Təhsil TV-yə yeni direktor təyin edilib

10 İyul, 2026 - 11:11
Təhsil TV-yə yeni direktor təyin edilib

Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.

Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Bəhruz Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan “Təhsil” televiziyası 2015-ci ildən fəaliyyətə başlayıb, 2021-ci ildə isə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınıb. Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə televiziyaya peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. 

Təhsil TV təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən media platformasıdır.