"Süni intellekt və maliyyə: Sabaha baxış" mövzusunda konfrans keçirilib
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Süni intellekt və maliyyə: Sabaha baxış” mövzusunda kolleclərarası elmi-praktik tələbə konfransı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdən öncə Dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələrinin hazırladıqları Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş edilib.
Çıxış üçün söz alan UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov ölkəmizdə möhkəm iqtisadi təmələ söykənən davamlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini qeyd edib: “Bu strategiyanın əsas istiqamətlərindən biri iqtisadiyyatın modernləşdirilməsi, insan kapitalının gücləndirilməsi və yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasıdır. Məhz buna görə də təhsil və gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır”. Prorektor xüsusilə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsilə, elmə və gənclərə böyük önəm verib. Əbədiyaşar lider Azərbaycanın gələcəyini savadlı, vətənpərvər və müasir dünyagörüşünə malik gənclərdə görürdü. Heydər Əliyev çıxışlarında dəfələrlə qeyd edirdi ki, hər bir dövlətin tərəqqisi ilk növbədə onun intellektual potensialından asılıdır. Bu gün Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı məhz həmin siyasi kursun uğurlu davamıdır: “Siz elə bir dövrdə yaşayır və fəaliyyət göstərirsiniz ki, bilik və informasiya ən böyük sərvət hesab olunur. Rəqəmsal iqtisadiyyat və innovasiyalar dünyasında uğur qazanmaq üçün daim öyrənmək, yeniliklərə açıq olmaq, təşəbbüskar və çevik düşünmək lazımdır. Unutmayın ki, gələcəyin maliyyə sistemi məhz sizin ideyalarınız, araşdırmalarınız və layihələriniz əsasında formalaşacaq. Güclü dövlət yalnız güclü iqtisadiyyatla deyil,yüksək mənəvi dəyərlərə malik vətəndaşlarla inkişaf edir”.
Şaiq Əsgərov bugünkü konfransın “Süni intellekt və maliyyə: Sabaha baxış” mövzusuna həsr olunmasının təsadüfi olmadığını deyərək dünyada baş verən sürətli texnoloji dəyişikliklərin maliyyə sektorunda yeni çağırışların və geniş imkanların formalaşdırdığını bildirib. Süni intellekt artıq risklərin qiymətləndirilməsi, investisiya idarəçiliyi, maliyyə təhlili, müştəri xidmətləri və qərar qəbuletmə proseslərində geniş tətbiq olunur. Bu texnologiyalar maliyyə əməliyyatlarının daha şəffaf, sürətli və effektiv həyata keçirilməsinə mühüm töhfə verir. Eyni zamanda, böyük verilənlərin analizi, proqnozlaşdırma modelləri və avtomatlaşdırılmış idarəetmə sistemləri maliyyə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını yaradır. Lakin burada bir məqamı xüsusi qeyd etmək vacibdir: texnologiya nə qədər inkişaf etsə də, insan amili öz əhəmiyyətini itirmir. Əksinə, süni intellekt dövründə analitik düşüncə, etik yanaşma, strateji baxış və məsuliyyət hissi daha da vacib olur. Gənclərimizin əsas vəzifəsi yalnız yeni texnologiyaları öyrənmək deyil, eyni zamanda onları düzgün və səmərəli tətbiq etmək bacarığına yiyələnməsidir.
Prorektor Azərbaycan Dövlət İqtisad Universitetinin əsas məqsədinin yalnız nəzəri bilik verən ali təhsil müəssisəsi olmaq deyil, həm də tələbələri müasir dövrün çağırışlarına hazırlayan, onların yaradıcı və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirən innovativ təhsil mühitinin formalaşdırması olduğunu deyib. Bu baxımdan Maliyyə-İqtisad Kollecinin belə bir konfransa ev sahibliyi etməsinin təqdirəlayiq hal olduğunu söyləyərək bugünkü konfrası yüksək qiymətləndirib: “Belə elmi tədbirlər tələbələrin tədqiqat bacarıqlarının inkişafında, onların elmi mühitə inteqrasiyasında və innovativ düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Bu gün burada səslənəcək fikirlər, təqdim olunacaq layihələr və aparılacaq müzakirələr gələcək uğurların başlanğıcı ola bilər”.
UNEC nəzdində Azərbaycan Maliyyə -İqtisad Kollecinin direktoru Davud Davudov Ulu Öndər Heydər Əliyevin hər zaman təhsilin, elmin və müasir düşüncənin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdiyini bildirib: “Bu gün biz məhz onun yaratdığı möhkəm təməl üzərində dayanaraq yeni dövrün çağırışları ilə üz-üzəyik. Həmin çağırışların mərkəzində isə süni intellekt dayanır”.
