Sosial şəbəkədə görüb həvəsləndi, arzusunu gerçəyə çevirdi
Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən Dron idmanı üzrə respublika turnirində (First Person View (FPV) Drone) Astara məktəblisi uğurlu nəticə əldə edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Astara rayonu Şahağac kəndi Davud Əsədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Teymur Əsədullazadə yarışda II yeri tutaraq gümüş medala layiq görülüb.
14 yaşlı Teymurun dronlara marağı sosial şəbəkələrdə FPV dron uçuşlarını izlədikdən sonra yaranıb. O bildirib ki, STEAM Azərbaycanın təşkil etdiyi yarış və festivalları daim maraqla izləyib, daha sonra isə özü də bu sahə ilə ciddi məşğul olmağa başlayıb.
Şagird yarışa ciddi hazırlaşdığını deyib: “Yarış üçün hər gün məşq edirdim. Təxminən 2-3 saat dron idarə etməyə çalışırdım. Maneələrdən düzgün keçmək və sürətli uçmaq üçün çox məşq etmişdim”.
Teymur qeyd edib ki, bu onun iştirak etdiyi ilk böyük yarış olub. Buna baxmayaraq, o, ölkə üzrə ikinci yer qazanaraq böyük uğura imza atıb: “Çox həyəcanlandım. Çünki bu yarış üçün çox hazırlaşmışdım. Adım açıqlananda özümü çox xoşbəxt hiss etdim. Mərhələlər çox çətin idi, daha əvvəllər yarışlarda iştirak edən uşaqlar da var idi. Mənim rəqiblərim 13-17 yaşlılar idi”.
Şagirdin sözlərinə görə, ilk turlarda həyəcan səbəbindən istədiyi nəticəni əldə edə bilməsə də, sonradan özünü toparlamağı bacarıb: “3 dəfə yarışdıq. İlk turda həyəcanlı idim, 20 tur edə bildim. Sonra 21 tur etdim. Amma üçüncü yarışda özümü toparladım, həyəcanımı saxladım, ancaq drona fikir verdim. Onda da 28 tur edə bildim və bu məni gümüş medalçı elədi”.
Teymur gələcəkdə daha peşəkar dron pilotu olmaq istədiyini vurğulayıb. O, builki əsas məqsədinin SAF-a qatılmaq və birinci yer qazanmaq olduğunu deyib.
Qeyd edək ki, FPV (First Person View) ifadəsi “ilk insan baxışı” mənasını verir və əsasən xüsusi eynəklərlə idarə olunan dron uçuşlarına aid edilir.



