“Təhsil liderləri üçün mini MBA” proqramı yekunlaşdı - 37 iştirakçı sertifikat aldı
Əsas iştirakçıları məktəb direktorları və direktor müavinləri olan “Təhsil liderləri üçün mini MBA proqramı” qrant layihəsi yekunlaşıb. Əvvəlcə imtahan, sonra mükafatlandırma keçirilib. Layihənin bağlanış tədbirinə “Azərbaycan müəllimi” də qatılıb. Tədbirdə layihənin iştirakçıları, təlimçilər və nazirlik rəsmiləri iştirak ediblər.
Həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanan təlimlər, praktiki məşğələlər və real situasiyalar üzərində işlədilər
Layihə Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində reallaşdırılıb. Layihənin koordinatoru Sənan Mahmudov qarşılarına qoyulan əsas məqsədlərdən danışıb. Onun sözlərinə görə, layihə məktəb rəhbərləri və təhsil menecerlərinə idarəetmə, liderlik, strateji planlaşdırma və innovativ qərarvermə bacarıqlarının inkişafına yönələn müasir təhsil idarəçiliyi yanaşmaları, yerli və beynəlxalq təcrübəyə əsaslanan təlimlər, praktiki məşğələlər və real situasiyalar üzərində iş imkanları verib.
“İlk olmaq çətin olur”, - deyən Sənan Mahmudovun sözlərinə görə, bu layihə də bir ilk idi. O ümid etdiyini bildirib ki, başladıqları işin davamı olacaq: “Başladığımız başqa layihə üçün yaradılan qruplar da fəaliyyətlərinə davam edəcək”.
“Başladığımız işi davam etdirməyə də hazırıq”
“Təhsil” Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov layihənin ərsəyə gəlməsinə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib. Proseslə bağlı məlumat verərək deyib ki, layihə üzrə təlimlərə aprelin 12-dən başlanılıb və son ustad dərsi iyulun 6-da keçirilib. Təşkilat sədri bildirib ki, təhsil idarəçiləri üçün keçirilən təlimlər onların bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edib:
“Bu layihə vasitəsi ilə təhsil idarəçilərinin işinə fayda vermək istədik. 37 iştirakçımız oldu. Onlar burada qazandıqları bilikləri həm öz, həm də başqa məktəblərdə çalışan həmkarlarına ötürə bilərlər: “Gələcəkdə nəticə qaneedici olarsa, başladığımız işi davam etdirməyə də hazırıq”.
M.Ağalarov qeyd edib ki, layihə çərçivəsində beynəlxalq və yerli ekspertlərin təlimləri reallaşdırılıb: “Türkiyə və Azərbaycanda nüfuzlu şəxslərin ustad dərsləri, təlimlər, görüşlər keçirilib”.
Müəllimlər layihədən əlavə “Code Academy”dən də sertifikat alıblar. “Layihə çərçivəsində “Code Academy” “Müəllimlər üçün süni intellekt” təlimi də keçirib: “Layihəyə qatılan təhsil idarəçiləri uzun illər işləyən, hər biri təhsil sahəsində peşəkarlaşan şəxslərdir. Bizim təlimlər onların bu bacarıqlarını inkişaf etdirmək yönündə idi”.
“Məqsədimiz o idi ki, müəllimlər, təhsil liderləri üçün maraqlı məzmunda faydalı layihələr ortaya çıxsın”
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev isə müəllimlər üçün bir neçə ildir ki, qrant layihələrinin həyata keçirdiyini vurğulayıb.
O bu istiqamətdə qurumun başlıca hədəflərindən danışıb: “Qeyri-hökumət təşkilatlarından qrant müsabiqələrinə bizim ümumi xəttə uyğun, arzuladığımız istiqamətlər üzrə layihə təqdim etmələrini xahiş etdik. Məqsədimiz o idi ki, müəllimlər, təhsil liderləri üçün maraqlı məzmunda faydalı layihələr ortaya çıxsın”.
Nazirliyin şöbə müdiri ümid etdiyini bildirib ki, bu layihə təhsil liderləri üçün faydalı olub:
“Sosial media vasitəsilə təlimləri izləyirdim. Görünən odur ki, məktəb rəhbərlərindən bu təlimlərlə bağlı müsbət geridönüşlər gəlir. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Nazirlik olaraq bu cür təlimləri peşəkarların həyata keçirməsinə üstünlük veririk. Çünki təhsil çox önəmli, strateji istiqamətdir. Burada peşəkarlar çox olmalıdır. Həm ali təhsil müəssisələrimizdə, həm də dövlət proqramı ilə xaricdə təhsil alan məzunlarımız sayəsində təhsil idarəetməsində peşəkarların sayı gündən-günə artır. İstəyirik ki, təhsil təşkilatları icmanı toplayıb həmin peşəkarlarla görüşsün, çünki hər iki tərəfin buna ehtiyacı var”.
Layihə iştirakçılarına sertifikat
Sonda imtahan nəticələrinə əsasən layihə iştirakçılarının balları elan olunub. 90-dan yuxarı bal toplayan məktəb idarəçilərinin hər birinə sertifikat təqdim edilib.
Sertifikatların təqdimatı zamanı iştirakçılar bəzi özəlliklərinə görə fərqləndirildi. Fərqlənənlərdən biri də Bakı şəhəri 17 nömrəli məktəbin direktor müavini Elmira Ağayeva idi. O, öz təqdimatının dizaynı ilə fərqlənib.
Hazırda məktəbdə fəaliyyətinə müəllim kimi davam edən ibtidai sinif müəllimi “Azərbaycan müəllimi”nə bildirib ki, layihədə həvəslə iştirak edib: “Mənim üçün çox faydalı oldu, öyrəndiyim çox oldu, öyrəndiklərimi həmkarlarımla dərhal paylaşmağa çalışdım”.
