“Tələbə mübadiləsi hər iki tərəf üçün vacibdir” – Emin Əmrullayev

16 Oktyabr, 2026 - 11:17
“Tələbə mübadiləsi hər iki tərəf üçün vacibdir”

“Xüsusilə qeyd etmək istəyərdim ki, bundan əvvəlki dövrdə də, indi də tədqiqat layihələrinə çox ciddi diqqət yetiririk. Artıq Azərbaycan və Özbəkistan arasında birgə tədqiqat layihələrinə başlanılıb. İnanıram ki, bu sahədə əməkdaşlığımızın inkişafı üçün böyük potensial var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə birgə fəaliyyət genişləndirilməli, belə forumlar isə əməkdaşlığın inkişafına töhfə verməlidir.
“Eyni zamanda, qeyd etmək istərdim ki, ümumi təhsil sahəsində də birgə proqram nəzərdə tutulub. Hazırda birgə layihənin həyata keçirildiyi məktəbdə öz torpaqlarına qayıtmış 500-dən çox azərbaycanlı uşaq təhsil alır. Bu məktəb ölkəmizin ən gözəl məktəblərindən biridir. Bununla yanaşı, qarşılıqlı mədəni mübadilənin artırılması da, məncə, olduqca vacibdir”.

Nazir qeyd edib ki, Özbəkistanın pedaqoji universitetlərindən özbək dilinin tədrisi ilə bağlı mütəxəssislərin göndərilməsi yaxşı olardı.

“Eyni zamanda, təhsil sahəsində çox yaxşı təcrübə mübadiləmiz var. Daşkənd şəhərində müəllimlərin peşəkarlığının artırılması üçün belə bir mərkəzin yaradılması iki ölkənin təhsil sahəsindəki münasibətlərini daha da intensivləşdirə bilər.

Xüsusilə qeyd etmək istərdim ki, Özbəkistanda da azərbaycanlı tələbələr təhsil alırlar. Bu sayın artırılması, məncə, hər iki tərəf üçün birmənalı olaraq vacibdir.

Bakı, Daşkənd, Səmərqənd, Qarabağ, Naxçıvan, Buxara və digər regionlar üzrə tələbə mübadiləsinin aparılması tələbələrimiz üçün əla fürsətdir. Tələbələrimiz qarşılıqlı mübadilə əsasında təhsil ala bilərlər. Bunun üçün mütləq uzunmüddətli təhsil proqramlarının olması vacib deyil. Proqramlar üç aylıq, altı aylıq və ya birillik ola bilər.

Məncə, işin mahiyyəti Azərbaycanda Özbəkistanı, Özbəkistanda isə Azərbaycanı daha yaxından tanımaqdır. İnkişafın ən maraqlı dövrlərindən biri olan gənclik illərində insanlar arasında qarşılıqlı münasibətlərin formalaşdırılması vacibdir. Düşünürəm ki, ali təhsil müəssisələrimizdə hansı birgə mübadilə proqramlarını ən qısa zamanda həyata keçirə biləcəyimizi müəyyənləşdirməliyik”.