdə təhsil mühitini gücləndirmək üçün 32 milyon funt sterlinq ayırdı
Böyük Britaniya hökuməti uşaqların məktəbə hazırlıq səviyyəsini artırmaq məqsədilə yeni tədqiqat və innovasiya proqramına 31,9 milyon funt sterlinq ayırıb.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, “UK Research and Innovation” və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi proqram uşaqların evdə öyrənmə mühitinin yaxşılaşdırılmasına yönəlib.
Layihənin əsas məqsədi 2028-ci ilə qədər uşaqların 75 faizinin məktəbə tam hazırlıqlı şəkildə başlamasını təmin etməkdir.
Proqram çərçivəsində valideynlərin uşaqların təhsilinə daha fəal cəlb olunması, oyun və öyrənmə imkanlarının artırılması, eləcə də evsiz ailələrin uşaqları üçün xüsusi dəstək mexanizmlərinin hazırlanması nəzərdə tutulur.
Təşəbbüs çərçivəsində alimlər, yerli idarəetmə orqanları, məktəb rəhbərləri və ictimai təşkilatlar birgə fəaliyyət göstərəcəklər.
Maliyyələşdiriləcək layihələr arasında ataların uşaqların inkişafında iştirakını artıran modellər və müvəqqəti yaşayış yerlərində yaşayan uşaqlar üçün dəstək proqramları da yer alır.
Böyük Britaniyanın elm naziri “Lord Vallance” bildirib ki, hər bir uşaq mənşəyindən asılı olmayaraq həyata yaxşı başlanğıc əldə etməlidir və bu təşəbbüs təhsildə bərabər imkanların genişlənməsinə xidmət edəcək.
Mütəxəssislər vurğulayırlar ki, evdə öyrənmə mühitinin gücləndirilməsi uşaqların məktəbdə davranışına, özünəinamına və akademik nəticələrinə birbaşa təsir göstərir.



