Tələbələr üçün nəqliyyat güzəştləri olsun - Deputat
Təhsil tələbə kreditləri gənclərin ali təhsil xərclərinin qarşılanmasına dəstək məqsədilə tətbiq olunan mexanizmlərdən biridir. Bu kreditlərdən yararlanmaq üçün müəyyən edilmiş şərtlər və meyarlar mövcuddur.
Bəs aztəminatlı və sosial həssas ailələrdən olan tələbələrin təhsillərini davam etdirmələri üçün daha hansı dəstək imkanları yaradıla bilər?
“Azərbaycan müəllimi”nə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, təhsil tələbə kreditləri gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli mexanizmdir. Bununla yanaşı, mövcud dəstəyin əhatə dairəsinin daha da genişləndirilməsinə ehtiyac var:
“Burada əsas məsələ ailənin yalnız sosial statusu və ya valideynlərin işləyib-işləməməsi ilə məhdudlaşmamalıdır. Çünki valideynin işləməsi hələ ailənin maddi baxımdan imkanlı olması demək deyil. Ailənin gəliri, ailə üzvlərinin sayı, himayəsində olan şəxslər, eyni vaxtda təhsil alan övladların sayı və digər sosial yük nəzərə alınmalıdır”.
E.Akimova xatırladıb ki, sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında da bu məsələyə diqqət çəkib:
“Mən hesab edirəm ki, təhsil tələbə kreditlərinin müəyyənləşdirilməsi zamanı ailənin real gəlirinə və adambaşına düşən gəlir göstəricisinə daha çox əhəmiyyət verilməlidir. Belə yanaşma həqiqətən ehtiyacı olan ailələrin dövlət dəstəyindən kənarda qalmasının qarşısını ala bilər. Burada məqsəd güzəştləri mexaniki şəkildə artırmaq deyil, dövlət dəstəyini daha dəqiq ünvanlamaqdır”.
Deputatın sözlərinə görə, ailələrin maddi imkanlarının qiymətləndirilməsində onların zəruri xərclərinin də nəzərə alınması vacibdir:
“Məsələn, iki valideynin işlədiyi, lakin ailədə bir neçə övladın təhsil aldığı, kirayə və digər zəruri xərclərin yüksək olduğu ailə ilə yüksək gəlirli ailəni eyni meyarla qiymətləndirmək doğru olmazdı”.
E.Akimova tələbələrin təhsilini davam etdirməsinə kömək edəcək əlavə imkanların yaradılmasını da məqsədəuyğun hesab edir:
“Universitetlərdə ehtiyacı olan tələbələr üçün yarımştat iş imkanlarının artırılması, akademik göstəriciləri yüksək olan tələbələrə əlavə təqaüdlərin verilməsi, yataqxana imkanlarının genişləndirilməsi və nəqliyyat güzəştlərinin tətbiqi bu istiqamətdə faydalı addımlar ola bilər. Belə imkanlar tələbənin həm təhsilini davam etdirməsinə, həm də ailəsinin üzərinə düşən maliyyə yükünün azalmasına kömək edər”.
Deputat eyni zamanda parlament səviyyəsində də mövcud dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılmasını vacib sayır:
“Bu məsələnin aidiyyəti qurumlarla birlikdə daha geniş müzakirə olunmasını və mövcud meyarların real sosial vəziyyətə uyğun təkmilləşdirilməsini vacib hesab edirəm. Xüsusilə təhsil tələbə kreditlərinin verilməsi zamanı ailənin gəlir və xərclərinin daha obyektiv qiymətləndirilməsi üçün çevik mexanizmin yaradılması məqsədəuyğun olardı”.
E.Akimova onu da vurğulayıb ki, təhsil tələbə kreditləri yalnız maliyyə dəstəyi deyil, həm də insan kapitalının inkişafına yönəlmiş investisiyadır:
“Bu gün maddi imkanına görə təhsilini yarımçıq qoymayan gənc sabah ixtisaslı mütəxəssis kimi əmək bazarına daxil olur, öz ailəsinin və bütövlükdə cəmiyyətin rifahına töhfə verir. Əsas prinsipimiz belə olmalıdır: maddi vəziyyəti nə olursa-olsun, təhsil almaq potensialı və istəyi olan gəncin qarşısında imkan qapıları açıq qalmalıdır”.