Direktor qeyd edib ki, müasir dövrdə süni intellekt yalnız texnoloji yenilik deyil. O, iqtisadiyyatın strukturunu dəyişən, qərarvermə mexanizmlərini yenidən formalaşdıran və maliyyə sektoruna tamamilə yeni nəfəs gətirən güclü vasitədir. Bu gün bank sektorunda risklərin qiymətləndirilməsi, maliyyə əməliyyatlarının avtomatlaşdırılması, dələduzluğun qarşısının alınması və məlumatların təhlili kimi sahələrdə süni intellektin geniş tətbiq olunduğunu müşahidə edirik. Bütün bu dəyişikliklər bizə bir həqiqəti açıq şəkildə göstərir: gələcəyin maliyyə mütəxəssisi yalnız nəzəri biliklərlə kifayətlənməməlidir. O, analitik düşüncəyə malik, texnologiyanı anlayan və onunla işləməyi bacaran peşəkar olmalıdır. Qeyd olunub ki, məhz bu baxımdan orta ixtisas təhsili müəssisələrinin rolu daha da artır. Çünki kolleclər çevikliyi və dəyişən əmək bazarına sürətli uyğunlaşma imkanları ilə müasir dövrün tələblərinə ən operativ cavab verə bilən təhsil müəssisələridir: “Bizim əsas məqsədimiz tələbələrimizi yalnız diplom sahibi kimi deyil, əmək bazarına hazır, praktik bacarıqlara malik, müasir düşüncəli və rəqabətqabiliyyətli gənclər kimi formalaşdırmaqdır.Bu istiqamətdə Azərbaycan Maliyyə-İqtisad Kolleci olaraq artıq konkret addımlar atmışıq. Tədris proqramlarımız müasir çağırışlara uyğunlaşdırılır, maliyyə ixtisaslarında rəqəmsal texnologiyalar və süni intellektlə bağlı modulların tətbiqi nəzərdən keçirilir. Eyni zamanda əmək bazarının nümayəndələri ilə əməkdaşlığımızı genişləndirərək tələbələrimizin real iş mühiti ilə erkən mərhələdə tanış olmasına xüsusi önəm verilir”.
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicran Əyyubova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsilin, elmin və insan kapitalının inkişafına xüsusi diqqət yetirib. O qeyd edib ki, əbədiyaşar liderin hakimiyyəti dövründə ali və orta ixtisas və peşə təhsili müəssisələri özünün inkişaf dövrünü yaşayıb.
Direktor daha sonra bu gün süni intellektin maliyyə sektorunda mühüm rol oynadığını və gələcəyin mütəxəssislərinin yalnız nəzəri biliklərlə deyil, həm də rəqəmsal bacarıqlarla seçilməli olduqlarını söyləyib. O qeyd edib ki, orta ixtisas təhsil müəssisələrinin əsas məqsədi əmək bazarına uyğun, rəqabətqabiliyyətli və müasir düşüncəli gənclər yetişdirməkdir.
UNEC nəzdində Sosial -İqtisad Kollecinin direktoru Mübariz Hacıbəyov isə söyləyib ki, müasir dövrdə “güclü dövlət” anlayışı dəyişir və artıq dövlətlərin əsas gücü insan kapitalı, bilik və texnologiya hesab olunur. Onun sözlərinə görə, süni intellekt iqtisadiyyatın və maliyyənin bütün sahələrinə təsir göstərir, yeni imkanlar yaratmaqla yanaşı yeni peşələrin də formalaşmasına səbəb olur. Mübariz Hacıbəyov vurğulayıb ki, müasir dövrdə uğur qazanmaq üçün insanlar daim öyrənməli, yenilənməli və texnologiyalara uyğunlaşmalıdırlar.
Çıxışlarda həmçinin müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların artıq həyatımızın bütün sahələrinə, xüsusilə maliyyə və təhsil sektoruna ciddi təsir göstərdiyini, gələcəyin uğurlu cəmiyyətinin əsasını bilikli, çevik düşüncəli və texnologiyalara uyğunlaşa bilən insan kapitalı təşkil edildiyi, Ulu Öndər Heydər Əliyevin təhsilin və elmin inkişafına verdiyi önəm xüsusi qeyd olunmaqla yanaşı, bu siyasətin bu gün də uğurla davam etdirildiyi bildirilib. Gələcəyin əsas tələbi davamlı öyrənmək, yeniliklərə açıq olmaq və rəqəmsal bacarıqları inkişaf etdirməkdir.
Sonra UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Nəzrin Yəhyayeva “Rəqəmsal bank xidmətlərində süni intellekt”, BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbəsi Rüqəyya Əbilova “Maliyyə ekosistemində süni intellektin rolu”, UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Səmayə Abışova “Süni intellektin mühasibatlıq və maliyyəyə təsiri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin tələbəsi Zəhra Hüseynova “Mühasibat uçotu və süni intellekt”, UNEC nəzdində Sosial-İqtisad Kollecinin tələbəsi Ruslan Xəlilzadə “Süni intellekt və maliyyə: Qlobal transformasiya” mövzularında təqdimatlar ediblər.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.



