“Təhsil müəssisələrinə qarşı yönələn neqativliyin heç bir əsası yoxdur” - Məzahir Əfəndiyev
“Bu gün ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmuş milli təhsil sisteminin inkişafı, o cümlədən təhsil müəssisələrində daxili nizam-intizamın gücləndirilməsi və gənc nəslin sağlam ruhda, vətənpərvər mühitdə yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son dövrlərdə ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim forması, təhsilverənlər üçün isə işgüzar üslub tələblərinin Nazirlər Kabinetinin Azərbaycan Konstitusiyasına əsaslanaraq təsdiq etdiyi qərarla tənzimlənməsi bu sahədə aparılan islahatların mühüm tərkib hissəsidir”.
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, təhsil ocaqlarında həm şagirdlər, həm də müəllimlər üçün müəyyənləşdirilən geyim qaydaları sağlam, intizamlı və işgüzar mühitin formalaşmasına xidmət edir:
“Bu standartlar məktəbin statusuna uyğun olaraq tədris prosesinin ciddiliyini və məsuliyyətini ön plana çıxarır. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin geyim vasitəsilə büruzə verilməsinin qarşısını alan effektiv mexanizmdir.
“Ümumi təhsil haqqında” Qanuna əsasən, ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir. Qəbul edilən qərarlar və tətbiq olunan qaydalar məhz təhsilin dünyəvi xarakterinin qorunmasına və yeni çağırışlara uyğun beynəlxalq qabaqcıl təcrübəyə əsaslanır. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, vətəndaşların dini etiqad azadlığına hər zaman yüksək həssaslıqla yanaşır. Ölkəmizdə islam dininə, milli-mənəvi irsimizə, məscidlərin bərpasına, dini təhsilə və din xadimlərinə dövlət səviyyəsində göstərilən misilsiz qayğı hər kəsə məlumdur. İnsanların istədikləri dini seçmək hüququ hər birimiz üçün qanunların aliliyini təmin edən Konstitusiyamızda əks olunub. Lakin qanunvericiliyə uyğun olaraq, dövlət məktəbləri siyasi və dini təsirlərdən kənar, universal bilik ocağı olaraq qalmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin qorunması da xüsusi əhəmiyyət kəsb edir. Bəzi xarici mərkəzlər və onların idarə etdiyi resurslar müxtəlif vasitələrlə cəmiyyətimizdə süni narazılıqlar yaratmağa, xüsusilə dəhşətli ideoloji təsirlərlə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları hədəfə almağa çalışırlar”.
Deputat vurğulayıb ki, istənilən müzakirə olunan məsələ və ya fikir ayrılığı yalnız sivil müstəvidə, qanunvericiliyin çərçivəsində həllini tapmalıdır:
“Son zamanlarda təhsil müəssisələrinə qarşı yönələn neqativ halların, əmlaka zərər vurulması cəhdlərinin heç bir hüquqi və ya mənəvi əsası yoxdur. Cəmiyyət olaraq hər zaman dövlətçilik prinsiplərinə, qanunun aliliyinə hörmət göstərməli və gənc nəsillərimizi hər cür yad təsirlərdən birlikdə qorumalıyıq. Bu gün müstəqil dövlətimiz yaşadıqca müdrik xalqımız ümumbəşəri dəyərlərin əks olunduğu Azərbaycan Konstitusiyası və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfəsini verəcək”.




