Süni İntellekt Akademiyası 500 mühəndis hazırlayacaq

9 İyul, 2026 - 15:51
Süni İntellekt Akademiyası 500 mühəndis hazırlayacaq

2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur. Bu addım Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin inkişafına, eləcə də ölkənin mədəni və linqvistik suverenliyinin gücləndirilməsinə xidmət edəcək.

"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, növbəti mühüm addımlardan biri Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılmasıdır.

"Dünyada mövcud olan böyük dil modellərinin əksəriyyəti ingilis və bir neçə başqa dominant dil üzərində öyrədilib. Bu isə Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu deməkdir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq", - deyə Ramid Namazov vurğulayıb.

Komissiya sədri qeyd edib ki, Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir. Bunlar süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi, məlumatların idarə edilməsi və hesablama infrastrukturunun inkişafı, kadr potensialının gücləndirilməsi, eləcə də ictimai maarifləndirmədir.

Onun sözlərinə görə, strategiyada cəmiyyətin süni intellektin yalnız imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması və bu sahədə etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilib.

"Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir", - deyə Ramid Namazov bildirib.

O əlavə edib ki, Azərbaycanın süni intellekt sahəsindəki strategiyası xüsusi sahələrdə texnoloji suverenliyi təmin etməklə yanaşı, digər istiqamətlərdə beynəlxalq tərəfdaşlıqdan faydalanan balanslaşdırılmış inkişaf modelinə əsaslanır.