Süni intellekt dövrünün müəlliminin hansı bacarıqları olmalıdır? – UNESCO açıqladı

6 Oktyabr, 2026 - 17:53
Süni intellekt dövrünün müəlliminin hansı bacarıqları olmalıdır?

Süni intellektin təhsilə təsiri artdıqca müəllimlərin bu texnologiyadan düzgün və məsuliyyətli istifadə etməsi üçün hansı bilik və bacarıqlara yiyələnməli olduğu da aktuallaşır. 

"Azərbaycan müəllimi" xəbər verir ki, UNESCO tərəfindən hazırlanmış yeni nəşr müəllimlərin süni intellekt əsrində mənimsəməli olduğu bilik, bacarıq və dəyərləri müəyyənləşdirir.

Süni intellekt böyük həcmdə məlumatı emal edir, yeni məzmun yaradır və proqnozlaşdırıcı təhlillər vasitəsilə qərarverməyə kömək edir. Təhsildə isə bu texnologiyanın tətbiqi ənənəvi “müəllim-şagird” münasibətlərini tədricən “müəllim- süni intellekt-şagird” modelinə çevirir. Bu dəyişiklik müəllimin roluna və yeni dövr üçün zəruri kompetensiyalarına yenidən baxılmasını tələb edir.

Bununla belə, bir sıra ölkələrdə müəllimlərin süni intellekt sahəsində hansı kompetensiyalara malik olmalı olduğu hələ müəyyən edilməyib və bu istiqamətdə milli hazırlıq proqramları da məhduddur.

Bu boşluğu aradan qaldırmaq məqsədilə hazırlanmış “Müəllimlər üçün süni intellekt kompetensiyaları çərçivəsi” müəllimlərin süni intellekt dövründə mənimsəməli olduğu bilik, bacarıq və dəyərləri sistemləşdirir. Sənəd müəllimlərin hüquqlarının qorunması, insan amilinin və müstəqil qərarvermə imkanlarının gücləndirilməsi, eləcə də dayanıqlılığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Çərçivədə beş istiqamət üzrə 15 kompetensiya müəyyənləşdirilib:
- İnsan mərkəzli düşüncə;
- Süni intellekt etikası;
- Süni intellektin əsasları və tətbiqi;
- Süni intellekt əsaslı pedaqogika;
- Peşəkar inkişaf üçün süni intellekt.

Müəllimlərin bu kompetensiyaları mənimsəməsi isə üç mərhələdə nəzərdə tutulur: mənimsəmə, dərinləşdirmə və yaratma.

Qlobal istinad sənədi kimi hazırlanmış çərçivə ölkələrə milli süni intellekt kompetensiya çərçivələrini formalaşdırmaqda, müəllim hazırlığı proqramlarını təkmilləşdirməkdə və qiymətləndirmə meyarları hazırlamaqda istiqamət verir. Eyni zamanda, müəllimlərə süni intellekt ilə bağlı biliklərini artırmaq, texnologiyadan etik prinsiplər əsasında istifadə etmək və peşəkar inkişaflarını dəstəkləmək üçün praktik istiqamətlər təqdim edir.

Çərçivə sənədinin tam versiyası ilə keçid vasitəsilə müxtəlif dillərdə tanış olmaq mümkündür.