Təhsilə həsr olunmuş ömür

25 May, 2026 - 09:31
Təhsilə həsr olunmuş ömür

Bu gün mən sizə bu yaxınlarda Xalq Təhsili Muzeyində 170  illik yubileyini qeyd etdiyimiz, Azərbaycanın ilk maarifçi qadınlarından biri olan, Hənifə xanım Məlikova – Abayeva haqqında yazmaq istəyirəm.

Hənifə xanım Abayeva 5 may 1856-cı ildə Ter vilayətinin Nalçik şəhərində, türkdilli balkar zadəganlarından birinin ailəsində anadan olmuşdur. O, Tiflisdə 1872-ci ildə "Müqəddəs Nina" qız məktəbində təhsil almışdır. Elə Həsən bəy Zərdabi ilə də Tiflisdə tanış olmuş,tale elə gətirmişdi ki, o, böyük maariçi Həsən bəy Zərdabi ilə ailə həyatı qurmuşdu. Həsən bəyin 1875-1877-ci illərdə çap etdirdiyi "Əkinçi" qəzetinin nəşrində Hənifə xanım da fəal iştirak etmişdir. O, Həsən bəy Zərdabi ilə Zərdabda yaşadığı dövrdə, 1881-ci ildə öz mənzilində məktəb  açaraq, qadınlara elm və savad, yazıb-oxumaq və rus dili öyrədirdi.

Savadsızlığın,cəhalətin hökm sürdüyü kəndlərdə ev-ev gəzərək qadınlara yazıb-oxumaq öyrətməklə yanaşı biçib-tikmək və tibbi maarifləndirmə işi ilə də məşğul olurdu. Hənifə xanım çox hərtərəfli, bacarıqlı qadın idi. O, həm də, kənddəki uşaqları peyvənd edir, insanlara gigiyena və saglamliqla bağlı məlumatlar verirdi. Özünün rus dilindən tərcümə etdiyi nağılları uşaqlara danışırdı. Sonralar bəzi təqib və təzyiqlərə məruz qalaraq, ailəsi ilə birlikdə Bakıya köçüb maarifçilik fəaliyyətini dayandırmadan, əzmlə davam etdirməyə başlayır.

Hənifə xanım Bakıdakı “Nicat” cəmiyyətinin bir şöbəsi kimi qadınların ilk təşkilatı bölməsinin yaradıcısı olmuşdur. Həmin təşkilat tezliklə Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım öz proqramında Müsəlman Qadın Xeyriyyə Cəmiyyətində təhsillə yanaşı, qadınları müxtəlif istiqamətlərdə inkişaf etdirmək üçün planlar hazırlamışdı.


Hənifə xanım və Həsən bəy Zərdabi  Bakıda qızlar üçün pansionat tipli məktəb açmaq, qızların təhsil almasına şərait yaratmaq istəyirdi. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi və təşəbbüsü ilə, Həsən bəy Zərdabinin də dəstəyi ilə Bakıda rus-müsəlman qızlar üçün məktəb  inşa edilir. 1901-ci il sentyabrın 7-də burada dərslər başlayır. Rus-müsəlman qız məktəbinin 1901-1905-ci illərdə ilk müdirəsi də elə Hənifə xanım özü olur. Müsəlman qız övladlarının savadlanması və tətbiyəsində onun çox böyük rolu olmuşdur. Daha sonra isə o,1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışmışdır.

Bolşeviklərin işğalından sonra Hənifə xanımın da ailəsi bir sıra təzyiq və təqiblərə məruz qalır. Dörd uşaq anası olan bu nisgilli qadının övladları vətəndən didərgin düşürlər. Oğlanları barədə indiyə qədər heç bir məlumat yoxdur. Əlimərdan bəy Topçubaşovla ailə quran böyük qızı Pəri xanım mühacirətdə dünyasını dəyişib. Digər qızı Qərib Soltan isə Bakıda müəllimlik fəaliyyəti lə məşğul olmuşdur.

Sovet hakimiyyəti illərində də Hənifə xanım pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışaraq, təhsil sisteminin qurulması və inkişafına öz töhfələrini vermişdir.

Onun maarifçilik və ictimai fəaliyyəti ölkəmizdə geniş yayılmışdı. Həyatı əziyyət və bəzən də çətinliklərlə dolu olan bu güclu qadın heç vaxt mübarizədən yorulmurdu. O, deyirdi: "Həyatımın məqsədi–bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır".

Azərbaycan maarifi və mədəniyyəti tarixində dərin və unudulmaz iz qoymuş Hənifə xanım Məlikovanın həyatı və çalışqanlığı bir çox qadınlar üçün örnək olmuşdur.

Hənifə xanım Məlikova 1929-cu ildə Bakı şəhərində vəfat edib,şəhər qəbiristanlığında dəfn olunub,sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarına köçürülüb.

Onu da qeyd edim ki, Xalq Təhsili Muzeyinin əməkdaşları olaraq, Hənifə xanım Məlikovanın və digər maarifçi qadınların yubiley və xatirə günlərini heç zaman unutmur, tez-tez sərgi və tədbirlər keçiririk. Onlara aid sənəd və materiallar, fotoşəkillər muzeyin ekspozisiyasında nümayiş etdirilir və qorunur.

Ruxsarə Məmmədova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri