“Tələbələrim bizi səhv salırlar” – Bərdədə maraqlı əkiz hekayələri
Bir müddət əvvəl Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən hazırladığımız reportajı oxucularımıza təqdim etmişdik. Reportaj vaxtı öyrəndik ki, burada müxtəlif ixtisaslar üzrə təhsil alan 8 nəfər əkiz tələbə, həmçinin kollektivdə fəaliyyət göstərən 2 nəfər əkiz əməkdaş var.
"Azərbaycan müəllimi" Peşə Təhsil Mərkəzinin əkizləri ilə həmsöhbət olub.
İlk olaraq Mərkəzdə iqtisadçı kimi fəaliyyət göstərən Xəyal Muradzadə ilə söhbətə başlayırıq.
Xəyal Muradzadə 2001-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olub. Mingəçevir Dövlət Universitetini bitirib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2024-cü ilin sentyabr ayında keçirdiyi müsahibə mərhələsində iştirak edərək uğur qazanıb. Hazırda Bərdə Dövlət Peşə Təhsil Mərkəzində iqtisadçı vəzifəsində çalışır.
"Əkiz qardaşım və mənim Bərdə Dövlət Peşə Təhsil Mərkəzini seçməyimizin bir çox səbəbi var. Birinci növbədə peşə təhsilinə verilən dəyərin artması, əmək bazarına ixtisaslı kadrların hazırlanması və bu yolda bizim kimi gənclərə olan təlabatların artması və s.".
Maraqlı anlarından söz açan Xəyal müəllim deyir ki, uşaqlıqdan bu yana həyatının bütün anlarında əkizi yanında olub.
Məktəbdə müəllimlərimizin, hərbi xidmətdə komandirimizin, hətta mərkəzimizdəki kollektivin bizi ayırd edə bilməməsi hər zaman maraqlı anlara səbəb olur. Sonda onu qeyd etmək istəyirəm ki, səndən əlavə birinin də tam sənin kimi olması çox möhtəşəm bir hissdir!"
Xəyal müəllimin əkizi Röyal müəllimlə söhbətə davam edirik.
Röyal Muradzadə də Mingəçevir Dövlət Universitetini bitiririb. Qardaşı ilə bərabər həqiqi hərbi xidmətini bitirdikdən sonra bir müddət fərqli sahədə çalışıb. 2025-ci ilin sentyabrından isə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu” fənninin müəllimi vəzifəsində çalışır.
"Peşə Təhsil Mərkəzində ixtisasıma uyğun vakansiyanın olduğunu öyrəndim, MİQ müsabiqəsində yüksək nəticə göstərdim. Mən müəlliməm, qardaşım isə iqtisadçıdır, amma tələbələrim yenə də bizi səhv salırlar. Dəhlizdə qardaşıma yaxınlaşıb deyirlər:
- Müəllim, dünən dərsdə dediyiniz mövzu çox maraqlı idi.
Qardaşım isə gülümsəyib cavab verir:
- Çox sağ olun, amma mən bu gün dərs keçməmişəm.
Əkiz olmağın ən maraqlı tərəfi də budur: peşələr fərqli olsa belə, insanlar sizi yenə eyni adam zənn edirlər. Həm gülməli, həm də yaddaqalan əhvalatlar belə yaranır.
Anadan olandan bugünə qədər orta məktəbdə, universitetdə, hərbi xidmətdə və hazırda isə eyni müəssisədə əkizimlə birgə addımlayıram və bu, möhtəşəm bir hissdir".
Xəyal və Röyal qardaşları ilə söhbətimizi yekunlaşdırıb keçirik mərkəzin əkiz tələbələrindən olan Ləman və Rəvan Zeynalzadələrə.
Ləman və Rəvan 2008-ci ildə Bərdə rayon Əliyanlı kəndində anadan olublar.
Ləman “Baytarlıq və heyvandarlıq işi”, Rəvan isə “Elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik mantyoru” ixtisası üzrə mərkəzdə təhsil alırlar.
Ləman deyir ki, 2023-cü ildə 9-cu sinfi bitirdikdən sonra qardaşı ilk olaraq peşə təhsilinə yiyələnməyə qərar verib.
