Sosial müdafiəyə ehtiyacı olanlar üçün əlavə təhsil ödənişli olacaq?
Bu gün Milli Məclisin plenar iclasında “Təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
“Azərbaycan müəllimi”nin xəbərinə görə, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, dəyişikliklər normativ hüquqi aktlar arasında mövcud ziddiyyətin aradan qaldırılması məqsədi daşıyır. Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarına əsasən, təkrar ali və orta ixtisas təhsili, ixtisas dərəcələrinin yüksəldilməsi və yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir.
Bu isə sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün də əlavə təhsilin ödənişli olması deməkdir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Anar İsgəndərov qeyd edib ki, təqdim olunan qanun layihəsində “Təhsil haqqında” Qanunun 14.8-ci maddəsinə dəyişiklik təklif olunub. Dəyişikliklərə əsasən, sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla aldıqları təhsil, əlavə təhsil istisna olmaqla, dövlət büdcəsi hesabına maliyyələşdirilə bilər.
Komitə sədri vurğulayıb ki, məqsəd aztəminatlı və həssas kateqoriyadan olan şəxslərin təhsilə çıxış imkanlarını genişləndirmək və mövcud hüquqi boşluqları aradan qaldırmaqdır.
Qanun layihəsi bu gün Milli Məclisdə qəbul edilib.