Heç vaxt öyrənməkdən çəkinmədiyini bildirən Elmira müəllim yeniliklərin, maraqlı layihələrin hər zaman onu cəlb etdiyini deyib:
“Birinci növbədə, layihənin adında məni “MBA” xüsusilə cəlb etdi. Bilirəm ki, MBA daha geniş mövzuları əhatə edir. Məsələn, buraya liderlik, idarəetmə, biznes daxildir. İndiyədək keçdiyim təlimlərdən bilirəm ki, bu cür təlimlərin töhfəsi daha böyük ola bilər. “Təhsil cəmiyəti” İctimai Birliyi ilə də əvvəlki layihələrdə əməkdaşlığımız olub. Onların oxuyub anlama ilə bağlı qrant layihələrində ekspert, hazırlanan metodik vəsaitinin həmmüəllifi olmuşam. “Təhsil cəmiyyəti”nə etimadım böyükdür”.
Düşündüyü kimi də olub. Elmira müəllim bu layihə sayəsində bir sıra bacarıqlarının fərqinə varıb: “Elə bilirdim ki, maliyyə məsələləri ilə bağlı təsəvvürüm yoxdu, layihə çərçivəsində keçirilən təlimlərdə fəaliyyətim bunun əksini üzə çıxartdı. Liderliklə bağlı isə mənə böyük qatqıları oldu”.
“Qazandığımız bilik və təcrübələr cəmiyyətimizə daha böyük töhfələr verməyimizdə mühüm rol oynayacaq”
Bakıdakı 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Çinarə Kazımova deyib ki, bu proqram ona təhsil idarəçiliyi, liderlik və strateji planlaşdırma sahələrində bilik və bacarıqlarımı daha da inkişaf etdirmək imkanı yaratdı. Onun fikrincə, yeni bilik və bacarıqlar qazanmaq, əməkdaşlıq mühitində öyrənmək və əldə etdiklərini təhsilin inkişafına yönəltmək hər bir təhsil işçisi üçün əvəzolunmaz fürsətdir: “Peşəkar mütəxəssislər Samirə Hacıyevadan “Məktəb liderliyi”, Müzəffər İsmayılovdan “Məktəb idarəetmə sistemləri”, Azadə Hacıyevadan “İnsan resurslarının idarə olunması”, Tofiq Əhmədovdan “Strateji planlaşdırma və innovativ idarəetmə”, Elxan Qurbanlıdan “Simulyasiya və idarəetmə ssenariləri”, Sevda İbrahimovadan “Təhsil keyfiyyətinin ölçülməsi və izlənilməsi alətləri”, Lamiyə Əliyevadan “Kommunikasiya və ictimai iştirakçılıq”, Sənan Mahmudovdan “Oyunlaşdırma (Gamification) əsaslı öyrənmə”, Vüsal Həsənovdan “Maliyyə və digər resursların səmərəli idarə olunması” kimi mövzularda çox maraqlı şeylər öyrəndim. Proqram çərçivəsində ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, professor Fariz İsmayılzadə ilə keçirilən ustad dərsi xüsusən əhəmiyyətli idi. Qarabağ Universiteti Klinikasının direktor müavini, Tibb elmləri və sağlamlıq fakültəsinin dekan müavini, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov, millət vəkili Şahin Seyidzadə, professor Cengiz Hakan Aydın, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Böyük Britaniyanın Bristol Universitetində doktorantura tədqiqatçısı Lalə müəllim, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər heyəti ilə görüşlərimiz, faydalı fikir mübadilələrimiz oldu. Əminəm ki, proqram müddətində qazandığımız bilik və təcrübələr gələcək fəaliyyətimizdə, rəhbərlik etdiyimiz təhsil müəssisələrinin inkişafında və cəmiyyətimizə daha böyük töhfələr verməyimizdə mühüm rol oynayacaq”.
Layihədə ən yüksək bal toplayan Bakı şəhər 217 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimova deyib ki, bu layihənin birincilik qazanan məzunu kimi özünü çox xoşbəxt hiss edir:
“Ucqar kənd məktəbində layihələrim olub, özüm də müxtəlif layihələrə qoşulmuşam. Məsələn, “Oxumaq heç vaxt gec deyil” adlı layihəm kənddə təhsilsiz valideynlərin ali məktəblərə ödənişsiz hazırlanması ilə bağlı idi. Bu layihədə müsbət nəticəmiz də olub, həmin valideynlərdən hazırda tələbə olanlar da var. Hətta uşaq evlərindəki qızlarımızın təhsilə cəlb edilməsi ilə bağlı təşəbbüsüm olub. Qrant müsabiqələrində də qalib olmuşam, hətta 4 dəfə ölkə birincisi olmuşam. Hər zaman öz üzərimdə işləmişəm, inkişaf etməyə çalışmışam. Fikrimcə, bir müəllim, məktəb idarəetməsində iştirak edən şəxs daim öz üzərində çalışmalıdır. Layihəni görən kimi bu baxımdan mənə faydalı olacağını düşündüm. Xüsusən məktəb idarəetməsindəki bacarıqlarımın artması baxımından faydalana biləcəyim layihələrdən olduğu qənaətindəyəm. Çünki layihə müddətində bir-birindən maraqlı, faydalı, inkişafıma səbəb olacaq çoxlu təlimlər, ustad dərsləri keçirildi. Müasir dövrdə idarəetmə sahəsində vacib bacarıqlar, məktəb rəhbərində tələb edilən keyfiyyətlər barədə ustad dərslərində maraqlı məlumatlar əldə etdik”.
Foto: Kənan Qafarov