"Əvvəlcə Rəvan qəbul oldu, sonra isə mən. Düzünü desəm, ilk vaxtlar burada oxumağı istəmirdim. Amma indi deyirəm ki, nə yaxşı ki qəbul olmuşam! Bura bizə çox şey qazandırdı: yeni mühit, yeni insanlar, yeni müəllimlər.
Təhsilimizi bitirəndən sonra mən universitet təhsili almağı da düşünürəm, məndən fərqli olaraq qardaşım peşə təhlisini bitirdikdən sonra işləmək istəyir".
Növbəti əkiz tələbələr Fatimə və Zəhra Bağırovalardır.
Fatimə və Zəhra 2010-cu ildə Bərdədə dünya gəliblər.
Hər ikisi 1-ci kursda təhsil alır. Fatimə “Kimyəvi analiz laborantı”, Zəhra isə “Bitkiçilik” ixtisasını seçib.
Fatimə deyir ki, ən çox rəsm çəkməyi və toxuculuğu sevir, bacısı isə texnologiyaya meyillidir.
"Hər ikimiz peşə məktəbinə qəbul olmaq və buranın təhsilindən yararlanmaq, xüsusi fəaliyyətlərində iştirak etmək istəyirdik, düşünürəm ki, hələ yolun başlanğıcındayıq.
Mərkəzin təhsilinə çox güvənirdik və o güvənimiz itmədiyi üçün şadam".
Əkizlərdən digəri Zəhra burada çox maraqlı və yüksək səviyyəli öyrədici mühitin olmasından söz açır.
"Eyni ixtisasları seçmədik, çünki bir-birimizdən çox fərqliyik. Fatimə oxumaq baxımından məndən daha güclüdür, mən isə işdə daha aktivəm".
Növbəti əkizlər mərkəzin son kurs tələbələri olan Aygün və Ayşən Həsənzadələrdir. Aygün “Baytarlıq”, əkizi Ayşən isə “Mühasibatlıq” ixtisasında təhsil alır.
Ayşən təhsilin insanın dünyagörüşünü artırmasından, gələcəkdə peşəkar kadr kimi işləmək imkanı yaratmasından söz açır. A. Həsənzadə deyir ki, əkiz olmağın bir çox üstünlüklərindən də istifadə edirlər:
"Əkiz olmaq yaxşıdır. Üstünlüklərdən biri bir-birimizin əvəzinə dərslərdə iştirak edə bilməyimizdir. Amma hər ikimiz eyni gündə xəstələnirik, bu bizim üçün mənfi cəhətdir".
Aygün Həsənzadə ad günlərində tələbə olduqları xəbərini aldığını bildirir. Bu da ad günlərini lap yaddaqalan edib.
"Bizi əksər hallarda məktəbdə səhv salırlar.
Əslində maraqlıdır. Təsəvvür edin, eyni simalı insandan iki nəfər var. Bu qarışıqlıq təkcə tələbə yoldaşlarımızda deyil, müəllimlərimizdə də olur. Hətta şagird vaxtı bundan istifadə edib bir-birimizin əvəzindən dərs danışırdıq".
Mərkəzin daha 2 əkizi var: Elman və Yunis qardaşları.
Elman və Yunis Qurbanzadələr 2008-ci ildə Bərdədə dünyaya gəliblər.
İkinci kurs tələbəsi olan qardaşlar ikisi də eyni – “Geniş profilli traktorçu maşinist- təmirçi-çilingər” ixtisası üzrə təhsil alırlar.
Elman onlara növbə gələnə qədər əkizlərin hansı üstünlüklərə malik olduğundan danışıldığını bildirir. Bu üstünlüklərdən özlərinin də istifadə etdiyini deməyi də unutmur.
"Qardaşımla peşə təhsilimizin 2-ci ilindəyik. Düşünürəm ki, burada yiyələndiyimiz bilikər bizə gələcəkdə böyük dəstək olacaq, peşəkar kadr kimi yetişdirəcək. Təhsil aldığımız mərkəz bizə yeni mühit, yeni tanışlıqlar qazandırdı. Əkizimin olmağı həm maraqlıdır, həm də fərqli. Düşünün hansı məkanda olmağımızdan asılı olmayaraq bizi fərqləndirməkdə çətinlik çəkirlər və hər dəfə yenidən özümüzü təqdim edirik. Səmimi etiraf edim: yanlış təqdimatlar etdiyimiz vaxtlarda az olmayıb".



