Taekvondo ilə böyüyən arzular: Rizvan və Aysunun uğur hekayəsi

23 İyun, 2026 - 15:40
Taekvondo ilə böyüyən arzular: Rizvan və Aysunun uğur hekayəsi

Elə gənclərimiz var ki, onlar öz adlarını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdırıblar. Mötəbər idman yarışlarında Bayrağımızı qürurla dalğalandırıb, Dövlət himnimizin sədalarını yüksəldiblər. Sevindirici haldır ki, belə idmançılarımızın sırasında məktəblilərimiz də var.

"Azərbaycan müəllimi" gənc idmançılarla həmsöhbət olub.

İlk olaraq taekvondo idman növündə Birinci Pum qara kəmər sahibi Rizvan Abdullayevlə söhbətləşirik. 
Rizvanın 11 yaşı var. Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 5 sinfində təhsil alır. 3 ildir ki, taekvondo idman növü üzrə Azərbaycan milli komandasının üzvüdür və öz çəkisi üzrə birinciliyini qoruyub saxlayır. Atası məşqçi olduğu üçün idmana marağı da elə kiçik yaşlarından başlayıb. Qatıldığı beynəlxalq, eləcə də ölkə səviyyəli yarışlarda uğurlar qazanıb.

“Kiçik yaşlarımdan idmanla maraqlanmışam. Bu, həm öz seçimim, həm də atamın yönləndirməsi sayəsində olub. 2024- cü ildə 27 kq çəki dərəcəsində Azərbaycan birincisi, həmin ildə Rusiya Federasiyasının Dağıstan şəhərində keçirilən beynəlxalq turnirin qalibi olmuşam. 2025-ci ildə 30 kq çəki dərəcəsində yenidən Azərbaycan birinciliyini qazanmışam. Növbəti beynəlxalq yarışım isə Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyi idi. Fərqli təəssüratlarım var bu yarışdan. Bir gündə 6 müxtəlif ölkədən olan rəqiblərimə tam üstünlüklə qalib gələrək Avropa birincisi tituluna yiyələndim. Yüzlərlə idmançının qatıldığı, ölkəsini təmsil etdiyi yarışda himnimizi səsləndirib, üç rəngli bayrağımızı zirvələrə qaldırmağın sevincini yaşamışam”.

Balaca idmançımız 2026-cı ildə yeniyetmələr arasında 33 kq çəki dərəcəsində Azərbaycan birincisi olub. 
“3 dəfə ölkə birinciliyim olub, hər biri də müxtəlif çəki dərəcələrində. Qarşıda bizi Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək Avropa birinciliyi gözləyir. Bu yarışa da qalibiyyət üçün qatılacağam. Ən böyük arzularımdan biridir ki, peşəkar idmançı olub və bütün yüksək titulları qazanım. Hələlik hər hansı bir sahəyə istiqamətlənməyim üçün tezdir”.

 Rizvanın atası, eyni zamanda məşqçisi olan Cəlil Abdullayev də fikirlərini bizimlə bölüşür:

“Rizvan lap balaca yaşlarından idmana maraq göstərib və valideyni olaraq ona dəstək olmuşam. İdmanda uğurlu olmaq üçün həm fasiləsiz məşqlər, həm də idman şansı olmalıdır. Məqsədli şəkildə doğru proqramda və fasiləsiz olan məşqlərdə uğur daha tez əldə edilir deyə düşünürəm.  Çəkilən əziyyətin qarşılığının bir gün alınacağına inananlardanam”.

Aysu Qəribli 2014-cü ildə anadan olub, hazırda Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdidir. İdmana maraq göstərir və artıq taekvondo idman növündə nailiyyətlər əldə edib. “İdmana olan həvəsim və sevgim müəllimim, həm də əmim Hafiz Qəribli sayəsində yaranıb. Onun mənə verdiyi dəstək, dəyərli məsləhətlər və idmana olan sevgisi məni bu sahəyə daha da bağlayıb. Əmim hər zaman mənə inanıb, ruhlandırıb və məqsədlərimə çatmaq üçün çalışmağın vacibliyini öyrədib. Bu gün idmanda qazandığım uğurların səbəblərindən biri məhz onun göstərdiyi diqqət və qayğıdır”.

Aysu deyir ki, idmanla məşğul olmaq istədiyini bildirəndə ailəsi ona dəstək olub. 

“Qız uşaqları üçün adətən müəyyən sənət sahələrinin və peşələrin daha uyğun olduğu deyilir. Lakin mən idmana böyük maraq göstərdiyim zaman bu seçimimə hörmətlə yanaşılıb və ciddi bir etirazla qarşılaşmamışam. Əksinə, ətrafımdakı insanların dəstəyi mənə daha da güc verib”.

İdman uğurlarından danışan ölkə çempionu növbəti yarışlara da əzmlə hazırlaşır.

“Azərbaycanın bir çox rayonlarında keçirilən yarışlarda da birincilik qazanmışam. 2024-cü ildə 33 kq çəki dərəcəsində Azərbaycan çempionluğunu qazanmışam. Bundan sonra daha da güclü məşqlər edərək 2025-ci ildə 44 kq çəki dərəcəsində yenidən ikiqat Azərbaycan çempionu titulunu almışam. Həmin ilin noyabr ayında Yunanıstanın Afina şəhərində keçirilən beynəlxalq turnirdə 44 kq çəki dərəcəsində 3-cü yerin sahibi olmuşam. Digər beynəlxalq turnirdə, 2025-ci ilin may ayında Sumqayıtda keçirilən yarışda 5 ölkə arasında ölkəmizi təmsil edərək 1-ci yerə layiq görülmüşəm”.

Taekvondo ilə böyüyən arzular: Rizvan və Aysunun uğur hekayəsi
Taekvondo ilə böyüyən arzular: Rizvan və Aysunun uğur hekayəsi
Taekvondo ilə böyüyən arzular: Rizvan və Aysunun uğur hekayəsi